Həbsdə olan jurnalist və hüquq müdafiəçisi Pərviz
Həşimlinin atası Kamran Həşimov İran prezidentinə müraciət ünvanlayıb.
Moderator.az həmin müraciəti təqdim edir:
İran İslam Respublikasının prezidenti, çox hörmətli
Həsən Ruhani cənablarına!
Məni- Azərbaycan Respublikası vətəndaşını, 30 ildən
çox bəşəriyyətin ən müqəddəs peşələrindən hesab olunan müəllimlik etməklə
ailəsini halal yolla dolandıran Kamran Həşimovu Sizə müraciət etməyə vadar edən
səbəbləri diqqətinizə çatdırmaq istəyirəm. Bildirim ki, oğlum Pərviz Həşimli bu
ilin sentyabrın 17-də Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin
əməkdaşları tərəfindən qanunsuz olaraq həbs olunub və bu günədək ailəsi onun
taleyindən qanedici məlumat ala bilməyib. Tanınmış jurnalist və hüquq
müdafiəçisi olan oğlumun tamamailə qanunsuz olaraq həbs edildiyini, bu gün onun
nazirliyin istintaq təcridxanasında bir girov kimi saxlanıldığını bütün dünya
bilir. Yeri gəlmişkən, dünyanın bütün nüfuzlu beynəlxalq təşkilatları bu həbsi
pisləyən bəyanatlarla çıxış ediblər, onu vicdan məhbusu kimi tanıyıblar. Mən də
tam əminəm ki, oğlum vicdan məhbusudur və Azərbaycanda vüsət almış
hakimiyyətdaxili mübarizənin günahsız qurbanlarından biridir. Artıq bu bir sirr
deyil ki, ondan zorla, mənəvi və psixoloji təzyiq etməklə kimlərəsə qarşı
qondarma ifşaedici etiraflar almağa cəhdlər edilir.
Cənab Prezident!
Bir İslam dövlətinin başçısı olaraq Sizə müraciət
etməyə məcbur olmaqdan çox böyük utanc hissi və mənəvi əzab keçirirəm. Axı mən
müstəqil bir ölkənin vətəndaşıyam və qanunla bütün vətəndaş hüquqlarımın
qorunduğu bəyan edilən bir dövlətdə yaşayıram. Ancaq təəssüf hissiylə bildirmək
istəyirəm ki, mən artıq iki aya yaxındır ki, öz ölkəmdə tamamilə hüquqsuz,
taleyin ümidinə buraxılmış qərib bir insan kimi əlacsız yaşamağın əzabını
çəkirəm və günahsız zindana atılan balamın hüquqlarını qoruya bilməkdə acizliyim
mənə dəhşətli əzablar verir. Bunu iddia etməyə əsasım da var. Ötən iki aya
yaxın müddət ərzində müraciət etmədiyim ünvan qalmadı, nazirlərdən tutmuş
prezidentədək hər kəsə xahiş edərək bu həbsə biganə qalmamağa çağırdım, ancaq
nəinki tədbir görülmədi, hətta müraciətlərimə cavab verməyə belə lüzum
görmədilər.
Cənab Prezident!
Oğluma qarşı silah qaçaqmalçılığı maddəsiylə
qondarma ittiham elan ediblər. Guya oğlum İran İslam Respublikası ərazisindən
qaçaqmalçılıq yoluyla Azərbaycana gətirilən silahı alıb satacaqmış. Bu
ittihamın ikrahdoğurucu və gülünc olması bir yana, mən bir valideyn
olaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəhbərinə müraciət edərək
onlardan cavab istədim ki, niyə sərhədlərimiz etibarlı qorunmur ki, kimlərsə
onu qanunsuz pozmağa nail olsunlar? Sual etdim ki, MTN-nin iddia etdiyi tarixdə
hər hansı sərhəd pozucusu saxlanılıbmı, ən azı belə bir cəhd qeydə alınıbmı?
Həmin dövrdə İranla sərhəd ərazilərdə xidmət aparan hansı əsgər, zabit və ya
komandir cəzalandırılıb? Bir sözlə, ünvanladığım bütün suallar əslində bəlli
səbəbdən cavabsız qaldı. Ona görə də məcbur olub oxşar suallarla Sizə müraciət
etmək qərarına gəlmişəm və ümid edirəm ki, Siz müraciətimə biganə qalmayaraq
onu məsləhət bildiyiniz şəkildə cavablandıracaqsınız. Doğrudanmı İran
sərhəddi də Azərbaycan sərhədləri kimi qorunur? Doğrudanmı istənilən sərhəd
pozucusu heç bir çətinlik çəkmədən İran sərhəddini keçə bilir? Əlbəttə, bunlara
mən inanmıram və inanmaq istəmirəm. Ancaq əminəm ki, müraciətimi oxuduqdan
sonra məni bu cür düşünməyə, daha doğrusu, bu cür suallar verməyə məcbur edən
səbəbləri də bildiniz.
Cənab Prezident!
Oğlum ötən il Müqəddəs Həcc ziyarətində olub. Onun
silah qaçaqmalçısı olduğu barədə irəli sürülən ittihamı bir valideyn kimi necə
həzm edə bilərəm? Bu insanlar ölkə qanunlarından öz məqsədləri üçün istifadə
edirlər, bəs Allahdan, onun qanunlarından, qəzəbindən qorxmurlarmı? Bir Hacıya
belə ittihamı necə rəva görürlər?
Cənab Prezident!
Sizdən çox xahiş edirəm, heç olmasa Siz mənim
övladımın taleyinə biganə qalmayın və onun nə zamansa İran sərhəddini qanunsuz
keçən qaçaqmalçılarla əlbir olmadığını, ümumiyyətlə iddia olunduğu kimi həmin
dövrdə heç bir sərhəd pozucusunun qeydə alınmadığını ortaya qoyun.
Səlahiyyətinizdən istifadə edərək öz müvafiq orqanlarınıza belə bir ehtimalın
nə dərəcədə mümkün ola biləcəyini araşdırmağınızı, nəticələri barədə gözü yolda
qalan girov atasına, oğlumun 4 yaşındakı gözüyaşlı körpəsini
məlumatlandırmağınızı xahiş edirəm.


































































































