Əli Nağıyev Moderator.az-a şok müsahibə verdi

Hazırda oxunan: Əli Nağıyev Moderator.az-a şok müsahibə verdi

45428

Söhbətin əvvəlində diktafonu işə salmaq yadımdan çıxır. Amma söhbət elə qızışır, baxıram ki, bir saata yaxın danışmışıq, diktafonsa yanımda “mürgü vurur”. Diktafona baxdığımı görən müsahibim də deyəsən ürəyimdən keçəni dərhal anlayır və zarafatla işarə edir ki, əslində söhbətin elə yaxşı yerini yazmağı əldən verdin...

Beləliklə, həmsöhbətimiz müasir Azərbaycan siyasi səhnəsinin təqdimata ehtiyacı olmayan azsaylı nümyanədlərindən olan Əli Nağıyevdir. Onunla çox səmimi və açıq söhbət etmişik. Əminik ki, bu qədər iri həcmli bir yazını oxuyarkən itirdiyi vaxta görə kimsə heyfslənməyəcək...

Söhbət hakimiyyətin nöqsanlarını tənqid edənlərin süngüylə qarşılanmasından düşür və həmsöhbətim bir çox arqumentlərimlə razılaşmır və min illərin sınağından keçmiş hikmətli sözlərə, fəlsəfi fikirlərə istinad edərək maraqlı təkliflər səsləndirir. Deyəsən, Əli müəllimdə Nizamiyə sevgini, məhəbbəti sözlə ifadə etməkdə çətinlik çəkəcəm...

...Mən yenə deyirəm, yəhudilərin ana kitabı “Talmut” olduğu kimi azərbaycanlıların da ana kitabı Nizaminin “Xəmsə”si olmalıdır. Görün Nizami nə deyir:

Çox yaxşı olsa da eybi gizlətmək

Dost dostun eybini örtməsin gərək.

Bu dostluq aynası göstərir ki, sən

Eybini özündən kənar edəsən.

Nizami bunu 850 il öncə deyib. Dünyanın siyasət nəhənglərindən biri Çörçil görün nə deyir: “Kritika mojet bıt nepriyatnoy, no ana neabxadimo. Ana vıpalnyaet tu je funksiyu, çto i bol - obraşaet vnimaniye na nezdarovoye sostoyoniye del”. Yəni biri mütəfəkkir, intəhasiz düha sahibi, müdriklik simvolu, o biri də siyasət nəhəngi. Ona görə də bu gün həmin o çatışmazlıqlar dilə gətirilərkən düşünmək lazım ki, onlardan Almaniyada, Fransada yoxdurmu? Sarkozi seçkilərində Qəzzafidən 150 milyon pul aldı, sonradan üstü açıldı...

-Amma heç bir ölkədə bizdəki həcmdə və formdada nöqsan yoxdur.

-Razılaşmıram. Amerika birdən-birə Amerika olmadı ki. Görün amerikalılar bu günlərə gəlmək üçün neçə yüz il yol keçiblər? Amma bizdə ötən əsrin əvvəllərində rəhmətlik Məmməd Əminin qurduğu hökumət heç iki il yaşaya bilmədi, darmadağın oldu. Bundan sonra da 70 il bizə əks tərbiyə verməyə başlayıblar. Təbii ki, həmin dövrdəki təhsilin, elmin, texnologiyanın və digər sahələrin inkişafını da inkar etmirəm. Bunlar millətimizin 70 ildə əldə etdiyi böyük nailiyyətdir.

-Amerika bu yolu 200 ilə keçibsə, biz də bu qədərmi vaxt itirməliyik?

-O baxır nədə.

-Ən azından Saakaşvili nümunəsi var.

-Saakaşvili getdi, səncə indidəmi Gürcüstanda vəziyyət Saakaşvili dönəmində olduğu kimidi? Yəni fərdləri deyil, elementləri tərbiyələndirib o yerlərə qoymayanda inzibati yolla o işləri qaydaya salmaq mümkün deyil. Yəni biz millətə Nizami tərbiyəsini verməliyik ki, insanlarımız təhsilli və dünyagörüşlü olsun, hər şeyi də biz prezidentdən gözləməyək. Ona görə də hesab edirəm ki, tənqid hökmən lazımdır. Özü də tənqid komandanın içindən olanda sən rəqibə yer qoymursan. Tənqid də gərək ədalətli ola. Allah Elçibəyə rəhmət eləsin, deyirdi ki, kiminsə inəyi itibsə, gəlib prezidentdən görməməlidir. Amma bu başqa məsələdir ki, bir ildə avtomobil qəzasından 1400-ə qədər adam dünyasını dəyişibsə, bu çox böyük rəqəmdir. Hansı ki, 6 ay lazımdır ki, bu itkiləri ən azı yarıbayarı azaldasan. Gəlin razılaşaq ki, bu işlərə bir əncam çəkmək olar. Bunu da prezident şəxsən icra etməməlidir axı. Bu işə birbaşa məsul olan dövlət qurumları var. Yol polisi, rayon icra başçıları, yolların istismarına cavabdeh olan qurumlar- məhz bu qurumlardan tam ciddiliyi ilə məsuliyyət tələb olunsa dediyim kimi, bu itkiləri yarıbayarı azaltmaq olar. Mən özüm maşın sürürəm. Neçə dəfə yolda saxlamışam. Yəni kəmər bağlamamışam və ya sürəti bir az artırdığıma görə “QAİ” saxladıb. Qayıdıram ki, yaxşı, başa düşdüm, kəməri bağlamamışam, indi deyirsən neynəyim? Tanıyırlar deyə, qayıdırlar ki, Əli müəllim, gedin və yaxud qəbzi göndəriblər, cərimə ödəmişəm. Deyirəm a kişi, bax, keçən maşını görürsən? QAZ-24 gedir, üstündəki yükünə bax, qabaqdan 2 metr, arxadan 2 metr armaturlar çıxır, sən mənə de görüm onun törədə biləcəyi qəza çox olar, ya mənim kəmər bağlamamağım? Bəs o “haqq-hesab”ını niyə qaldırıb saxlatmadın? Deyirəm ki, 50 metdən sonra bir təhlükəli çala var ki, nabələd sürcü qəza törədə bilər. Amma sən axşam onu yazıb rəhbərliyin və onlar da icra hakimiyyəti başçılarının stolunun üstünə qoymalıdırlar ki, filan yeri gecəylə düzəltmək lazımdır. Yaxud qaydalara görə ağır tonnajlı qoşqulu maşınların gündüzlər şəhərin mərkəzində yük aparması qadağandır. Amma baxın görün reallıqda vəziyyət necədir?

-Heydər Əliyevdən danışaq. Onunla sonuncu görüşünüzü xatırlayırsınızmı?

-Rəhmətlik Heydər Əliyevlə təkbətək sonuncu görüşüm 2002-ci ildə olub. Onda da göstərdi ki, bu nə qədər böyük və ədalətli kişidir. Əslində məni çağırmışdı Eynulla Fətullayevin məsələsi üstündə işdən çıxarmağa. Bir dəfə Eynulla qəzetdə yazı yazaraq Vaqif Hüseynovu müdafiə etmişdi. Onu çağırıb dedim ki, belə şeylər nə sənə xeyir gətirir, nə mənə. O da qayıtdı ki, səhv etmirəmsə Vaqif Hüeynovun anası və ya qaynanası çağırıb ağladı, hissiyatım da məni sövq elədi ki, bunu yazam. Dedim bir də belə şeylər eləmə. Sonra ikinci yazını yazdı. Eynullanı çağırdım dedim ki, necə fikirləşirsən, bütün bunlardan sonra biz bir yerdə işləyə bilərikmi? O da ərizəsini gətirib stolun üstünə qoyub getdi. Bu gün Eynullanı işdən çıxardım, sabahısı məni Prezident Aparatına Heydər Əliyevin yanına çağırdılar. Səhv etmirəmsə Taryel zəng elədi ki, kişi səni çağırır. Hər şey elə qurulmuşdu ki, mən ora gedən kimi işdən çıxarılacaqmışam. Yəni mənim işdən çıxarılacağımdan zövq alacaq adamlar hamısı hazır vəziyyətdə gözləyirdilər. İnanın ki, mənim də bütün bunlardan xəbərim yox. Amma ürəyimə dammışdı ki, hansı mövzuda danışılsa belə, Eynulla məsələsi də mənə eşitdiriləcək. Bu yerdə yada salım ki, mən Eynullanı 1994-cü ildə partiyaya gətirmişəm. Onda 19 yaşı vardı, cavan uşaq idi. Amma o yaşda olan adamların içində o cür intellektual adam çox azdır. Özü də mən bunu o məqsədlə partiyaya gətirmişəm ki, gəncləri siyasi aktivliyə sövq eləsin. Bu məqamda qeyd edim ki, bu gün adını çəkmək istəmədiyim bir nəfər var, onu da vaxtilə YAP aparatında işə götürmüşdüm, o Eynulla haqqında bir mənfi xarakteristika yazıb gətirmişdi mənə. Hansı ki, bu adamın intellektual səviyyəsi Eynulladan çox aşağıdır. Mən də yazıya baxıb tulladım üstünə. Təsəvvür edin ki, həmin xarakteristikanı saxlayıblar, gətirib 8 il sonra Heydər Əliyevin stolunun üstünə qoyublar ki, biz o vaxt Əli Nağıyevə Eynullanın belə bir adam olduğunu demişdik. Heydər Əliyev də qayıtdı mənə dedi ki, bəs mənə deyirlər o vaxt sənə bu barədə deyiblər, niyə vaxtında ölçü götürməmisən? Dedim ki, Heydər Əliyeviç, Eynullanı mən partiyaya gətirəndə 19 yaşı vardı, İstəmişdim ki, savadlı adam bizimlə olsun. Mənim xüsusi aparatım yox idi onun nə fikirləşdiyini bilim. Yadına saldım ki, vaxtilə siz də bir neçə adamı işə götürüb sonradan rədd eləmisiniz, həmin adamları da misal çəkdim ki, sizin də rentgeniniz yox idi ki, onların kim olduqlarını görə biləsiniz. Həm də dedim ki, Heydər Əliyeviç, onu yazan adamın səviyyəsi Eynullayla müqayisə olunacaq qədər deyil. Yəni bilirsən, o  adamların əxlaqı təmiz idisə, Eynullanın bir neçə dəfə iqtidarı və şəxsən Heydər Əliyevi təbliğ edən yazıları vardı, bəs onları niyə aparıb prezidentin stolunun üstünə qoymamışdılar? Bayaq da mən sənə dedim, tənqidsiz həyat yoxdur. Tənqid də hökmən olmalıdır, özü də bu tənqid komandanın içindən olmalıdır ki, rəqibin əlinə fürsət keçməsin. Ancaq tənqid də gərək qərəzli olmasın.

-Komandanın içindən gələn tənqid də süngüylə qarşılanır. Hüseyn Abdullayevin başına gətiriləınlər yaddan çıxmayıb axı.

-Mən Hüseyn Abdullayevi tanımıram və heç bilmirəm o nə deyib. Digər tərəfdən, tutaq ki, hansısa məsələyə səninlə mənim öz baxışımız var. Üstəlik, mən nazir olmuşam axı və bu cür məsələrəri də nisbətən yaxşı bilirəm. Yəni bizim hansısa məmurla bağlı öz baxışımız var ki, filan məsələdə səhv elədi və gərək prezident onu dar ağacından asaydı. Yəni sən və mən oxuduğumuzdan və müşahidələrimizdən, eşitdiyimizdən məlumat alırıq. Ancaq prezident ən azı 5 mənbədən eyni məsələ haqqında məlumat ala bilir. Yəni ən azı bizim bildiyimiz bunlardı- MTN, DİN-in 7-ci idarəsi, Prezident Aparatı, yerlərdə icra hakimiyyətləri və YAP var. Ondan başqa da deyək ki, Heydər Əliyev gecə götürüb bir polis rəisinə zəng edirdi və bir yarım saat o polis rəisiylə danışırdı. Həmin yarım saatlıq söhbətin içində ona lazım olan hansısa iki cümləni həmin polis rəisinin ağzından tutmaq istəyirdi. Yaxud bir bəstəkara zəng edib bir saat onunla söhbət edərək ona lazım olan ikicə cümləlik informasiyanı alırdı. Yəni bu adam çox böyük siyasət nəhəngi və tarix yaradan kişi idi. Ona görə də prezidentin filankəs haqqında niyə qərar qəbul etməməsi həmin o 5 mənbənin məlumatlarının analizindən və tutuşdurulmasından asılı olur. Bir sözlə, prezidentin qərar qəbul etməsiylə adi adamların qərar qəbul etməsi arasında dağ boyda fərq var.

-Söhbətimiz uzandı. Eynulla ilə bağlı Prezident Aparatına getdiniz...

-Mən onunla çox açıq və səmimi söhbət etdim, əlimdəki bütün faktları qoydum ortaya. Dedim Heydər Əliyeviç, 19 yaşlı bir uşağı pariyaya cəlb etməkdə mənim nə marağım ola bilərdi?

-Razılaşdı Sizinlə?

-Tamam razılaşdı. Baxmayaraq ki, hər şey, bəlkə də mənim işdən çıxarılmağımla bağlı fərman da hazırlanmışdı, ancaq yarım saatlıq söhbətdən sonra Heydər Əliyev başladı mənə nəsihət verməyə. Gördü ki, qarşısındakı həmin Əlidi də. Yeri gəlmişkən deyim ki, Heydər Əliyevlə birinci görüşüm 92-ci ilin iyulunda olub. Onun yanında 6 nəfər idik. Fərəməz Maqsudov, Rizvan Vahabov, Məzdək Hüseynov və yadımda qalmayan daha 3 nəfər vardı. Təbii ki, yaş senzi mitinqlərindən mənim kim olduğumdan xəbəri vardı,  ən azından Cəlal müəllimin birbaşa tələbəsi olmasam da məni oxumağa məhz o göndərib.

-Yaş senzi mitinqlərinin də yalançı qəhrəmanları peyda olur hərdən...

-Xocalı hadisələrindən sonra artıq Mütəllibovu yola saldılar. Müxtəlif söhbətlər gedirdi, Dövlət Şurası yaratmaq barədə müzakirələr açılmışdı. Biz də “Əlincə” Cəmiyyətində yığışdıq və Dövlət Şurası təklifi hazırladıq. Orda 8-9 nəfərin-Yaqub Məmmədovun da, Həsən Həsənovun da, Əbülfəz Elçibəyin də, Etibar Məmmədovun, o cümlədən Heydər Əliyevin də adı vardı. “Əlincə” Cəmiyyətinin qərarında bu adlar əks olunmuşdu. Qəzetin də redaktoru rəhmətlik Eldar Baxış idi. Fərəməz Maqsudov İstanbula 3-4 aylıq dərs deməyə getdiyindən cəmiyyətə rəhbərliyi sədrin müavini kimi mən edirəm. Qəzet çap olundu gəldi ki, Eldar Baxış Heydər Əliyevin adın çıxarıb.

-Hansı qəzetdən söhbət gedir?

-“Əlincə” Cəmiyyətinin qəzeti olan “Səs” qəzetindən. Eldar Baxışla aramda çox kəskin söhbətim oldu və ona dedim ki, sən kimsən, bu qəzeti saxlayan mən, Cəmiyyətin qəbul etdiyi qərarın əleyhinə bu cür addım atmısan? Eldar Baxış elə ordaca ərizə yazıb getdi. Təxminən 2-3 ay Böyükkişi Heydərli və Teyfur Çələbi qəzetə rəhbərlik etdilər. Səhv etmirəmsə iyun ayında Ağabəy  “Səs” qəzetinə gəldi. Ağabəy gələndən sonra da artıq “Səs” qəzeti necə deyərlər, aləmə səs sala bildi. Heydər Əliyevin də o vaxt dediyi bir məhşur sözü var ki, nəhayət, siz xeyriyyəçilikdən qurtarıb əsl xeyirli işlər görməyə başladınız. Nə isə, Eldar Baxış belə edəndən sonra bilmədim ki, neynəyəm. Məsləhətləşdiyim adam da bir Həsən Zeynalovdur. Onda o Naxçıvanın daimi nümayənəsi idi. O bütün varlığı ilə Heydər Əliyevə sədaqətli bir adamdır.

-İndi İstanbuldakı baş konsulumuzdur.

-Mən durub getdim “Biosentr”də Cəlal müəllimin yanına. Mən də 1985-ci ildə Cəlal Əliyevin yanından çıxıb getmişəm, 92-ci ilədək bir dəfə də olsun onunla görüşməmişəm. Mən qapını açıb içəri girəndə çox təəccübləndi ki, sən hara, bura hara? Dərhal cümləni elə başladım ki, təəccübə yer qalmadı. Dedim bircə suala cavab istəməyə gəlmişəm-Heydər Əliyevin yenidən Azərbaycana gəlib ölkəni idarə etmək istəyi varmı? Azərbaycan dağılır və o Heydər Əliyevdən imdad istəyir. Dedim ki, onun belə bir niyyəti varsa, bu dəqiqə gedib cəmiyyətin iclasını çağırıb Heydər Əliyevin namizədliyini irəli sürərək Ali Sovetə təqdim edirəm. Yəni hər şey ilk dəfə belə başlayıb. Ondan sonra biz “Əlincə” Cəmiyyətinin iclasın çağırdıq, həmin o Əkrəm Əylisili orda çox böyük ləyaqətsizlik elədi. Ondan başqa adın çəkmək istəmədiyim bir hörmətli ədəbiyyat professorumuz var, o durdu orda mənim sözümün qabağında Əbülfəz Elçibəyin namizədliyini irəli sürdü. Mən də etiraz etdim ki, biz bura Əbülfəz Elçibəyin namizədliyini irəli sürməyə yığışmamışıq. Biz ancaq Heydər Əliyevin namizədliyini irəli sürürük.

-Əkrəm Əylisli də “Əlincə” Cəmiyyətinin üzvü idi?

-Bəli, yaradılmasında iştirak edib. Elə Eldar Baxışı “Səs” qəzetinə o təklif etmişdi. Dediyim ədəbiyyat alimi ki, Elçibəyin namizədliyində israr elədi, mən Heydər Əliyevdən qabaq bir gediş edərək Əbülfəz Elçibəylə bağlı belə bir səsvermə təklif etdim ki, burda kim Əbülfəz bəyin namizədliyinin irəli sürülməsinə razıdır, əlini qaldırsın? Cəmisi 3 nəfər əlin qaldırdı. O da qaytıdı ki, sən lap Qorbaçov kimi səsvermə keçirdin. Mən də ona cavab verdim ki, biz bura ancaq Heydər Əliyevdən ötəri yığışmışıq. Elə həmin iclasdaca Heydər Əliyevin namizədliyini irəli sürdük, protokolu da aparıb Ali Sovetə təqdim elədik. Ondan sonra da yaş senziylə bağlı mitinqlər gündəmə gəldi. Üzr istəyirəm, Əkrəm Əylisli ilə bağlı dediyim ola bilsin ki, həmin iclasda yox, Elmlər Akademiyasının Rəyasət Heyətinin binasında YAP-ın yaradılmasını elan etdiyimiz iclasda olub. Orada aramızda qarşıdurma oldu.

-“91-lər” də ordan başlandı...

-O sonradan oldu. Yəni mən gedib iyul ayında Naxçıvanda Heydər Əliyevlə görüşəndən sonra, yəni görüşdə iştirak edən 6-7 nəfər çıxandan sonra Heydər Əliyev məni saxladı. Bir xeyli mənimlə söhbət elədi və tövsiyyələrini verdi. Həmin orda verdiyi nəsihət 10 il sonra məni işdən çıxarmaq üçün Prezident Aparatına çağırarkən verdiyi məsləhətlə səsləşirdi. Ona görə də bu paraleli aparmağa çalışdım. Yəni sonuncu söhbətimizdə mənim xatirimə ilk dəfə Heydər Əliyevlə görüşdüyüm an gəldi. Bu adamda mənə qarşı nə qədər nifrət kökləmişdilərsə, bir anın içində hamısı yuyulub getdi.

Qayıdaq “91-lər”ə...

-“91-lər”dən qabaq deyilməli bir vacib məqam var. Yaş senzi mitinqlərini Hacı Əbdülgil pozandan sonra biz məcbur olub Ali Sovetin qarşısından yığışıb gəldik Elmlər Akademiyasının qarşısında başladıq mitinqlərə. Amma cəhdlərimiz nəticə vermədi və Heydər Əliyevin namizədliyini qəbul etdirə bilmədik. İyun ayında ki, Naxçıvanla Türkiyəni birləşdirən o tarixi “Ümid” körpüsü açılırdı, onda mən rəhmətlik Murtuz Ələsgərovla Siyavuş Novruzovu Naxçıvana göndərdim, Siyavuşa da bərk-bərk tapşırdım ki, çalışsın partiya yaratmaq məsələsində kişinin fikrini öyrənsin. Yəni təxminən bir ay ərzindəki yaş senziylə bağlı mitinqlərimiz nəticə vermədiyindən partiya yaratmaq lazım idi ki, bu mübarizə davam etsin. Bununla yanaşı artıq mənim Cəlal müəllimlə münasibətlərim çox sıxlaşdı və istədyim vaxt zəng edərək gedib onunla görüşə bilirdim. Cəlal müəllimə dedim ki, siz bir kişinin fikrini soruşun görün bəlkə partiya yaradaq. Cəlal müəllimin də fikri belə oldu ki, bilirsən nə var, kişi deyir ki, yenə o çirkin adamlar gələcək bura dolacaq, mənim adıma ləkə gətirəcəklər. Yəni mənim partiya yaratmaqla bağlı sualıma Cəlal müəllimin cavabı belə oldu. Ondan sonra Siyavuşgili Naxçıvana yola salanda Siyavuşa bərk-bərk tapşırdım ki, çalışın kişinin özüylə bu barədə bir yaxşı danışasınız.

-Niyə özünüz getmədiniz?

-Çünki getməyə imkanım olmadı. O zaman Naxçıvanda vəziyyət çox ağır idi. Ona görə də biz Naxçıvana silah göndərmək kampaniyası təşkil etmişdik. Mən bu işlərlə məşğul idim. 7 reys İL-76 təyyarəsi ilə Naxçıvana silah-sursat yola salmışam. Hər reysə də təyyarəçilərə 70 min rubl pul vermişik. O pulları da naxçıvanlılardan yığırdıq. İndi YAP-ın Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov, mən, Siyavuş digər naxçıvanlılarla birlikdə o vaxt Elmlər Akademiyasının prezidenti Eldar Salayevin Fotoelektronika İnstitundakı kabinetində bu işləri görürdük. Fikrət İsmayılov kassa idi, pullar onun seyfinə yığılırdı, Siyavuş Novruzov siyahı tuturdu, mən də bu işləri təşkil edirdim, təyyarə reyslərini də Həsən Zeynalov danışırdı, Fikrət İsmayılov da puları yığırdı “klok”lara, Siyavuş aparıb Həsən Zeynalova, o da təyyarəçilərə verirdi. Yəni mən Bakıda həmin kampaniyaya başçılıq etdiyimdən Naxçıvana gedə bilmədim. Siyavuşgil “Ümid” körpüsünün açılışında iştirak edib qayıdıb gələndə soruşdum ki, nooldu? Dedi ki, kişiyə dedik, nə “yox” dedi, nə “hə”. Ondan sonra mən bir az ürəkləndim, dedim yox ey, bu işdən əl çəkməyəcəm. Ona görə də bayaq dediyim o adamları götürüb Naxçıvana kişiylə görüşə getdik. Yəni “götürüb” deyəndə “Əlincə” Cəmiyyətinin puillarını mən yığırdım deyə onların təyyarə biletlərini də mən aldığımdan onların hamısın mən dəvət etdim ki, birlikdə gedək kişinin yanına. Yəni biz də partiya söhbətini kişinin qarşısına qoyduq. Onda da kişi nə “yox” dedi, nə “hə”. Mənsə öz hesabımı götürdüm ki, bu elə “hə” cavabı kimi bir şeydir. Bu oldu 92-ci ilin iyul ayının 15-də. Qayıdıb gələndən sonra başladıq bu istiqamətdə fəaliyyətə. Zahid Qaralov onda Pedaqoqika İnstitutunun direktoru idi, onun yanında yığışıb nizamnaməni-filanı hazırladıq. Günün birində mən bir də Naxçıvana gedəsi oldum, iyul ayının 22-də. Getdim ki, kişidən bir istiqamət alam ki, bu partiya sağ partiya olacaq, sol partiya olacaq, adı nə olacaq-filan. Yəni 22-də artıq demək olar ki, kişi cavab verdi və söhbətdən sonra qayıtdı ki, əslində keçən dəfə mən sizə sözümü dedim. Çıxanda da mənə qayıtdı ki, ayın 18-də Sirus Təbrizli də eyni sualla bura gəlmişdi, sən qayıdanda onunla görüş. Ondan sonra gəldim getdim Sirus Təbrizliylə də görüşdüm. Beləliklə, partiya quruculuğuna başladıq. Bax o zaman “91-lər” meydana gəldi. Əslində “91-lər” YAP yaradıcılığının ilkin mərhələsində aparılan məqsədyönlü işlətdən biri idi.Məqsəd insanları Heydər Əliyev şəxsiyyəti ətrafında toplamaq idi. Biz bu cür işlərlə eyni zamanda o zamankı iqtidara anladırdıq ki, siz Azərbaycanı fəlakətə apardığınıza görə insanlar bir xilaskar kimi Heydər Əliyevi çağırır. Eyni zamanda biz Naxçıvandan prosesi izləyən Heydər Əliyevə göstərirdik ki, hər zümrədən olan insanlar Azərbaycanın hər yerindən onu çağırır. “Səs” qəzetində də bu istiqamətdə çox ciddi təbliğat başladı. Ağabəy bu yola çox sədaqətlə xidmət edib, gərək olana “yox” deməyəsən. Rəhmətlik Cabir Novruz deyirdi ki, sağlığında qiymət verin insanlara. Nizami isə bunu daha əzəmətli deyib:

Ardı var...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin