Hazırda süni intellektdən istifadə geniş yayılıb. Süni intellekt məlumatların sürətli şəkildə əldə edilməsində mühüm rol oynayır. Lakin bütün üstünlüklərinə baxmayaraq, süni intellekt insan düşüncəsini, yaradıcılığını əvəz edə bilməz.
Təəssüf ki, bəzi insanlar öz işlərini tamamilə süni intellektə həvalə edir, tələbələr və məktəblilər çalışmaların həllində öz bacarıqlarından istifadə etmək əvəzinə hazır cavablara üstünlük verirlər. Şagirdlər artıq bir neçə saniyə ərzində istənilən suala cavab tapa, mətn hazırlaya, ev tapşırığını bu vasitə ilə həll edə bililrər.
Azərbaycanda da təhsilverənlər bəzi uşaqların bu vasitə ilə vəziyyətdən çıxmağa çalışdığını dilə gətirirlər.
Bu məsələ artıq dünyanın müxtəlif ölkələrində ciddi müzakirə olunur. Məsələn, Nyu-Yorkda məktəblərdə süni intellektdən istifadənin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edilib. Bu qərarın 8-ci sinfədək şagirdlərə aid ediləcəyi qeyd edilib. Çünki ev tapşırığının məqsədi yalnız düzgün cavabı əldə etmək deyil, uşağın düşünmə, araşdırma, problem həll etmə bacarıqlarını inkişaf etdirməkdir. Digər tərəfdən, süni intellekti tamamilə qadağan etmək də düzgün yanaşma olmaya bilər.
Bəs bu, köməkdir, yoxsa uşağın düşünmə qabiliyyətinin itməsi? Həmçinin, müəllimlər şagirdin hazırladığı işi özünün yazdığını, yoxsa süni intellektdən istifadə etdiyini necə müəyyən edə bilərlər? Bizdə necə qadağası mümkün ola bilərmi?
Mövzuya münasibət bildirən təhsil sahəsi üzrə ekspert Məzahir Məmmədli Bizim.Media-ya açıqlamasında bildirib ki, tapşırıqların hazırlanmasında süni intellektdən istifadə şagirdlərin mühüm bacarıqlarını əlindən alır:
“Süni intellektin sürətlə inkişafı, məişətimizə qədər gəlib çatması, nəhayət, təhsilə, elmə, tədrisə təsiri narahatlıq yaradıb. Təcrübə göstərir ki və aparılan statistikalar ondan xəbər verir ki, süni intellektdən xüsusilə tədris prosesində istifadə müəyyən problemlər ortaya çıxarıb. Artıq uşaqların düşünmə qabiliyyəti, təhliletmə, ünsiyyət qurma bacarığı əlindən çıxır. Ona görə də Nyu-York şəhərinin bələdiyyə sədri bunun həm ali, həm də orta məktəblərdə qadağan olunmasını təklif edib”.
Ekspert hesab edir ki, bu, geniş yayılacaq və artıq müəyyən təhlükə yaradır deyə bütün inkişaf etmiş ölkələr bu məsələ ilə bağlı müəyyən ölçülər götürməyə məcbur qalacaqlar:
“Biz artıq görürük ki, yaradıcılıq potensialı olan şagirdlər belə mütləq şəkildə süni intellektlə hesablaşırlar. Nəzərə almaq lazımdır ki, süni intellekt həmişə həqiqəti demir. Onun məlumat bazasının formalaşmasından çox şey asılıdır. Həm də alqoritmi oxuyur və ona uyğun istiqamət götürür. Bizim tədrisimizdə də süni intellektin tətbiqinə başlanması təşəbbüsləri var, elm sahəsində də bunun tətbiqinə çalışılır”.
Onun sözlərinə görə, süni intellektdən düzgün istifadə təşviq edilməli və onun doğru baza formalaşdırılması əsas götürülməlidir:
“Əgər biz süni intellekt bazasını düzgün formalaşdırmasaq,ona sualları düzgün verməsək, bizim gələcək nəsillər üçün yanlış baza formalaşdıracaq. Nəticədə biz ədəbiyyatımıza, tariximizə, mentalitetimizə yad bir nəsil formalaşdıracağıq. YUNESKO-nun rəhbərliyinin “müəllimi əvəz edə biləcək nəsə icad olunmayıb” şüarı təsadüfi seçilməyib. Onlar belə bir təşəbbüslə çıxış edirlər ki, mütləq şəkildə süni intellektin tədrisi zamanı müəllim əməyindən, insan faktorundan başlıca olaraq istifadə olunsun.
Yəni bunun tədrisi özbaşına buraxılmasın. Düşünürəm ki, bu məsələlərdə Azərbaycan dövləti, cəmiyyəti təhsildə inkişaf etmiş ölkələrdən nümunə götürməli və bunun ümumtəhsil məktəblərində tədrisinə tələsməməlidir”.
Günay Şahmar, Bizim.Media



































































































