"Virtual məkanda münasibətlərin tənzimlənməsi də insan hüquqlarının vacib şərtidir"

Hazırda oxunan: "Virtual məkanda münasibətlərin tənzimlənməsi də insan hüquqlarının vacib şərtidir"

38873

Virtual məkanda əqli mülkiyyət hüquqlarının qorunması hər kəsi narahat edən, maraqlandıran məsələdir.

 Moderator.az xəbər verir ki, bu barədə “Virtual məkanda əqli mülkiyyət hüquqlarının qorunması”  mövzusunda keçirilən elmi-praktiki konfransda Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova bildirib:

 “Bu gün XXI əsrin ikinci onilliyində keyfiyyət baxımından tamamilə fərqli bir mərhələyə daxil olmuşuq. Bu mərhələ gerçək dünyamızdan başqa bir aləmə, virtual aləmə daxil olduğumuz bir zamandır”.

 O qeyd edib ki, bir neçə onillikdir ki, dünya alimləri yaranmış mövcud olan gerçək məkanlardan fərqli bir məkanın yaranacağını və insanların o məkanda öz varlıqlarını davam etdirəcəyini bildiriblər.

 “Bu məkanlar içərisində təhlükəsizlik məkanı, mədəniyyət məkanı, hüquq məkanı, informasiya məkanı var və ən nəhayət, başqa məkan formalaşır - virtual məkan.

 Təbii ki, yavaş-yavaş bu fiziki məkandan, gerçək məkandan virtual məkana keçdikcə, onun sakini olduqca yeni münasibətlərlə, çətinliklərlə üzləşirik. Virtual məkan bizim yaşadığımız gerçək məkandan tamamilə fərqlənir. Bu məkanın sərhədləri yoxdur, onun içərisində olan münasibətlər çox çətinliklə tənzimlənir. Ancaq istər-istəməz biz artıq bu məkanın insanlarıyıq”.

 Milli Məclisin komitə sədri Azərbaycanda təxminən 4 milyona qədər insanın bu virtual məkanın sakini olduğunu xatırladaraq qeyd edib ki, zaman gələcək bu məkanı tənzimləyən qanunların sayı getdikcə artacaq:

 “Düzdür, oradakı münasibətləri nizamlamaq üçün kifayət qədər qanun qəbul edilib, amma zamanın öz çağırışı var”.

 Millət vəkilinin sözlərinə görə, bu məkandakı münasibətlərin tənzimlənməsi də insan hüquqlarının vacib şərtləridir.

 O qeyd edib ki, XXI əsrdə, informasiyalı cəmiyyətdə insan hüquqlarından danışarkən ilk növbədə virtual aləmdə olan insan hüquqlarından danışılmalıdır:

 “İnformasiyalı cəmiyyət özü ilə bərabər dördüncü nəsil hüquqları gətirib. Bu hüquqların necə olması və onun gələcəkdə necə gerçəkləşməsi çox önəmlidir. Əqli mülkiyyət hüququ hər bir əqli mülkiyyət sahibinin hüquqlarıdır və bu da qorunmalıdır”.

 R.Aslanova bildirib ki, informasiyalı cəmiyyətdə yaranan çətinliklərdən biri də həmin əqli mülkiyyətin qorunmasındakı çətinliklədir:

 “Hər birimiz internet istifadəçisiyik və günümüzün böyük hissəsini virtual məkanda keçiririk. İstədiyimiz zaman, istədiyimiz şəxsin ideyalarından bəhrələnirik. Bəzən həmin ideyaları öz ideyası kimi çatdıran insanlar da var”.

 Millət vəkili qeyd edib ki, əqli mülkiyyət olduqca qiymətli və toxunulmaz hüquqdur və başqasının hüququna müdaxilə edən, ondan istifadə edən insanlar cəzalanmalıdır:

 “Bu gün dünyada ən qiymətli əmtəə ideyadır. Həmin əqli mülkiyyətin ortaya qoyduğu sərvətdir və onun istifadəsində bir pozuntular olarsa, bu, xoşagəlməz nəticələr verə bilər. Əqli mülkiyyətdən istifadənin özünün də öz qaydaları var.

 Əgər çox düşüncəli bir insanın əlində həmin əqli mülkiyyət cəmiyyətin tərəqqisinə xidmət edəcəksə, bir başqa insanın iç dünyasında pislik olan bir insanın əlinə keçərsə, bu yalnız və yalnız cəmiyyətdə çaxnaşmaya, təlatümlərə, fəlakətlərə gətirib çıxara bilər.

 Bu baxımdan həmin mülkiyyətə olan xüsusi münasibət və bu münasibətlərin tənzimlənməsi üçün təkcə milli qanunvericilik deyil, beynəlxalq aləmdə əməkdaşlığın olması çox vacibdir”.

 Millət vəkilinin sözlərinə görə, bir dövlət öz əqli mülkiyyətini öz sərhədləri çərçivəsində müdafiə etmək iqtidarında deyil, çünki virtual məkan sərhədsizdir və istənilən şəxs bura daxil olub istifadə edə bilər:

 “Bir amerikalı alimin fikirlərini götürmək mümkün olduğu kimi, o da həmin dəqiqədə Azərbaycan aliminin fikirlərini özünküləşdirə bilər. Ancaq bunların nizamlanması, həmin sivil normalarda tənzimlənməsi çox önəmlidir”.

 Millət vəkili eyni zamanda cəmiyyətdə informasiya təhlükəsizliyinin təmin olunmasında fəaliyyətin ortaya qoyulmasının vacibliyini qeyd edib.

 Onun sözlərinə görə, informasiya təhlükəsizliyinin təmin olunması mili təhlükəsizliyin tərkib hissələrindən biridir.

 O bildirib ki, virtual məkanda da gerçək dünyada yaranan qanunlar kimi qaydaların, qanunların yaranması çox vacibdir:

“4 milyon internet istifadəçiləri var. Bu istifadəçilərin hər biri virtual məkana daxil olarkən, hansı qaydalar əsasında, öz hüquqlarını nə dərəcədə bilirlər, tərəf müqabillərinin, yəni əqli mülkiyyətin sahibinin hüquqlarını nə dərəcədə bilirlər, qarşılıqlı münasibətlər hansı qaydalarla tənzimlənir?! Bütün bunlar çox önəmlidir”.

 R.Aslanova belə toplantıların keçirilməsinin Azərbaycan üçün çox vacib olduğunu bildirib.

 Onun sözlərinə görə, belə toplantılar insanları düşünməyə vadar edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin