“Büdcə müzakirələrinin aparıldığı son bir həftədə informasiya məkanımızda təəssüflər olsun ki, trendə çevrilən məsələlərdən biri ev təsərrüfatlarının aktivlərinin uçotu barədə xəbərlər oldu”.
Bizim.Media xəbər verir ki, bunu deputat Zahid Oruc parlamentin komitələrinin bugünkü birgə iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, ev təsərrüfatlarının statistik uçotunun yeni qaydalarla aparılması ilə aqrar istehsalçıların vergi qaydasının dəyişdirilməsi bir-birindən fərqli, iki ayrı məsələdir:
"Beş sahə üzrə uçotun aparılması ÜDM-in daha dürüst hesablanması və gələcəkdə düzgün və ünvanlı sosial siyasət məramına xidmət edir, əsla ev təsərrüfatlarının bütün aktivlərini vergiyə, digər növ ödənişlərə cəlb etmək məqsədi daşımır. Onsuz da ünvanlı sosial yardım üçün əvvəllər hazırlanmış ərizə-bəyannamə formalarında ev heyvanlarının və digər iqtisadi aktivlərin sayı barədə ayrıca məlumat sahələri artıq mövcuddur.
“Evlərdəki elektron cihazlar qeydiyyata alınacaq”, “yumurtalar sayılacaq” kimi xəbər başlıqlarının niyə narahatlıq doğurduğunu yalnız sosial medianın üzərinə də atmaq olmaz.
Qərarın mahiyyəti tam açıqlanmadıqda, vətəndaşın hüquqları və məlumatların istifadə məqsədləri vaxtında izah edilmədikdə boşluğu şayiələr doldurur. Dövlət Statistika Komitəsi və aidiyyəti qurumların əhalini məlumatlandırması vacibdir ki, ali maliyyə sənədi olan dövlət büdcəsi layihəsinə qarşı aparılan əks təbliğata meydan açılmasın".
Deputat xatırladıb ki, Dövlət Statistika Komitəsinin 13 oktyabr 2026-cı il tarixli qərarı ilə ev təsərrüfatlarının uçotu sənədləri dəyişdirilib və yeni qaydaların 2027-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur. Eyni vaxtda Milli Məclisin komitələrində Vergi Məcəlləsinə dəyişikliklərdə kənd təsərrüfatı məhsulları istehsalçılarına tətbiq edilən mövcud 100 faizlik gəlir və mənfəət vergisindən azad olunmanın 2027-ci il yanvarın 1-dən 90 faizlik güzəştlə əvəzlənməsi də əvvəlki mövzu ilə birlikdə ictimai müzakirələrə çıxıb.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:47 / 11.11.2026
“Ev təsərrüfatlarındakı yumurtalar da sayılacaq” xəbərinə komitə sədrindən - Reaksiya
Hazırda oxunan: “Ev təsərrüfatlarındakı yumurtalar da sayılacaq” xəbərinə komitə sədrindən - Reaksiya
Hazırda oxunan: “Ev təsərrüfatlarındakı yumurtalar da sayılacaq” xəbərinə komitə sədrindən - Reaksiya
647131
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































