Xəbər verdiyimiz kimi, avqust ayında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) ümumilikdə 70 əczaçılıq müəssisəsində yoxlama aparıb. Nəticədə isə 19 aptekdə müxtəlif qayda pozuntuları aşkarlanıb.
Maraqlıdır, apteklərdə aşkarlanan bu nöqsanlara konkret olaraq nələr daxildir?
Mövzu ilə bağlı AEM-dən Bizim.Media-ya verilən məlumatda yoxlamalar zamanı müəyyən edilən qayda pozuntularının nələr olduğu açıqlanıb:
“Aşkarlanmış pozuntular aptek təşkilatlarına dair tələblərin pozulması, dərman vasitələrinin reseptsiz buraxılması, lisenziya olmadan əczaçılıq fəaliyyəti, əczaçılıq təhsili olmayan şəxslərin əczaçılıq fəaliyyəti göstərməsi və dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədardır”.
Bəs bu nöqsanların nəticəsində sözügedən apteklərin lisenziyaları ləğv ediləcək?
“Aptek təşkilatlarında aparılan yoxlamalar zamanı lisenziyadan kənar fəaliyyət göstərilməsi, qanunda nəzərdə tutulmuş qaydada əczaçılıq təhsili və ya təsdiqlənmmiş sertifikasiya şəhadətnaməsi olmadığı, aptek təşkilatlarına dair tələblərə əməl edilməməsi, dövlət qeydiyyatı tələb olunan lakin dövlət qeydiyyatından keçməmiş, yararlılıq müddəti bitmiş, saxlanma şəraitinə düzgün əməl olunmayan dərman vasitələri aşkarlanıb.
Bu nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokollar tərtib olunub. Əlavə olaraq, nöqsan aşkar olunan əczaçılıq müəssisələrində yenidən aparılan yoxlamalar zamanı eyni pozuntuların aşkar olunması təqdirdə Səhiyyə Nazirliyi sözügedən əczaçılıq müəssisələrinin lisenziyasının dayandırılması məqsədilə müvafiq quruma müraciət edə bilər” , - deyə qurumdan bildirilib.
Nəzrin Mirzəyeva , Bizim.Media

































































































