“Türkiyə Ermənistanla sərhədləri açarsa Azərbaycanın evi yıxılacaq”

Hazırda oxunan: “Türkiyə Ermənistanla sərhədləri açarsa Azərbaycanın evi yıxılacaq”

41376

Türkiyə-Ermənistan sərhədlərinin açılması məqsədi ilə rəsmi Ankaraya yönəlik təzyiqlər davam edir. Bugünlərdə Almaniya kansleri Anqela Merkelin Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşündə yenidən məlum məsələni gündəmə gətirib. Merkel Ərdoğandan sərhədləri açmağı və qondarma erməni soyqırımını tanımağı tövsiyyə edib: “Ermənistandakı ermənilərlə dünyanın müxtəlif yerlərinə səpələnmiş erməniləri eyni tutmaq olmaz. Ermənistandakı ermənilərin durumu acınacaqlıdır. Türkiyə Ermənistanla sərhədi açmalıdır. Türkiyənin tarixi ilə üzləşməsi lazımdır”.

 

Türkiyə Qərbin təzyiqləri qarşısında daha nə qədər dayana biləcək?

 

Türkiyəyə sərhəd məsələsi ilə bağı Qərbin təzyiqləri bundan öncə də müşahidə olunsa da, ekspertlər indiki dönəmdə bu cür təzyiqlərin daha çox işə yaraya biləcəyi qənaətindədir. Onların fikrincə, hazırda Türkiyə daxilində baş verən ictimai-siyasi təbəddülatlar fonunda AKP hökumətinin xarici təzyiqlər qarşısında uzun müddət davam gətirəcəyi inandırıcı görünmür. Politoloqlar hesab edir ki, faktiki olaraq iki cəbhədə - həm ölkə daxilindəki müxalif qüvvələr, həm də ənənəvi xarici güclərlə mübarizə aparmaq məcburiyyətində qalan Ərdoğan hökuməti Ermənistanla sərhəddi açaraq ən azından xarici təzyiqlərə son verə bilər. AKP hakimiyyətinin bununla Qərbdən müəyyən dəstək alacağı da istisna edilmir.

Ekspertlər hesab edir ki, bu məsələdə Ərdoğan hökuməti üçün yeganə arzuedilməz məqam baş verənlərin geniş xalq kütlələri tərəfindən ciddi narazılığa səbəb ola biləcəyi ilə bağlıdır. Hansı ki, proseslər məlum məcrada inkişaf edərsə, o zaman müxalif güclər baş verənlərdən AKP hökumətinə qarşı ciddi arqument kimi istifadə edə bilər.

 

“Türkiyə-Ermənistan sərhəddinin açılması ilə Azərbaycan təkləyəcək”

 

Moderator.az-ın məlumatına görə, “Hürriyyət” qəzetinə açıqlama verən konfiliktoloq Elxan Mehdiyev hesab edir ki, Türkiyə-Ermənistan sərhəddinin açılması Azərbaycan üçün fəlakətli nəticələrə səbəb ola bilər. Ekspertin qənaətincə, bu baş verərəsə, o zaman Azərbaycan faktiki surətdə beynəlxalq siyasi arenada təklənəcək: “Türkiyə Ermənistanla sərhədləri açarsa, Azərbaycanın evi daha da yıxılacaq. Indiki məqamda bunun özün də Ermənistana müəyyən təzyiq vasitəsidir. Lakin Türkiyə bu addımı atarsa, Azərbaycan dünyada tamamilə təklənəcək. Bugünə kimi Türkiyə siyasi baxımdan Azərbaycanı dəstəkləyən ölkə kimi çıxış edib. Sərhədlərin açılması ilə bu faktor da aradan qalxacaq ki, bu da Azərbaycan üçün ciddi itkidir”.

Ekspertin fikrincə, 2015-ci il ərəfəsində ermənilərin qondarma soyqırım iddialarını gündəmə gətirməsi ilə Türkiyəyə təzyiqlər daha da artacaq: “Qarşıdan 2015-ci il gəlir. Ermənilər qondarma soyqırımın  100 illiyini bütün dünyada qeyd etməyə hazırlaşırlar. Ermənilər çalışacaqlar ki, bu tədbirlərə dünyanın mümkün qədər çox dövləti qatılsın. Hesab edirəm ki, bu məslədə Ərdoğanın özü də bəzi qeyri-standart addımlar atacaq”.

 

“ Ərdoğan Ermənistanla sərhədləri açmağa hazırdır”

 

E.Mehdiyevin bildirdiyinə görə, əslində Ərdoğan hökuməti Ermənistanla sərhədləri açmağa hazırdır və bu məsələdə AKP hökumətinin qarşısını alan başlıca mane Türkiyə xalqı, Türkiyə ictimaiyyətidir: “Ərdoğan hökuməti Ermənistanla qapıları açmağa hazırdır. 2009-cu ildə də bu addımı atmaq istəyirdilər. Lakin o zaman xalq ayağa qalxdı və  xalqın təzyiqi sayəsində hökumət geri çəkilməyə məcbur oldu. Bu məsələ Türkiyənin daxili siyasətinə çevrildi Məhz bu səbəbdən də hökumət öz istəyini həyata keçirə bilmədi. Lakin bu gün Ərdoğanın özü çox çətin vəziyyətdədir. Rüşvət və korrupsiya qalmağalı ilə üzləşən Ərdoğan, ölkə daxilində bütün haqq və azalıqları boğan, diktatura qurmaq istəyən siyasi lider imicinə malikdir. Bu səbəbdən də dünyada və Türkiyədə Ərdoğanın mövqeləri çox zəifləyib. Artıq dünyada Ərdoğanın olduqca mənfi imici formalaşıb. Ərdoğanın hakimiyyətdə qaldığı hər gün Türkiyənin zərərinədir”.

 

“Ərdoğan hökumətinə təzyiqlər artacaq”

 

Konfiliktoloqun sözlərinə görə, hazırda Qərb dövlətləri Ərdoğan hökumətinin üzləşdiyi daxili böhrandan istifadə edərək, rəsmi Ankaraya təzyiqləri daha da artıracaq: “Xarici dövlətlər Ərdoğanın bu vəziyyətindən istifadə edib öz məqsədlərinə çatmaq istəyirlər. Bu baxımdan yaxın gələcəkdə məlum yöndə Ərdoğana yönəlik təzyiqlər daha da artacaq. Işin ən maraqlı tərəflərindən biri isə odur ki, bugünə qədər bu məsələdə heç vaxt önə çıxmayan Almaniya artıq bu məsələdə öncüllük etməyə başlayıb. Bu da Ərdoğanın vəziyyətinin ağır olmasından qaynaqlanır. Xarici qüvvələr indiki məqamda Ərdoğana zərbə vurmaqla uğur qazanmağa çalışırlar. Məlum proiblem Ərdoğanın daxili siyasətdə yaratdığı problemlərdən qaynaqlanır”.

 

Seymur Əliyev

 

 

 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin