Süni intellektin “diaqnoz”u xəstələri qorxudur - Həkimlər nə deyir?

Hazırda oxunan: Süni intellektin “diaqnoz”u xəstələri qorxudur - Həkimlər nə deyir?

635000

Süni intellekt artıq yalnız gündəlik suallara cavab tapmaq üçün deyil, sağlamlıqla bağlı məsələlərdə də istifadə olunur. İnsanlar müxtəlif simptomlarını süni intellektə yazaraq xəstəliklərini, hətta müalicə üsullarını öyrənməyə çalışırlar.

Lakin verilən tibbi məlumatların nə dərəcədə etibarlı olması sual yaradır. BMJ Open jurnalında dərc olunan araşdırmada ChatGPT, Gemini, Grok, Meta AI və DeepSeek kimi sistemlərə xərçəng, peyvənd, qidalanma və idmanla bağlı 50 sual verilib. Cavabların 20 faizi “çox problemli”, 50 faizi “problemli”, 30 faizi isə “qismən problemli” qiymətləndirilib. Araşdırmada bəzi cavablardakı istinadların səhv, işləməyən və hətta uydurma olduğu da müəyyənləşdirilib.

Bəs Azərbaycanda süni intellektin yanlış yönləndirməsi nəticəsində özünə səhv diaqnoz qoyan və ya yanlış müalicə tətbiq edən insanlar varmı? 

Həkimlər gündəlik praktikalarında qarşılaşdıqları belə halları Bizim.Media-ya danışıblar.

Nevroloq Röyanə Quluzadə gündəlik həkimlik fəaliyyətində süni intellektin verdiyi cavablar səbəbindən ciddi qorxu yaşayan pasiyentlərlə qarşılaşdığını bildirib:

“Dəfələrlə süni intellekt vasitəsilə səhvən özündə ciddi xəstəlik düşünüb və çox ciddi qorxu yaşayan pasiyentlərlə qarşılaşmışıq. Bu yaxınlarda süni intellekt pasiyentimin epiqastral nahiyəsindəki narahatlığı mədə xərçəngi kimi izah etmişdi. Bu pasiyentə elə ciddi təsir etmişdi ki, xəstədə ipoxondrik nevroz formalaşmışdı və dayanmadan müayinələr edərək özündə xəstəlik axtarırdı. İnsanlar anlamalıdır ki, süni intellekt faydalı bir məlumat vasitəsidir, lakin həkim müayinəsini, klinik düşüncəni və peşəkar tibbi qərarı əvəz etmir.”

Kardioloq Dr. Gülanə Ağayeva da pasiyentlərin süni intellekt və internetdəki məlumatlar əsasında özlərinə diaqnoz qoyması ilə tez-tez rastlaşdığını deyib: 

“Xüsusilə kardiologiyada xəstələr süni intellektə təzyiq, şəkər və digər problemləri ilə bağlı suallar verərək bunun ürək, yoxsa sinir sistemi ilə əlaqəli olduğunu müəyyənləşdirməyə çalışırlar. Bəzi pasiyentlər analiz nəticələrini də bu proqramlara yoxlatdıraraq özlərinə diaqnoz qoymağa başlayırlar. Bu isə ciddi risklər yarada bilər”.

Kardioloqun sözlərinə görə, bəzi xəstələr ürək ağrılarının səbəbini özləri müəyyənləşdirməyə, analizlərini şərh etdirməyə və hətta həkimin təyin etdiyi dərmanları dayandırmağa çalışırlar.

Həkim xüsusilə xolesterin dərmanlarının özbaşına kəsilməsi hallarının ciddi fəsadlara səbəb ola biləcəyini vurğulayıb:

Ginekoloq Arzu Məhərrəmova isə pasiyentlərin süni intellektdən ən çox sonsuzluqla bağlı suallara cavab almağa çalışdığını bildirib:

“Ginekologiyada ən çox sonsuzluqla bağlı suallar verirlər. Lakin sonsuzluq fərdidir. Onun boru mənşəli, hormonal, mərkəzi, yumurtalıqlarla bağlı, anatomik quruluş və s. kimi formaları var. sonsuzluğun səbəbləri müxtəlif olduğundan bu məsələdə süni intellektin ümumi cavabları konkret pasiyent üçün doğru istiqamət verməyə bilər”.

Həkimlərin fikrincə, süni intellektdən sağlamlıqla bağlı məlumat əldə etmək, həkimə veriləcək sualları müəyyənləşdirmək və ümumi məlumat toplamaq üçün istifadə etmək mümkündür.

Lakin simptomlara əsasən özünə diaqnoz qoymaq, müalicəyə başlamaq, dərman qəbulunu dayandırmaq və ya həkimə müraciəti gecikdirmək düzgün deyil. Tibbi qərarlar pasiyentin müayinəsi və həkimin peşəkar qiymətləndirməsi əsasında verilməlidir.

Xədicə Paşayeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin