ABŞ-ın 2026-cı il FIFA Dünya Kubokunda iştirak edəcək İran Milli Futbol Komandasının bəzi texniki və inzibati heyət üzvlərinə hələ də viza vermədiyi bildirilib.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, İranın yarı rəsmi "Fars" Xəbər Agentliyinin yaydığı məlumata görə, rəsmi Vaşinqton milli komandanın bəzi üzvlərinin viza müraciətlərini hələ də təsdiqləməyib. İran Milli Futbol Komandası viza prosedurları üçün ABŞ-nin Ankara Böyükelçiliyinə müraciət etmişdi.
Digər tərəfdən, ABŞ-ın Ankaradakı səfiri Tom Barrak bəzi beynəlxalq media qurumlarının "İran komandasına viza verildi" xəbərlərinə istinadən sosial media hesabında paylaşım edərək, futbolçuların viza prosesinin uğurla tamamlandığını qeyd edib.
Lakin İran tərəfi futbolçulardan əlavə, komandanın əhəmiyyətli bir hissəsini təşkil edən rəhbərlik, məşqçilər heyəti və texniki məsləhətçilərin viza ala bilmədiyini vurğulayıb.
Xatırladaq ki, ABŞ, Kanada və Meksikanın ortaq ev sahibliyi edəcəyi 2026-cı il Dünya Kuboku iyunun 11-də başlayacaq. G qrupunda yer alan İran komandası qrup oyunlarını ABŞ-ın Los-Anceles və Sietl şəhərlərində keçirəcək.
Bizim.Media



































































































