Vergi zülmünə söykənən imperatorluq

Hazırda oxunan: Vergi zülmünə söykənən imperatorluq

49755
Hafiz Məmmədovun “Bank Of Azerbaijan”-ın pullarını götürüb ölkədən qaçması xəbəri təsdiqləndi. Verilən məlumatlara görə iş adamının özü bu məsələyə aydınlıq gətirərək ölkədən qaçışının səbəbini özəl mülkiyyətinin əlindən alınması ehtimalıyla əlaqələndirib. 
Həmkarları içərisində böyük dəstəyiylə seçilən, ünü Fransadan, İngiltərədən gələn bir iş adamının öz ölkəsində basqılara, təzyiqlərə duruş gətirməməsi, əlindəki kapitalı xaricə çıxarmaqla onun təhlükəsizliyini qorumağa çalışması Azərbaycanda sahibkarların nə qədər çətin vəziyyətdə olmasından xəbər verir. 
İş adamlarına göstərilən bu təzyiqlər yalnız onların iflas etməsiylə qalmır, həm də bütövlükdə ölkə vətəndaşlarımızın iqtisadi durumuna təsir göstərir. Müəllim və həkimlərin maaşlarının azlığı, sosial təminata məhkum qocaların ağır iqtisadi vəziyyəti, ümumiyyətlə, bütün sahələrdə üzləşdiyimiz problemlər sahibkarlara bəslənən bu düşmən münasibətdən qaynaqlanır. Nəticədə ölkə iqtisadiyyatı batır. Üzümüzü ağardan “qara qızıl”ımızın sayəsində bu gün ayaq üstə dayana biliriksə, bu hələ ölkənin stabil iqtisadi gücünün göstəricisi deyil və tükənən sərvətlərə ümidini bağlayan cəmiyyətin gələcəyi də sərvəti kimi tükənməyə məhkumdur.
Nə yazıq ki, təbii sərvətlərimizin gətirdiyi gəlirlərin iqtisadi potensialımızın möhkəmlənməsinə yönəldiyini müşahidə edə bilmirik. Nə qədər özümüzü bölgənin lider dövləti kimi görsək də faktlar ayrı mətləblərdən xəbər verir. Təsəvvür edin, 2013-cü ilin statistikasına görə Azərbaycanın neftsiz büdcəsi 4.1 milyard manatdır. Heç bir sərvəti olmayan Gürgüstanın isə sadəcə vergi gəlirlərindən əldə etdiyi vəsait təxminən elə bu qədərdir. 
Maraqlıdır ki, bizim neftsiz büdcəmizin hardasa 3/1 hissəsi gömrük rüsumlarının payına düşür. Gürcüstanda isə xarici iqtisadi əlaqələr heç bir vergiyə cəlb olunmayıb. Gömrükdən büdcəyə daxil olan vəsaitləri çıxsaq belə anlaşılır ki, Gürcüstan kimi kasıb bir ölkənin qeyri-neft sektorundan qazandığı gəlir bizdən 25-30% çoxdur.
Bu qədər böyük utanc duyulacaq durum qarşısında vergilər naziri Fazil Məmmədov isə öz fəaliyyətindən ağız dolusu danışmaqdan çəkinmir. Onun 2014-ci il büdcəsinin birinci rübüylə bağlı çıxışında səsləndirdiyi fikirlər dediyimizin ən bariz sübutudur. Xatırlayırsınızsa Nazirlər Kabinetində 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasdakı çıxışında nazır büdcəyə cəlb olunmuş 4 milyard 482 milyon manatın sadəcə 1 milyard 762,9 milyon manatının özünün rəhbərlik etdiyi nazirliyin payına düşdüyünü bildirmişdi. Nazirin çıxışından aydın olur ki, bu il də büdcənin yarıdan çoxu (hardasa 2 mlrd. 342,6 mln manat) yenə Dövlət Neft Fondunun hesabına təmin edilib və ediləcək. Elə bu faktın özü bir çox mətləblərdən, Azərbaycanın iş dünyasındakı acınacaqlı durumdan xəbər verir. 
Təbii ki, Azərbaycan büdcəsinin formalaşmasında qeyri-neft sektorunun bu qədər acınacaqlı durumu səbəbsiz deyil. Başlıca səbəb ölkəmizdə mülkiyyət toxunulmazlığının olmaması, işadamlarımızın boynuna yüklənən qanunsuz rüsum və vergilərdir. Bu gün adi mağazadan tutmuş istehsal sahələrinə qədər bütün kiçik müəssisə sahiblərini danışdırsan hər kəs onlardan qanunsuz toplanan vergilərdən bəhs edər. Hətta ekspertlərin hesablamalarına görə vergi sistemində toplanan “xəraclar” alınan vergilərdən hardasa 3 dəfə çox olur. 
Vergi zülmü istər-istəməz kiçik sahibkarları böyük işadamları qarşısında zəif duruma salır, bir sıra iş yerlərinin bağlanmasına səbəb olur. Ölkədə hər gün bağlanaraq üzərində “icarəyə verilir” yazılarının asıldığı ticarət obyektlərinin sayı durmadan artır. Vergi zülmündən zinhara gələn işadamlarımız bütün pulunu-parasını götürüb Hafiz Məmmədov kimi xaricə qaçmaq məcburiyyətində qalırlar.
İşadamlarımızın qorxulu röyasına çevrilən vergi kabusunun ən zəhmli sifətlərindən biri də Vergilər Nazirliyinin yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentidir. Bu departament  tərəfindən «toplanmış materiallar» əsasında qaldırılan cinayət işləri sahibkarların müflisləşməsinə, obyektlərini dəyər-dəyməzinə satmasına gətirib çıxarır. Beləcə, Azərbaycanın iqtisadi cəhətdən beli qırılır. Onu bölgənin ən zəif ölkəsinə çevirir. 
İqtisadi göstəricilər isə yaxın gələcəkdə vergi zülmünün azalmayacağından, əksinə, getdikcə artacağından xəbər verir. Belə ki, Neft Fondundan transfertlər bu il ötən illə müqayisədə 2 milyard manat azalıb. Əvəzində qeyri-neft sektoru üzrə dövlət büdcəsinin gəlirlərində təxminən 1,2 milyard manat artım proqnozlaşdırılıb. Deməli, getdikcə azalan neft gəlirinin kompensasiya edilməsi üçün vətəndaşların cibinin soyulması nəzərdə tutulur. Bu isə hələ rəsmi vergilər üçün belədir. 
Bir də Azərbaycanın “kölgə iqtisadiyyatı” var və bu iqtisadiyyatın çarxı rüşvətlə hərəkətə keçir. Millətin cibindən oğurlanıb iri məmurların büdcəsini dolduran rüşvət və korrupsiya pullarının həcmi isə rəsmi büdcədən dəfələrlə çoxdur. Sözsüz ki, neft gəlirlərinin azalması həmin qeyri-rəsmi büdcədə də boşluqlar yaradacaq. Vergilər naziri Fazil Məmmmədovun dəstəsi isə bu boşluğu doldurmaq üçün orta və kiçik sahibkarları daha çox soymağa məhkumdurlar. 
Belə görünür ki, önümüzdəki aylarda vergi zülmündən ölkədən qaçanların sayı daha çox artacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin