Bariz Zeynalovun plastik-cərrahi əməliyyatla məşğul olması iddialarına RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Bariz Zeynalovun plastik-cərrahi əməliyyatla məşğul olması iddialarına RƏSMİ AÇIQLAMA

634841

Xəbər verildiyi kimi özünü plastik-estetik cərrah kimi təqdim edərək qanunsuz əməliyyatlar həyata keçirdiyi iddia olunan Bariz Zeynalovla əlaqədar məsələni gündəmə gətirmişdik.

Xatırladaq ki, onun adı Səhiyyə Nazirliyinin fəaliyyətinə icazə verdiyi plastik cərrahların siyahısında olmasa da, o öz sosial şəbəkəsində icra etdiyi estetik əməliyyatları paylaşır.

Ancaq həkim Bizim.Media-ya açıqlamasında hazırda ümumi cərrah olduğunu, səhifədə paylaşılanların köhnə əl işləri olduğunu bildirmişdi.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən şəxs haqqında quruma daha əvvəl də vətəndaş şikayəti daxil olub.  

"Analitik Ekspertiza Mərkəzinə Bariz Zeynalovun fəaliyyəti ilə bağlı vətəndaş şikayəti daxil olub və məsələ dərhal nəzarətə götürülüb.

Araşdırma zamanı müəyyən edilib ki, Bariz Zeynalov Musa oğlu ixtisasca həkim-ümumi cərrahdır və “ümumi cərrahiyyə” ixtisası üzrə 12.09.2030-cu il tarixinədək qüvvədə olan sertifikasiya şəhadətnaməsi əsasında qanuni praktik tibb fəaliyyəti ilə məşğul ola bilər".

Qurumdan Bariz Zeynalovun plastik-cərrahi əməliyyatla məşğul olması iddialarına belə münasibət bildirilib:

"Vətəndaşın göstərdiyi tibb müəssisəsində onun rəsmi əmək fəaliyyəti təsdiqlənməyib. Həmçinin həkimin sosial şəbəkə hesabında birbaşa əməliyyat prosesini əks etdirən paylaşımları aşkar edilməyib. Qeyd edirik ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, özəl tibb fəaliyyəti subyektində çalışan tibb mütəxəssisinin ixtisasına uyğun olmayan praktik tibb fəaliyyəti ilə məşğul olması faktı təsdiqedici sənədlər və ya digər sübutlarla birlikdə Mərkəzə təqdim edildikdə, aidiyyəti üzrə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər dərhal görülür və məsələ növbəti icraata yönəldilir",- deyə qeyd edilib.

Qeyd edək ki, Bizim.Media-nın “Plastik cərrah siyahısında yoxdurlar, amma əməliyyat edirlər – Saxta cərrahlar yenə İŞ BAŞINDA – FOTOFAKT” başlıqlı yazısında plastik cərrah siyahısında adı olmayan və estetik əməliyyatlar icra edən Rza Rzayevdən də bəhs etmişik. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi sözügedən şəxslə bağlı məsələyə münasibət bildirməyib.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin