Türkiyənin "Fənərbaxça" idman klubunun prezidenti Sadəddin Saran barəsində qanunsuz mərc oyunlarının təşviqi ittihamı üzrə məhkəmə hökmü elan olunub.
Bizim.Media xəbər verir ki, İstanbul 23-cü Asliye Cəza Məhkəməsində keçirilən məhkəmə prosesinin qərarına əsasən, o, 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Türkiyə mətbuatının əldə etdiyi məhkəmə detallarına görə, Sadəddin Saran ilə yanaşı onun qardaşı Kənan Saran da eyni müddətə həbs cəzası alıb. Davada mühakimə olunan "Saran Group"un icraçı direktoru (CEO) Azade Zeynep Aksal və "S-Sport" kanalının baş direktoru Emre Eren barəsində isə bəraət qərarı çıxarılıb.
Hadisənin pərdəarxası: İttiham nədən ibarətdir?
İstanbul Cümhuriyyət Baş Prokurorluğu tərəfindən hazırlanan ittihamnamədə qeyd olunur ki, Radio və Televiziya Ali Şurası (RTÜK) Sadəddin Sarana məxsus media qrupunun bünyəsində fəaliyyət göstərən "S SPORT" internet yayım platformasında qanunsuz mərc saytlarının reklam edildiyini təsbit edib.
2023-cü ildə yayımlanan futbol matçları zamanı stadionun reklam panolarında və qapıların yan tərəflərində lisenziyasız mərc şirkətlərinin gizli və aşkar reklamlarının yerləşdirilməsi bu cinayət işinin açılmasına səbəb olub.
Məhkəmə iclasında Sadəddin Saran iştirak etməsə də, onu vəkilləri təmsil edib və bəraət qərarı verilməsini tələb ediblər. Lakin Türkiyə Futbol Federasiyasının (TFF) vəkilinin də iştirak etdiyi iclasda hakimlər heyəti "şəxsləri qanunsuz mərc oyunlarına təşviq etmək" ittihamını əsaslı hesab edərək rəsmi həbs hökmünü elan edib.
Hüquqi prosedura uyğun olaraq, qərardan apellyasiya şikayətinin veriləcəyi gözlənilir.
Bizim.Media




































































































