Ukrayna ordusu cəbhənin bir neçə istiqamətində Rusiyanın planlarını pozdu

Hazırda oxunan: Ukrayna ordusu cəbhənin bir neçə istiqamətində Rusiyanın planlarını pozdu

646157

Ukrayna müdafiə qüvvələri uğurlu əks-hücum əməliyyatları keçirərək Rusiya ordusunun cəbhənin bir neçə istiqamətində irəliləmək planlarını pozub.

Bizim.Media xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitikləri məlumat yayıblar.

Belə ki, noyabrın 3-ü və 4-də Rusiya qüvvələri Sumı vilayətinin şimalında hücuma keçməyə cəhd göstərib. Lakin Sumı şəhərinin şimal-şərqində Ukrayna müdafiə qüvvələrinin əks-hücumları nəticəsində uğursuzluğa düçar olublar. Rusiya ordusu Xarkov vilayətinin Borovaya ərazisində də irəliləməyə çalışsa da, Ukrayna qüvvələrinin əks-hücumları buna imkan verməyib.

Analitiklər bildirirlər ki, Rusiyanın əsas səyləri Donbasdakı Ukrayna müdafiə istehkamlarını ələ keçirməyə yönəlib. Bu məqsədlə Rusiya qüvvələri Slavyansk və Kramatorskun şərqində Ukrayna mövqelərinə hücum etsə də, nəticə əldə edə bilməyib. Buna Ukrayna ordusunun Severski Donets çayının cənub sahili boyunca və Slavyanskın cənub-şərqində həyata keçirdiyi əks-hücumlar səbəb olub.

Bununla yanaşı, ekspertlər Rusiyanın Konstantinovka ərazisində müəyyən irəliləyiş əldə etmiş ola biləcəyini bildirirlər. Söhbət şəhərin şimal-qərb hissəsindən gedir. Ukrayna müdafiə qüvvələri həmin əraziyə azı səkkiz zərbə endirib.

Analitiklərin qiymətləndirməsinə görə, bu, Donetsk vilayətində Rusiya ordusunun müəyyən uğur qazana bildiyi yeganə istiqamətdir. Dobropolye istiqamətində isə Ukrayna qüvvələrinin əks-hücumları nəticəsində Rusiya ordusu irəliləyə bilməyib.

ISW analitikləri Zaporojye vilayətində də Ukrayna müdafiə qüvvələrinin əks-hücumlarına diqqət çəkiblər. Rusiya ordusu Orexovun cənubunda irəliləməyə çalışıb. Analitiklərin məlumatına görə, Moskvanın məqsədi Zaporojye şəhərinə mümkün qədər yaxınlaşaraq vilayət mərkəzini artilleriya vasitələri ilə atəşə tutmaq imkanı əldə etməkdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin