Göy məsciddə erməni-fars oyunu – Əvvəl farslaşdırdılar, indi erməniləşdirirlər...

Hazırda oxunan: Göy məsciddə erməni-fars oyunu – Əvvəl farslaşdırdılar, indi erməniləşdirirlər...

646991

İran-Ermənistan “mədəni əlaqələri” yenidən “canlanıb”. Bu canlanmada təbii ki, hədəf yenə də Azərbaycan mədəniyyəti, Azərbaycan tarixidir.

Məlum olduğu kimi son 35 ildə İran-Ermənistan əlaqələrində Azərbaycan amili daim ön planda olub. Hər iki tərəf öz əlaqələrini genişləndirməklə iki xalqın bir-birinə yaxınlaşmasından daha çox Azərbaycanın milli və dövləti maraqlarına zərbə vurmağa çalışıblar. Bu da təsadüfi deyil. Çünki İranla Ermənistanın Azərbaycana baxışı, Azərbaycan məsələsinə yanaşması eynidir. Bu baxış, bu yanaşma isə daha çox düşmənçiliyi təşviq edir.

Azərbaycana qarşı növbəti təxribat

Bu günlərdə İranın vitse-prezidenti Seyid Həmid Purməhəmmədi Ermənistanda səfərdə olarkən Azərbaycana qarşı növbəti bir təxribatçı layihənin təşəbbüskarı və iştirakçısı olub.

Belə ki, İranın vitse-prezidenti İrəvanda olarkən Azərbaycanın tarixi-mədəni irsinə aid Göy məsciddə bir tədbirə qatılıb və həmin tədbirdə o, erməni bəstəkar və dirijor Loris Çknavoryanı mükafatlandırıb.

Bu barədə son günlər Ermənistan mediası və İranın Ermənistandakı səfirliyi davamlı məlumatlar yayır.

Yayılan məlumatlarda bildirilir ki, Göy məsciddə keçirilən mərasimdə İranın məşhur şairi Əbülqasım Firdovsinin “Şahnamə” əsərinin erməni dilinə tərcüməsi təqdim olunub. Tədbir Göy məsciddəki İran Mədəniyyət Mərkəzində təşkil edilib.

Əsərin erməni dilinə tərcüməsini Gevorq Asatryan hazırlayıb, Qarnik Asatryan isə redaktə və giriş mətninin müəllifi olub. Tərcümə üzərində iş 2021-ci ildə başlayıb və 2024-cü ilin sonunda tamamlanıb.
 

Bununla paralel erməni bəstəkar Loris Çknavoryan Firdovsinin “Şahnamə” əsəri əsasında “Rüstəm və Söhrab” operasını və eyniadlı simfonik süitanı bəstələyib. Bunu yüksək qiymətləndirən rəsmi Tehran erməni tərəfini mükafatlandırmaq qərarına gəlib.


Mükafatlandırma mərasimi də məhz Göy məsciddə baş tutub. Seyid Həmid Purməhəmmədi mərasimdə Loris Çknavoryana İran hökumətinin fəxri fərmanını şəxsən təqdim edib və minnətdarlığını bildirib.

Təxribatçı tədbir bununla bitməyib. Tədbirin davamı olaraq Göy Məscidin iclas zalına erməni şairi Yeqişe Çarentsin adı verilib(?!). Üstəlik yaxın zamanlarda zala erməni şairin büstünün də qoyulması nəzərdə tutulur(?!).

Ermənistan höküməti sağı göstərib, solu vurur...

Azərbaycanla tezliklə sülh sazişindən və xalqlar arasında dostluqdan danışan rəsmi İrəvanın bu addımı təəccüb və təəssüf doğurur. Çünki indiki dönəmdə erməni xalqını sülhə hazırlamalı olduğu halda Ermənistan hakimiyyəti Azərbaycan üçün həssas olan məsələlərin üstünə gedir və yaraların qaysağını yenidən qoparır.
 

Bununla da Paşinyan hakimiyyəti sülh prosesinə sadiq olmadığını və sülhün çox-çox uzaqda olduğunu göstərir. Belə olmasa idi Ermənistan hakimiyyəti xalqı sülhə hazırlayar, Azərbaycana qarşı düşmənçilik siyasətindən əl çəkərdi. Amma görünən odur ki, Paşinyan da sələflərinin yolu ilə gedir və Azərbaycanla düşmənçiliyi dərinləşdirmək üçün ortaq maraqlarla əlaqələri dərinləşdirir.


Nəzərə alaq ki, bir zamanlar indiki Ermənistan ərazisində 400-ə yaxın məscid olub. Lakin son 110 ildə bu məscidlərin demək olar ki, hamısı dağıdılıb. Ayaqda qalan yeganə tarixi abidə - Göy Məscidsə bu gün nifaq və düşmənçilik məkanına çevrilib.

İranın ikiüzlü siyasəti

Ermənistanın Azərbaycanın tarixi abidələrinə vandal yanaşmasını hardasa anlamaq olar. Çünki Ermənistan Azərbaycanı düşmən gözündə görür və istəmir ki, onun ərazilərində Azərbaycan aid hansısa tarixi abidə, tarixi iz qalsın.

Bəs özünü İslam dövləti sayan İran niyə bu vandalizmə dəstək verir? Azərbaycana qarşı kin, nifrət molla rejiminin gözünü bu qədərmi örtüb?

Nəzərə alaq ki, rəsmi Tehranın rəsmi İrəvanla anti-Azərbaycan təxribatlarının coğrafiyası Göy məscid hüdudlarından çox-çox uzaqlara gedib çıxır.
 

Hər birimiz yaxşı xatırlayırıq ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi ilk illərdə İrandan gələn vandallar Azərbaycana aid olan yüzlərlə tarixi-mədəni abidənin sökülüb, Arazın o tayına daşınmasında biləvasitə iştirak edib.


Ən pisi də odur ki, İran vətəndaşlarının ermənilərlə birgə dağıtdığı yüzlərlə tarixi-mədəni abidələr sırasında  67 məscid də var.

Hər zaman özünü dünyaya İslam dəyərlərinin müdafiəçisi kimi sırımaq istəyən İran hakimiyyəti bəs niyə Ermənistanın Azərbaycanda bu qədər dini ibadət yerlərinin dağıdılmasına heç bir reaksiya, etiraz bildirmədi?!

İslam rəsmi Tehran üçün siyasi manipulyasiya alətidir?

Əlbəttə ki, İslam İranın imperialist siyasətinin niqabı, hicabıdır. Molla-fars rejiminin bütün eybəcərlikləri məhz bu niqabın, bu hicabın arxasında gizlənib. Ona görə də rəsmi Tehran niqabın, hicabın ləğviylə heç zaman barışmaq istəmir. Üstəlik, bundan siyasi dəyənək kimi istifadə edir.

Bu gün İran hakimiyyəti Azərbaycanı “dost ölkə” adlandırsa da, rəsmi Tehranın apardığı siyasət Ermənistanın ölkəmizə qarşı apardığı düşmənçilik siyasətindən çox-çox önə keçir.

Belə olmasa idi Azərbaycana qarşı nifrətdən gözləri kor olmuş rəsmi Tehran Göy məscidi siyasi izdivac yerinə çevirməzdi.

Axı, İrəvandakı Göy məscidin Firdovsi yaradıcılığına nə aidiyyəti var?

Firdovsi yaradıcılığını təşviq etmək istəyən İran hakimiyyəti İrəvanda yermi tapmadı, gəlib Göy məscidə sığındı?

Böyük Firdovsi bu qədər urvatsız oldu ki, ona həsr olunan tədbir üçün balaca bir otaq kirayələndi?

Bəli, suallar çoxdur.

Amma bütün sualların tək bir cavabı var. Cavad da odur ki, rəsmi Tehran üçün nə Firdovsi yaradıcılığı, nə də şairin yaradıcılığının erməni dilinə tərcümə edilməsi  maraqlıdır. Maraqlı olan odur ki, molla-fars rejimi bu cür addımları ilə Azərbaycanın həssasiyyətini sınağa çəkir, Azərbaycanı xalqının əsəbiləriylə oynayır.

Bunun üçün də bütün İslam dəyərlərini ayaqlar altına atır. Belə olmasa idi “kafirləri” İslam üçün çox-çox müqəddəs hesab edilən məscidə toplayıb şəbeh çıxartmazdılar.

Özünü İslamın müdafiəçisi bəyan edən İran öz çağırışlarının əleyhinə gedərək niyə məscidi mundarlayır? Niyə məscidin bir hissəsinə “kafir”in adını verir?

Madam ki, erməni şair Yeqişe Çarents bu qədər vacib şəxsdirsə, o zaman Tehranın mərkəzi küçəsinə onun adını versinlər. Xomeyninin movzeleyi önündə erməni şairin abidəsini ucaltsınlar.

Bax, əsl sevgi o zaman təzahür edər.

Amma İrəvandakı Azərbaycan məscidində şəbeh çıxartmaq heç bir ülvi və bəşəri hislərin təntənəsi deyil. Bu sadəcə erməni-fars birliyinin anti-Azərbaycan kampaniyasının növbəti təzahürüdür.

Hər kəs yaxşı bilir ki, Göy məscidin İranın mədəniyyəti ilə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Hüseynəli xan məscidi kimi də tanınan bu tarixi Azərbaycan abidəsi XVIII əsrdə, İrəvan xanı Hüseynəli xanın hakimiyyəti dövründə inşa edilib. İrəvan şəhərinin rəsmi turizm məlumatlarında da məscidin 1766-cı ildə Hüseynəli xan tərəfindən tikdirildiyi qeyd olunur.

Təxminən 7 min kvadratmetr ərazini əhatə edən məscid kompleksi ibadət zallarından, daxili həyətdən, hücrələrdən və minarədən ibarətdir. Sovet hakimiyyəti dövründə bina muzey kimi istifadə olunub.

Bir daha qeyd edirik ki, Göy məscid Azərbaycan xalqının tarixi, dini və mədəni irsinin ayrılmaz hissəsidir. İrəvan xanlığının memarlıq yadigarı olan bu məscid şəhərin Azərbaycan dövrünə aid mühüm tarixi abidələrindən biridir.
 

Lakin 1990-cı illərdə  İran bu məscidi şeytan yuvasına çevirdi. Məscid dini ibadət yerindən çıxarılaraq erməni-fars birliyinin anti-Azərbaycan layihələrinin qərargahı oldu. Ötən 35 ildə bu məsciddə İran Azərbaycana qarşı çox böhtanlara, təxribatlar fətva verdi və şeytani əməl bu gün də davam etdirilir.


Amma İran hakimiyyəti bir məsələni unudur ki, məscidi “kafirlərlə” izdivac yerinə çevirmək onlara baş ucalığı gətirmir. Əksinə fars-molla rejimin əsl mahiyyətini bir daha bütün dünyaya göstərir.

Üstəlik, İranın vitse-prezidenti Seyid Həmid Purməhəmmədinin rəhbərliyi altında Göy məsciddə keçirilən tədbir İslam dünyasına qarşı həqarət, Azərbayana qarşı təxribat və İranda yaşayan 35 milyon azərbaycanlıya qarşı hörmətsizlikdir.

Qoy molla-fars rejimi unutmasın ki, bu həqarət, bu təxribat və bu hörmətsizlik cavabsız qalmayacaq.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin