Bir gün gələcək bütün yollar dağlar piri Savalana gedəcək- Əbülfəz Elçibəy

Hazırda oxunan: Bir gün gələcək bütün yollar dağlar piri Savalana gedəcək- Əbülfəz Elçibəy

52904

2008- ci ilin isti yay günlərindən biri , daha dəqiq ifadə etsəm iyulun 4-də o qutsal ziyarəti mən də yaşadım.

Təxminən 30 nəfərlik qrupumuzla Tehrandan Ərdəbilə doğru yola düşdük. Yarım gün  Sümərində qaldıqdan sonra oradan da Şabilə doğru hərəkət etdik. Gecə saatlarında həmin istiqamətdə yerləşdiyimiz sonuncu sığınacaqdan Savalanın zirvəsinə doğru yol aldıq. Etiraf edim ki, dostlarımızdan fərqli olaraq dağa çıxmaq üçün yetəri qədər hazırlığım yox idi. 4000 metri keçəndən sonra bu daha çox özünü göstərirdi. Zirvə çox yaxın görünsə də irəlidə hələ 810 metrimiz qalirdı. Savalanın zirvəsinə doğru çığırlar qarla örtülü olduğu üçün  bu cıxmaq üçün durumu bir az da çətinləşdirirdi. Amma hər dəfə başımı qaldırıb zirvəyə baxdıqca sanki güc alırdım. Və o güc millətimiz üçün müqəddəs sayılan Savalan dağının zirvəsinə qədər məni müşayiət etdi.

Artıq Əfzələddin Xaqaninin “Səadət qibləsi” adlandırdığı o əzəmətli dağın zirvəsindəydim. Dostlarımızla “Ziyarətimiz qəbul olsun !” deyib qucaqlaşırdıq o anlarda.. Bizi bu zirvəyə daşıyan gücə minnətdar idik. Bizi bu zirvəyə daşıyan o müqəddəs ruha minnətdar idik hemin anlarda...

  21-ci əsrin başlanğıcında İrandakı siyasi atmosferdə nisbi yumşalmanın yaranması ilə 100 minlərlə soydaşımız vaxtilə ideya müəllifi mərhum tarixçimiz Məhəmməd Təqi Zehtabinin olduğu Babək qalasına yürüşə çıxdılar.  22 il  ərəb xilafətinə qarşı mübarizə aparan qəhrəmanımızın doğum gününü qutlamaq üçün təxminən 4 il ərzində (2002 ci ildən 2005 ci ilədək) hər il iyulun 1-də( tir ayının 10-u) Kəleybər mahalı böyük insan selinin şahidi idi. Bəzi mənbələrdə Bəzz kimi qeyd olunan , xalqın isə Babək qalası adlandırdığı bu tikili bəlkə də inşa olunduğu andan bu canlı əzəməti görməmişdi. 

   Mən sonuncu dəfə 2005-ci ildə qalaya getdim və sonra...Ölkədə yaranan yeni siyasi ab-hava qalanın da yolunu bağladı, Kəleybərə qoşun briqadaları yerləşdirildi və qalanın ətrafı hərbi təlim zonası elan olundu. Məktəbindən, köklü mədəniyyətini inkişaf etdirməkdən məhrum edilən, özgə tarixilə bəslənən bir millətə ilin yalnız bir günündə Babək qalasına qalxıb anasının dilində şer,mahnı söyləməyi də çox gördülər. Elə o tarixdən də millətimin kütləvi Savalan yolçuluğu başlandı...

Kimi həmin təqvim günündə, kimi də Quzey Azərbaycanda milli azadlıq hərəkatının lideri, Bütövlük məfkurəsinin memarı Əbülfəz Elçibəyin əbədiyyətə qovuşduğu gündə o zirvəyə doğru yola düşdü. Və həmin ənənə bu gün də davam edir. “ Savalan Azərbaycanın göylərdən nur olan tacıdır” deyirdi ölməz Elçibəy.  Məhz Onun torpağa tapşırıldığı 22 avqust günü  də Güney insanı üçün “ Savalanı ziyarət günü” kimi müqəddəslik qazandı.

Amma di gəl , şəhərindən qalasına , qalasından dağına didərgin salınan millətə dağında belə dinclik verilirmi?

Ötən həftə Savalan yolçuluğuna çıxan guneyli soydaşlarımızın həbs olunması rejimin insanımıza olan rəftarını bir daha açıq-aşkar sərgilədi. Aldığımız xəbərlərə görə Savalanın zirvəsinə cıxmaq üçün yola düşən soydaşlarımızın dağa çıxmasına təhlükəsizlik qüvvələri tərəfindən mane olunmuş, maneəni yarıb dağa doğru istiqamət alan soydaşlarımız elə dağın ətəklərindəcə həbs edilmişlər. Elə bu yazını yazarkən də izlədiyim xəbərlərdə onlara qarşı təzyiqlərin edildiyindən bəhs edilir. Bir dağ yolçuluğu gerçəkdənmi Tehran rejimi üçün bu qədər “xətərsaz” görünür?!

  Yaxşı bilirik ki, dağlar hər zaman bizim üçün müqəddəs sayılmışdır. Peyğəmbərlərimiz vəhy üçün , şeyxlər, övliyalar xalqın güzaranının yaxşılaşması, təbii fəlakətlərlərdən qurtulmaq üçün tanrıya dua, raz-niyaz etmək, imdad diləmək üçün dağlara qalxmış, şairlərimiz millətin dərdlərini dağlara deyərək ondan nicat diləmişlər.

Elə isə dağların yolunu kəsmək peyğəmbərlərin, övliyaların yolunu kəsmək anlamindadir məncə.. Bir halda ki, o dağ,  adına Dahi Nizaminin də Xəmsəsində işarə olunan Xizir Peyğəmbərin qeybə çəkildiyi Savalan ola. Əfsanələrə görə Xızır Peyğəmbər  Savalan Dağında olan "Dirilik Suyu"nu içib əbədiyaşarlıq qazanıb. Rəvayətlərdə deyilir ki, Xızır Peyğəmbər Savalan dağında bir mağaraya girib, atını çəmənliyə ötürüb, özü isə qeybə çəkilib. Savalan dağı haqqında tarixi mənbələrdə və dini rəvayətlərdə onlarla və bəlkə də yüzlərlə məlumatlara rast gəlmək olar. Savalan gerçək bir müqəddəslik rəmzidir və bu müqəddəslik zamanla daha da geniş kütləni öz ağuşuna alır. Necə ki, Əbülfəz bəy də “ Bir gün gələcək Savalan milyon milyon insanın ziyarət məbədi, and yeri,inanc qaynağı olacaq!” demişdi. Elə isə  qoy, “ Azadlıq sevdası daşıyanlara Savalan ziyarəti qismət olsun!”.

 

Rüfət Muradlı

20 avqust 2014 cü il

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin