Ombudsman Pərviz Həşimli ilə bağlı yalan məlumat yayıb?

Hazırda oxunan: Ombudsman Pərviz Həşimli ilə bağlı yalan məlumat yayıb?

37247
Dünən vəkil Elçin Sadıqov Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanan “Bizim Yol” qəzetinin əməkdaşı, hüquq müdafiəçisi Pərviz Həşimli (Həşimov) ilə görüşüb. Bu barədə “Bizim Yol”a E.Sadıqovun özü məlumat verib. 

Vəkilin sözlərinə görə, görüş növbəti istintaq hərəkəti zəminində baş tutub. İstintaq sirri daşıdığı üçün vəkil istintaq hərəkətinin predmeti barədə məlumat verməsə də, P.Həşimlinin səhhətinin ağır olması və saxlanma şəraitindən şikayətləndiyini dedi: “Noyabrın 25-də axşam ombudsman Elmira Süleymanova və Ombudsman Aparatının əməkdaşları Pərviz Həşimovla görüşüblər. Bildiyiniz kimi, Pərviz aclıq aksiyasına başlamışdı. Amma ombudsmanın xahişi və səhhətinə görə Pərviz Həşimov aclığı dayandırıb. Onun səhhəti yaxşı deyil və səhhətinin pisləşməsinə də məhz saxlanma şəraiti çox pis təsir edir”.

Qeyd edək ki, dünən ombudsmanın Milli Təhlükəsizlik Nazirliyinin Müvəqqəti Saxlama Yeri və İstintaq Təcridxanasına növbəti planlı baxış keçirməsi barədə məlumat yayıldı. Bu barədə Ombudsman Aparatının rəsmi internet səhifəsində məlumat verilir. Məlumata görə, başçəkmədə məqsəd orada saxlanılan şəxslərlə görüşmək, saxlanılma şəraiti və vəziyyəti araşdırmaq olub. Təcridxanada saxlanılan şəxslərlə təkbətək görüş zamanı saxlanma şəraiti ilə bağlı şikayət daxil olmayıb. Müəssisənin tibbi təminat məsələləri araşdırılan zaman tibbi sanitar otağının müasir tibbi avadanlıqla təchiz edildiyi, lazımi dərman preparatları ilə təmin olunduğu, həkimin 24 saat fəaliyyət göstərdiyi müəyyən edilib. Saxlanılan şəxslər qanunvericiliyə uyğun olaraq, gün ərzində 3 dəfə keyfiyyətli qida və 2 saat gəzinti ilə təmin olunduqları məlum olub.
Müəssisədə saxlanılan digər təqsirləndirilən şəxslərlə yanaşı, «Bizim Yol» qəzetinin əməkdaşı Pərviz Həşimli ilə də görüş olub, onun saxlanılma şəraiti və vəziyyəti ilə tanış olunub: «Görüş zamanı Pərviz Həşimov da saxlanma şəraiti və qidalanmadan narazılıq etməyib. Eyni zamanda o, ittiham olunduğu maddələrlə razılaşmadığını, barəsində olan istintaqın sürətləndirilməsi, ailəsi ilə görüş və telefon danışıqları verilməsi, istədiyi qəzetlərlə təmin olunması və Bakı İstintaq Təcridxanasına köçürülməsi ilə bağlı müvəkkilə müraciət edib. Sənədləri ilə tanışlıq zamanı Səbail Rayon Məhkəməsinin onun barəsində seçilmiş həbs qətimkan tədbiri haqqında qərarında icranın MTN-in MSY və İT-yə həvalə olunduğunun qeyd edildiyi müəyyən edilib. Həmçinin, MSY və İT-nin həkimi ilə söhbət zamanı P. Həşimovun müayinə olunaraq onun arzusu ilə elektrokardioqramının çıxarıldığı və narahatlığa səbəb olmadığı bildirilib. Eyni zamanda onun saxlandığı müddətdə vəkilləri ilə 20 dəfədən artıq təkbətək görüşlər keçirdiyi müəyyən edilib. Bundan başqa, Pərviz Həşimovun təcridxanada ümumiyyətlə hər hansı aclıq aksiyası keçirmədiyi, onun gündəlik yeməyi qəbul etdiyi məlum olub”.
Məlumatda o da bildirilir ki, görüşdən sonra başçəkmənin nəticələrini və P.Həşimlinin qaldırdığı məsələləri milli təhlükəsizlik naziri, İstintaq Baş İdarəsinin rəisi və MSY və İT-nin rəisi ilə ayrı-ayrılıqda müzakirə edib, bəzi məsələlərin müsbət həlli razılaşdırılıb. Amma “müsbət həllini” tapmış məsələlər barədə heç bir məlumat verilmir.
Vəkil, E.Sadıqov isə Ombudsman Aparatının məlumatının həqiqəti əks etdirmədiyini bildirdi: “Pərviz Həşimov saxlanma şəraitindən necə razı ola bilər? O saxlanma şəraiti ilə bağlı məhkəməyə şikayət edib və saxlanma şəraitinin pis olmasını bütün protokollarda da qeyd edir. Əgər ombudsman orada vəziyyətin belə yaxşı olduğunu düşünürsə, MTN-dən xahiş edib bir kamera alıb orada iki gün qala bilər”.
Eyni zamanda vəkil “müsbət həllini” tapmış məsələlər barədə də bir bilgiyə malik olmadığını dedi. O, P.Həşimlinin saxlanma şəraitinin dəyişmədiyini, ailə üzvləri ilə ona görüş verimədiyini, hətta ona zəng etməyə belə imkan yaradılmadığını dedi.
Belə ki, adətən MTN təcridxanasından çıxarkən təzyiqə məruz qalan vəkili bu dəfə bir saat yarım gözləməyə məcbur ediblər: “Bu dəfə də mənimlə müdafiə etdiyim şəxs arasında olan yazışmalar və mənim apardığım qeydlər əlimdən alındı. Qanunsuz olaraq məni içəridə də saat yarım saxladılar. Artıq saat yeddiyə işləyəndə dedilər ki, hə, buraxın bunu, qoy getsin. Bu, kobud qanun pozuntusudur. Bu məsələ ilə bağlı müvafiq şikayətlərim olacaq”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin