Ümid Partiyasının Mərkəzi qərargahında Ümid Partiyasının sədri. millət vəkili İqbal Ağazadə Beynəlxalq Jurnalistlər Federasiyasının baş katibin müavini Oliver Krly və nümayəndə heyətini qəbul edib.
Moderator.az xəbər verir ki, görüşdə qonaqlar təşkilatın fəaliyyəti, gördüyü
işlər və Azərbaycana gəlişlərinin səbəbini açıqlayıblar.
Qeyd olunub ki, Beynəlxalq Jurnalistlər Federasiyası dünyanın
170-dən çox ölkəsində özünün bölmələrini yaradıb. Bütün dünyada jurnalist həmkarlar
ittifaqları ilə əməkdaşlıq edir. Jurnalistlərin təhlükəsizliyinin qorunması və
iş şəraitinin yaxşılaşdırılması, əmək hüquqlarının qorunması istiqamətində fəaliyyət göstərir.
Azərbaycanda
olduqları müddətdə də bir sıra QHT, qəzet redaktorları, mətbuatla işləyən hökumət
qurumları və parlament nümayəndələri ilə görüşərək Azərbaycanda medianın durumu
ilə yaxından maraqlanıblar.
“Ölkənin
daxilində jurnalistlər üçün oturuşmuş media institutları və iş yerləri
olmalıdır. Bizim belə bir şüarımız var ki, korrupsiyaya uğramış ölkələrdə azad
media ola bilməz. Həmçinin, jurnalistlərin işlədiyi müəssisələrdə onların iş şərtlərini
əks etdirən müqavilə olmalıdır”- deyə O.Krly bildirib.
O.Krly
deyib ki, hər hansı bir ölkədə azad, professional jurnalist hərəkatının
yaradılması üçün yaxşı media qanunlarının olması vacibdir. BJF-in əsas məqsədi
jurnalistlərin təhlükəsizliyinin qorunması və onların əmək haqlarının təmin
edilməsidir. Biz buna jurnalistlərin həmrəyliyi və BJF-nin təşkilatlanması yolu
ilə nail oluruq. BJF üzvlərsiz heç nəyə nail ola bilməz. Buna görə də hər bir
ölkəyə güclü və oturuşmuş jurnalist həmkarlar təşkilatı lazımdır. Bu məhz jurnalistlərin
fəaliyyətindən asılıdır və onlar bunu güclü edə bilər.
Bundan
əvvəl də Azərbaycanda “ Etik peşə
qaydaları ” adlı layihə həyata keçirdiklərini qeyd edən qonaqlar, jurnalist həmkarlar
ittifaqının gücləndirilməsi, yoxsa yaradılması istiqamətində 3 illik layihənin
icra olunması üçün Azərbaycanda olduqlarını bildirdilər.
Əlavə
olaraq qeyd olundu ki, demokratiyaya nail olmaq üçün güclü medianın olması
vacibdir. Sağlam medianın gücləndirilməsi üçün isə güclü həmkarlar ittifaqı
lazımdır. Bunun üçün media ilə münasibətləri yaxşı olan, medianın inkişafını
istəyən və dəstək verən millət vəkillərindən
ibarət parlamentdə bir qrupun yaradılmasına, onların dəstəyinə, lazım gələrsə
jurnalistlərin problemlərinin parlament səviyyəsində qaldırılmasına ehtiyac var. Bu səbəbdən millət vəkili İqbal
Ağazadənin yanındadırlar və ondan bu istiqamətdə köməklik etməsini istəyirlər.
Ümid
Partiyasının sədri, millət vəkili İqbal Ağazadə də mətbuata hər zaman açıq
olduğunu, medianın inkişafına dəstək verdiyini, jurnalistlərin problemlərini
parlamentdə qaldırdığını, difamasiya haqqında qanunun qəbuluna çalışdığını, BJF-yə təşəbbüs göstərilən istiqamətdə bütün
köməklikləri göstərməyə hazır olduğunu bildirdi. Azərbaycan mediasının və
jurnalistlərin real vəziyyətindən və çətinliklərindən danışdı. Layihənin
icrasına effektli başlamaq üçün bəzi təkliflər verdi.
BJF nümayəndələri sonda səmimi görüş üçün millət vəkili İqbal Ağazadəyə təşəkkürlərini bildirdilər.
Qeyd edək ki, BJF-nin həyata keçirəcəyi layihə 3 illik layihədir.
Yardımı Avropa Komissiyasından gəlir və təkcə Azərbaycanda deyil, Ermənistan və
Gürcüstanda da həyata keçiriləcək.






































































































