İlyas İsmayılovdan türk səfirinə təbrik məktubu

Hazırda oxunan: İlyas İsmayılovdan türk səfirinə təbrik məktubu

35938

 Bu gün qardaş Türkiyə dövlətinin tarixində ən əlamətdar günlərdən biridir. Tam 90 il bundan əvvəl böyük türk oğlu Atatürkün sistemli və ardıcıl səyləri nəticəsində nəinki türk, eyni zamanda bütün islam dünyasında müasir dünyagörüşə sahib, demokratik respublika qurulmuşdur. Türkiyə özünün və mənsub olduğu mədəniyyət dairəsinin müştərək tarixində imza atdığı bu böyük uğuru təbii ki, asan əldə etməmişdir. Bir tərəfdən islam dünyasını param-parça etmək istəyən Qərb imperializminin işğal ordusuna qarşı aparılan mübarizə, digər tərəfdən ölkədəki o dövrün mütləqiyyətçi anlayışı, nəhayət, Osmanlının məcburiyyət qarşında qoşulduğu 1. Dünya Müharibəsindən məğlubiyyətlə ayrılmasının gətirdiyi iqtisadi, siyasi və ictimai böhran bu böyük idealın reallaşması qarşısında ciddi əngələ çevrilmişdi. Atatürkün və onun silah yoldaşlarının sarsılmaz əzmi və səyləri nəticəsində Türkiyə insanı bu tarixi missiyanı böyük uğurla həyata keçirmiş və aparılan çoxsaylı islahatlar nəticəsində 100, hətta minillər boyu mütləqiyyət rejimiylə idarə olunan coğrafiyada ilk dəfə respublikaçılığın əsası qoyulmuşdur. Öz siyasi ənənələrindən ayrılan Türkiyə məhz bu respublikaçılıq rejiminin sayəsində bu gün layiq olduğu vəziyyətə gəlib çıxmış, aparıcı dünya dövlətləri arasında mühüm yerlərdən birini tutmuşdur.

Tam 90 il əvvəl qardaş ölkədə yaranan Respublika quruluşu öz siyasi əhəmiyyətinə görə yalnız Türkiyə sərhədləri daxilində qalmamış, digər islam və türk dünyası qarşısında da ən böyük hədəfə çevrilmişdir. İstər qonşu Yaxın Şərq, istər Şimali Afrika ölkələrində bu böyük hədəf ölkə xalqlarının ən şirin xülyalarına çevrilmişdir. Təsadüfi deyil ki, əhalisi müsəlman olan Tunis dövləti də öz quruculuq mərhələsində Türkiyə Respublikasının bu yeni ənənələrindən faydalanmağa çalışmış, hətta özlərinin milli atributlarını belə qardaş ölkənin milli artibutlarına bənzətməyə çalışmışdır. Bunun ən bariz nümunəsi Türkiyənin bayrağından təsirlənərək yaradılan Tunis bayrağıdır.

Türkiyənin yaratdığı respublikaçılıq ənənələri yalnız Anadolu yarımadasından Şimali Afrikaya qədər yayılmamış, eyni zamanda SSRİ tərkibində yaşayan türk xalqlarının milli hədəfi olmuşdur. Baxmayaraq ki, Azərbaycan xalqı respublikaçılıq ənənələrini mənimsəyən ilk islam xalqlarından biri, hətta belə demək mümkünsə, birincisi kimi tarixə düşmüşdür. Bununla belə 1918-ci ildə qurduğumuz ADR, təəssüf ki, uzun zaman yaşaya bilməmiş, iki ildən az müddətə fəaliyyət göstərmək məcburiyyətində qalmışdır. Məhz bu səbəbdən də ADR bir ənənə yarada bilməmiş, islam xalqları arasında müasir dövlətçilik ənənlərini qoruyan və ətraf xalqlara yayan qardaş Türkiyə dövlətinə nəsib olmuşdur. Ölkəmizin müstəqilli və milli-azadlıq hərəkatı zamanı bu ölkənin siyasi xarakterini özünün ən böyük milli hədəfinə çevirməsi bu mənada təsadüfi deyil. Biz, istər sovet illərində, istərsə də müstəqillik tariximizdə həmişə böyük Atatürkün miras qoyduğu respublikaçılıq ənənələrindən  faydalanmış, ondan mənəvi ruh almışıq.

İstər türk, istərsə də islam dünyasının ən böyük milli hədəflərindən birinə çevrilən Türkiyə Respublikasını bu tarixi gün münasibəti ilə təbrik edir, ona dünya durduqca var olmağı və hər zaman dünya dövlətləri arasında öz siyasi çəkisini qorumağı arzulayıram.

 

İlyas İsmayılov,

Milli Məclisin deputatı, Ədalət Partiyasının Sədri.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin