Sovet və Rusiya teatr və kino aktrisası, RSFSR-in əməkdar artisti Natalya Varley Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) məlumat bazasına daxil edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna hərbi kəşfiyyatının idarə etdiyi portalda dərc olunan məlumat kartında bildirilib.
Aktrisanın bazaya daxil edilməsinə səbəb kimi onun Rusiya rəhbərliyinin siyasətini, Krımın Rusiyaya birləşdirilməsini və Rusiya hərbçilərinin fəaliyyətini dəstəkləməsi göstərilib. Məlumat kartında Varleyin Donbasdakı hadisələr və Krımın statusu ilə bağlı açıqlamalarına da istinad olunub.
Bundan əlavə, aktrisanın Rusiya hərbçiləri üçün vəsait toplayan “Xalq Cəbhəsi. Qələbə üçün hər şey!” layihəsinin səfiri olduğu qeyd edilib.
Məlumatda Varleyin 2024-cü il prezident seçkilərində Vladimir Putinin namizədliyinin irəli sürülməsi üzrə təşəbbüs qrupunun üzvü olduğu və “Putin Team” hərəkatında iştirak etdiyi də bildirilib.
Qeyd edək ki, noyabrın 6-da Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi müğənni Stas Mixaylovu da məlumat bazasına daxil edib. Bundan əvvəl isə bloger Dmitri Puçkov və teleaparıcı Leonid Yakuboviç barədə məlumatlar bazada yerləşdirilib.
Bizim.Media



































































































