Aslan İsmayılov: “Azərbaycan xalqı məhkəmələrə lənət oxuyur”

Hazırda oxunan: Aslan İsmayılov: “Azərbaycan xalqı məhkəmələrə lənət oxuyur”

43388

Məhkəmə-Hüquq Şurasının son iclasında 2013-cü ildə mülki işlərlə bağlı məhkəməyə müraciətlərin sayının 13% artması Şura tərəfindən öz izahını maraqlı və bir o qədər də əcaib şəkildə tapıb. Bildirilib ki, mülki məhkəmə işlərinin sayının artması mülki dövriyyənin sürətlə artması ilə bağlıdır.

Maraqlıdır, doğrudanmı mülki məhkəmə işlərinin sayının artması mülki dövriyyənin artması ilə əlaqədardır? Doğrudanmı Azərbaycan xalqı mülki məhkəmə işlərinin sayının artmasını öz iqtisadi uğuru kimi qiymətləndirməli, dövlət isə ən mühüm iqtisadi uğuru kimi bu statistika ilə öyünməlidir?

 

“Azərbaycanda hakim özbaşınalığı var”

 

Bununla bağlı Moderator.az-a açıqlama verən vəkil Aslan İsmayılov mülki məhkəmə işlərindəki artımın bu şəkildə izahının savadsızlıqdan irəli gəldiyini və  heç bir məntiqə söykənmədiyini vurğuladı:

“Bu izah peşəkarlıqdan uzaq olan, məhkəmənin nə olduğunu bilməyən şəxslərin təxəyyülünün məhsuludur. Məhkəmə işlərinin artması ölkədə baş verən qanunsuzluğun, korrupsiyanın təzahüridir. Bu, həm də məhkəməyə inamzıszlıqdır. Dəfələrlə demişəm və yenə təkrar edirəm. Dünyanın heç bir yerində rayon məhkəməsinin yüz qərarının yüzündən də şikayət verilmir. Uzağı yüz şikayətin biri və ya ikisindən şikayət verilir. Azərbaycan isə yüz qərarın yüzündən də şikayət verilir. Apellyasiya Məhkəməsinin də yüz qərarının yüzündən də şikayət verilir. Bu gün Azərbaycanda hakim çatışmazlığı yoxdur. Bu gün Azərbaycanda hakim özbaşınalığı var. Məhkəmə işlərinin artmasının digər bir səbəbi də məhz budur. Əgər məhkləmələr ədalətli qərar qəbul etsəydilər bugünlü proseslərin yarısı olmazdı. Çoxları məhkəməyə ona görə müraciət edir ki, pul verib istədikləri qərarı qəbul etdirəcəklərini bilirlər.

 

“Əli Hüseynli Azərbaycan məhkəmələrini tənqid etdiyi üçün Amerikaya meydan oxuyur”

 

Mən bir müddət öncə Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin müsahibəsi ilə tanış oldum. O, öz müsahibəsində Azərbaycan məhkəmələrini tənqid etdiyi üçün az qala Amerikaya meydan oxuyur. Məgər Ə.Hüseynli bilmir ki, məhkəmələr sifarişlə işləyir? Məgər Ə.Hüseynli bilmir ki, məhkəmələr rüşvətlə qərar qəbul edir? Ə.Hüseynli bilmir ki, məhkəmələrdə hansısa oliqarx və məmurun sifarişi qarşısında dayana biləcək bir nəfər də olsun hakim yoxdur? O, bunları bilir. Mən özüm vəkillikdən xaric edilməyimlə bağlı məhkəmələrə müraciət elədim. Hakimlərin hamısı dedi ki, bunun qanunsuz olduğunu bilirik, amma aparatdan tapşırıblar ki, A.İsmayılovun müraciəti rədd olunmalıdır. Məgər bu fakt Ə.Hüseynliyə bəlli deyil? Çox gözəl bəllidir.

Hansı sahibkarlığın inkişafından söhbət gedə bilər ki, kütləvi şəkildə iş yerlərinin bağılanması prosesi gedir? Bir balaca ağlı üstündə olan adam məhkəmə işlərinin artmasını uğur kimi qiymətləndirməməlidir. Hər şey monopoliyaya götürülüb. “Yuxarılar”a bağlı olanlar milyonlar qazanır. “Aşağılar” isə çörək puluna möhtacdır.

 

“Məhkəmələrin qərarından haqlı da, haqsız da əziyyət çəkir”

 

Azərbaycanda insanlar məhkəmələrə lənət oxuyur. Insanlar bir-birinə qarğıyanda bildirilər ki, görüm işin məhkəməyə düşsün. Çünki bu məhkəmələrin qərarından haqlı da, haqsız da əziyyət çəkir. Vicdanı olan vəkillərin əksəriyyəti, o cümlədən mən məhkəməyə müraciət etmək istəyənlərin yarısından çoxunu bu işdən çəkindirirəm. Əgər kiminsə kimdənsə 10 min manat alacağı varsa, əlində borc müqaviləsi, digər sənədlər olsa belə, mən həmin şəxslərə məhkəməyə müraciət etməyi tövsiyyə etmirəm. Onlara bildirirəm ki, əgər bu pulun yarısını belə məhkəməsiz almaq imkanınız varsa, gedin alın, amma məhkəməyə müraciət etməyin. Əgər məhkəməyə versən heç bir qəpik də almayasan. Qarşı tərəfin də on minini məhkəmə sistemi alacaq.

 

“İsmayıllı olayları məhkəmə biabırçılığın daha bir nümunəsi oldu”

 

Ismayıllı olayları ilə bağlı məhkəmə prosesinə baxın. Bu, tamam biabırçılıq idi. Ilqar Məmmədov və Tofiq Yaqublunun rayona İsmayıllı olaylarından sonra getdiyi hər kəsə bəllidir. Lakin məhkəmədə iddia olundu ki, onlar İsmayıllıya gedib orada ictimai asayişi pozan iğtişaşlar törədiblər. Bu iğtişaşn törədilməsinə baiskar olan, bu millətin qanını içən icra başçısını isə götürüb başqa bir vəzifəyə qoydular. Bütün dünyanın gözü qarşısında bu şəxsin milyonluq villalarının, maşınlarının yandırılması prosesi getdi. Niyə Əli Hüseynli soruşmadı ki, əcəba min manat maaş alan icra başçısı dəyəri milyonalrla hesablanan mülkləri necə, hansı pulla tikib? Bu villalar fəhlələrin, kəndlilərin qanı, canı hesabına tikilib və bu, hamıya məlumdur”.

 

Seymur Əliyev


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin