Türk məşhurlara pis xəbər: Mülkləri söküləcək

Hazırda oxunan: Türk məşhurlara pis xəbər: Mülkləri söküləcək

635021

İstanbul Böyükşəhər Bələdiyyəsinə bağlı Boğaziçi Yenidənqurma Müdirliyi Sarıyer, Beşiktaş, Üsküdar və Beykozda yerləşən 4 141 tikili barədə söküntü qərarı qəbul edib. Qərarda Ferdi Tayfur, Hülya Avşar, Harika Avcı, Süreyya Yalçın və Mehmet Ali Erbil kimi məşhur şəxslərə məxsus əlavə qanunsuz tikililər də yer alır.

Bizim.Media xəbər verir ki, Boğaziçi Yenidənqurma Müdirliyi Boğaziçinin görünüşə nəzarət edilən ərazisində qanunsuz olduğu müəyyənləşdirilən tikililərlə bağlı tədbir görməyə başlayıb.

Söküntü qərarı verilmiş 4 141 tikilinin sahibləri ilə bağlı məlumatlar da üzə çıxıb. Siyahının ən diqqətçəkən hissəsi Sarıyerlə bağlıdır. Burada 1 982 tikili haqqında söküntü qərarı verilib. Siyahıda Ferdi Tayfur, Hülya Avşar, Harika Avcı, Süreyya Yalçın və Mehmet Ali Erbil kimi məşhur şəxslərin adları yer alıb. İş dünyasından isə İshak Alaton və Hacı Ömer Sabancı diqqət çəkib.
 

Beşiktaşda da 544 tikili barədə söküntü qərarı mövcuddur. Bu siyahıda iş adamı Mustafa Koç və onun şərikləri ilə yanaşı, Saffet Ulusoy və onun şəriklərinin adları da yer alır. Qeydlərdən bəzi tikililərin balkon, dam, qaraj və bağ kimi hissələrində aparılan dəyişikliklərin bələdiyyə zabitlərinin tərtib etdiyi protokollara daxil edildiyi görünür. Siyahıdakı qeydlərin bir qisminin əvvəlki illərə aid olması da diqqət çəkib.


Siyahıda adı olan Hülya Avşarın Sarıyerdəki evi ilə bağlı illər əvvəl də məhkəmə işi olub. Avşar 2006-cı ildə evində icazəsiz tikinti və təmir işləri apardığı iddiası ilə məhkəmə qarşısına çıxıb.

Qonşusu Nazmi Karbuzun şikayəti əsasında açılan işdə məşhur şəxsin evinə gedən yola divar çəkdiyi və Boğaziçi Qanununa zidd qanunsuz tikili inşa etdiyi iddia olunub.

Hülya Avşar 2006-cı ilin aprelində Sarıyer 2-ci Sülh Cinayət Məhkəməsində keçirilən iclasa qatılaraq ifadə verib.

Siyahıda adı çəkilən digər sənətçi Ferdi Tayfurun Sarıyerdəki evi ilə bağlı 1985-ci ilə aid bələdiyyə zabitləri protokolu da mövcuddur.

Tayfurun evinin yanında əlavə qaraj tikdirdiyi və bu tikilinin bələdiyyə protokolunda qeyd edildiyi bildirilib. Daha sonra lazımi icazələrin alınaraq qarajın yenidən inşa edildiyi iddia olunub.

Söküntü qərarı verilən 4 141 tikili ilə bağlı tender sentyabrın 22-də keçiriləcək. (demokrat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin