İlham Əliyev III İslam Həmrəyliyi Oyunlarının qalibləri ilə görüşüb

Hazırda oxunan: İlham Əliyev III İslam Həmrəyliyi Oyunlarının qalibləri ilə görüşüb

34787

Oktyabrın 4-də prezident İlham Əliyev İndoneziyanın Palembanq şəhərində keçirilən III İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş Azərbaycan idmançıları, onların məşqçiləri və idman mütəxəssisləri ilə görüşüb.

Moderato.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, prezident İlham Əliyev xatırladıb ki, bu oyunlarda Azərbaycan idmançıları ümumilikdə 24 medal qazanıblar və onlardan da 6-sı qızıldır: “Bu qələbə onu göstərir ki, Azərbaycan idman dövlətidir. Ölkəmizdəki idman qurumlarının hamısı bir məqsədə xidmət edir ki, Azərbaycanın uğurları daha da artsın”.

Azərbaycanın dünyada islam həmrəyliyinin daha da gücləndirilməsi işinə töhfə verdiyini, bu sahədə öz səylərini gücləndirdiyini vurğulayan dövlət başçısı qeyd edib ki, 2009-cu ildə Bakı “İslam mədəniyyətinin paytaxtı” olub, 2018-ci ildə isə Naxçıvan bu missiyanı yerinə yetirəcək. İslam Həmrəyliyi Oyunlarında qazanılan qələbələrin təsadüfi xarakter daşımadığını deyən Azərbaycan prezidenti keçənilki London Olimpiya Oyunlarında 10, bu il Kazanda keçirilən universiadada isə 16 medal qazanıldığını bildirib.

Dövlət başçısı vurğulayıb ki, bu qələbələrin təməlində düşünülmüş siyasət dayanır: “Təsadüfi deyil ki, idmançılar üçün yaradılan şərait daha da yaxşılaşır və bu gün Azərbaycanda 40 olimpiya mərkəzi fəaliyyət göstərir, bununla da idmanın kütləviliyi təmin olunur”.

Azərbaycanda mötəbər beynəlxalq yarışların keçirilməsinin ənənəyə çevrildiyini deyən İlham Əliyev qeyd edib ki, 2015-ci ildə ilk Avropa Oyunları Bakıda keçiriləcək və hazırlıq işləri ən yüksək səviyyədə aparılır. 2017-ci ildə isə Bakı növbəti İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək.

Prezident İlham Əliyev dövlətin idmançılara olan dəstəyinin bundan sonra da davam etdiriləcəyini vurğulayıb və əmin olduğunu bildirib ki, idmançılarımızı qələbələrə aparan məhz Vətən sevgisidir.

Dövlət başçısının sözlərinə görə, hər bir idmançının qazandığı qələbə gənc nəsil arasında nümunəyə çevrilir, onları idmanla məşğul olmağa həvəsləndirir. “Heç bir dövrdə Azərbaycan idmanı indiki qədər güclü olmayıb” deyən prezident İlham Əliyev müstəqillik illərində Azərbaycanın bir çox uğurlara imza atdığını, Olimpiya sıralamasında Azərbaycanın 200 ölkə arasında 30-cu yerdə qərarlaşdığını bildirib, ölkəni tanıtmaq üçün idman və mədəniyyətin güclü vasitə kimi çıxış etdiyini söyləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin