İki şəhid atası: “Müqəddəs xatirəyə hörmət vandalizm yolu ilə ifadə oluna bilməz” - FOTO

Hazırda oxunan: İki şəhid atası: “Müqəddəs xatirəyə hörmət vandalizm yolu ilə ifadə oluna bilməz” - FOTO

635017

Şuşaya səfər edən bəzi turistlərin və ziyarətçilərin qaya və daşların üzərinə adlar yazması cəmiyyətdə haqlı narazılıq doğurur. Bu cür davranışlar yalnız təbiətə deyil, Azərbaycanın tarixi-mədəni irsinə və milli yaddaşına da hörmətsizlikdir.

Bizim.Media xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında iki şəhid qardaşın atası Elman Məmmədov söyləyib.

O, Şuşada qaya və daşların üzərinə müxtəlif yazıların həkk olunmasını yolverilməz hesab etdiyini bildirib.

Müsahibimiz deyib ki, Şuşa şəhidlərin qanı bahasına azad edilmiş müqəddəs torpaqdır və bu əraziyə səfər edən hər bir insan burada xüsusi məsuliyyət hissi ilə davranmalıdır:

“Şuşa bizim üçün adi bir yaşayış məntəqəsi deyil. Bura Azərbaycanın mədəniyyət beşiyidir, tarixi irsimizin ayrılmaz hissəsidir. Şəhidlərin xatirəsi hər bir azərbaycanlı üçün müqəddəsdir. Lakin müqəddəs xatirəyə hörmət vandalizm yolu ilə ifadə oluna bilməz”.

E.Məmmədov vurğulayıb ki, məsələ yalnız bir neçə daşın üzərinə yazı yazılması ilə məhdudlaşmır. Burada söhbət şəhidlərin xatirəsinə münasibətdən, tarixi irsə yanaşmadan, ekoloji məsuliyyətdən və ümumilikdə şəhər mədəniyyətindən gedir.

“Şəhidin adını və ya öz adını qayanın, daşın üzərinə yazmaq həmin şəhidin adını əbədiləşdirmir. Əksinə, tarixi və təbii mühitə zərər vurur, şəhərin simasını korlayır. Şəhidlərin adlarını yaşatmağın yolu qayalara yazı yazmaq deyil. Onların xatirəsini qorumaq, Vətənə, torpağa və milli dəyərlərə sahib çıxmaqdır”, - deyə şəhid atası bildirib.

O qeyd edib ki, Şuşanın hər bir daşı, hər bir tikilisi və hər bir tarixi məkanı əsrlərin yadigarı, Azərbaycanın tarixi yaddaşının bir parçasıdır. Buna görə də şəhərə gələn hər bir ziyarətçi və turist bu irsə xüsusi həssaslıqla yanaşmalıdır.

“İnsanlar Şuşaya gedərkən orada iz qoymaq istəyirlərsə, bunu daşların üzərinə ad yazmaqla deyil, öz mədəni davranışları ilə göstərsinlər. Ən böyük iz təbiətə və tarixi irsə zərər vermədən oranı qoruyub gələcək nəsillərə çatdırmaqdır. Şuşaya gedən hər bir insan bilməlidir ki, orada qorunmalı olan onun adı deyil, Azərbaycanın tarixidir”, - deyə E.Məmmədov qeyd edib.

Şəhid atası deyib ki, övladının adını hər yerdə görmək valideyn üçün qürur olsa da, həmin adın müqəddəs torpağın daşına həkk olunması doğru deyil.

“Mən iki şəhid atasıyam. Mənim üçün onların adı ən qiymətli əmanətdir. Amma istəmirəm ki, şəhidlərimizin adı qayalara, daşlara yazılaraq yaşadılsın. Onların adını yaşatmağın ən gözəl yolu Vətəni qorumaq, bu torpaqlara sahib çıxmaq və bizə əmanət etdikləri Qarabağı gələcək nəsillərə olduğu kimi çatdırmaqdır”, - deyə o, fikrini yekunlaşdırıb.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin