Zamanın və millətin seçilmişi...

Hazırda oxunan: Zamanın və millətin seçilmişi...

41990
Təbii ki, hər şeydə bir əmma axtarmaq üçün sinov gedən jurnalist “bu ölkədə bir kişi var , o da İlham Əliyevdir” fikrinə biganə qala bilməz və bu sərsəmləmənin müəllifini boğçasındakı söz “patron”ları ilə dəlik-deşik edər ki, özün kişi deyilsənsə daha başqalarının kişiliyini niyə sual işarəsi altında qoyursan? Lap bir az da qabağa gedib həmin zavallıdan soruşarlar ki, kişiliyimi harda və hansı şəraitdə yoxladın ki, belə əlləm-qəlləm danışıb özünü külli-aləmdə biabır edirsən?  Amma oxucularım inansın ki, Hacıbalanın əziz canına and olsun, bu mövzu mənim üçün o qədər də maraq kəsb etmədi. Çünki fizoloji yöndən yanaşmadıda və məsələyə siyasi anlam verdikdə Abutalıbovun dediklərində həqiqət olduğunu da danmaq ədalətsizlik olardı. Görünən odur ki, ölkə qanunlarla deyil, bir kişinin ovqatıyla idarə olunur və ona görə də əslində Hacıbalanın fikirlərini qəribçiliyə salmamaq da olar...
Ancaq iş elə gətirdi ki, bu sətirlərin müəllifi əlinə düşmüş fürsətə və ilahi təsadüfə görə “Ölkədə yalnız bir kişi var” bəyanatının biçarə müəllifinə minnətdarlıq da etmək fikrinə düşüb. Niyəsini indicə biləcəksiniz.
Çünki mən də elə kişidən yazmaq istəyirəm. O kişidən ki, nə Hacıbalanın ölçü parametrlərinə sığandı, nə mənim bir yazıma. Onun miqyası elədi ki, ölçmək üçün ayrı qafa, ayrı qələm sahibi olmaq lazım. Mən əslində Azərbaycanın kişi adamlarının birindən bəhs etmək istəyirəm, dəyərli oxucum. Mövzumun qəhrəmanı olan o kişi adam bu məmləkətin ən dəyərli insanlarından olan Aslan İsmayılovdur. Təbii ki, onun adının və soyadının qarşısında uzun-uzadı təqdimat da  yazmaq olardı. Ancaq bunu bilərəkdən etmədim. Düşündüm ki, bunu etsəm həm səbəbkara, həm oxucuya xoş getməz ki, bunları sadalamağa ehtiyac vardımı?
Bəli, bu gün Aslanın, məmləkətimizin ən cəsur, ən mərd, ən ləyaqətli, unikal keyfiyyətlərə malik olan və gündüz çıraqla da axtarılsa tapılması müşkül aydınlarımızdan birinin doğum günüdü. O bütün həyatı boyu canına “uf” demədən, şəxsi mənfəət güdmədən, milli mənafe üçün cihad edən bir vətənpərvərdir. Təbii ki, ola bilsin onun hər bir insana xas nöqsanları da yox deyil, ancaq  hələlik mənim rastıma çıxmayıb. Hərdən düşünürəm ki, Aslana bu adı verənlər yəqin “Dədə Qorqud” filmindən nəsə götürüblər. Axı bu dünyada adına layiq adamlar çox azdı. Ancaq Aslan elə aslandır vallah. Elə ona görə də mən bu gün dəyərli dostumun 56 illik müqəddəs yolçuluğunu zirvədən boylanan bir aslanın duruşu kimi təsəvvür edirəm...
Bəzən Cabir Novruzun o məhşur şeirini xatırladaraq deyirlər ki, amanın bir günüdü, sağlığında qiymət verin insanlara. Etiraf edirik ki, biz dirisinə divan tutub ölüsünə ürəkdən ağı deyən bir toplumun don vurmuştək büzüşmüş meyvələriyik. Amma Aslan bəxtəvərdi ki, ona sağlığında haqq etdiyi qiyməti veriblər. Kim verib? Ax, zavallılar, siz yenədəmi elə hesab edirsiniz ki, qiymət vermək  yubileylərdə medal taxmaq və ya hansısa qoltuqla mükafatlandırılmaqdı? Əsla, insana qiyməti millət və zaman verir. Millət onu tanıyır və qədrini bilir. Zamansa qibtəediləcək hövsələ sahibi olduğundan bəzən insan oğlu tıncıxır. Ancaq zaman da artıq onu dişinə vuraraq qiymətini verib...
 Bu azmış kimi o sağlığında dirilər üçün əsər həsr edilən tək azərbaycanlı kimi də tarixə düşməyi bacarıb. Ölməz Bəxtiyar Vahabzadə bütün yaradıcılığı boyu bu dünyadan köçməmiş pyes həsr etdiyi tək diri Aslan İsmayılovdu. Görünür, rəhmətlik də onun diriliyini qiymətləndirmədən dünyadan köçmək istəməyib...
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin