Con Spenser: “Azərbaycan kimi olun”

Hazırda oxunan: Con Spenser: “Azərbaycan kimi olun”

646251

“Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə” (“The War for Karabakh: Strategy, Technology, and Victory”) kitabının müəllifi, ABŞ Ordusunun ehtiyatda olan mayoru Con Spenser Bakıda səfərinin son günündə “Azad qadın” və ya “Çadranın atılması” abidəsini ziyarət edib.

Bizim.Media xəbər verir ki, o, Azərbaycanın dünyəvi ənənələri və qadın hüquqları ilə bağlı təəssüratlarını sosial şəbəkə hesabında bölüşüb.

Paylaşımında C. Spenser müsəlman əhalisinin əksəriyyət təşkil etdiyi Azərbaycanda qadınların başlarını örtməyə məcbur edilmədiyini, istədikləri kimi geyinə, dövlət idarələrində çalışa və cəmiyyətin müxtəlif sahələrində karyera qura bildiklərini vurğulayıb.

Onun sözlərinə görə, Bakının mərkəzində ucaldılan “Azad qadın” abidəsi qadının çadrasını çıxarmasını təsvir edir: “1960-cı ildə ucaldılan heykəl Azərbaycan qadınlarının azadlığının, təhsil almaq və ictimai həyatda iştirak etmək hüququnun rəmzidir. Bu tarixi ənənə bu gün də aktuallığını qoruyur. Azərbaycanın məktəblərdə geyim qaydalarını sərtləşdirərək hicabın istifadəsini məhdudlaşdırması dünyəvi ənənələrin qorunması ilə əlaqəlidir”. 
 

Bununla belə, o, bəzi KİV-lərin iddia etdiyi kimi, ölkə üzrə hicab qadağasının tətbiq edilmədiyini, qadınların məktəbdən kənarda hicab taxa bildiklərini vurğulayıb. Spenser Azərbaycanın qadın azadlıqları baxımından qonşu İranla müqayisəsinin diqqətçəkən olduğunu bildirib.


C. Spenser 2022-ci ilin sentyabrında hicab qaydalarını pozmaqda ittiham edilərək əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra həbsdə döyülərək öldüyü bildirilən 22 yaşlı Məhsa Əmininin hadisəsini xatırladıb. Müəllif İran hakimiyyətini qadınlara və etirazçılara qarşı insan hüquqlarının pozulmasında, işgəncə və zorakılıqda ittiham edib.

Tədqiqatçı paylaşımını “Azərbaycan kimi olun” çağırışı ilə yekunlaşdırıb.

Qeyd edək ki, Con Spenserin müəllifi olduğu Qarabağ münaqişəsinin tarixi köklərini, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbənin əsas amillərini təhlil edən “Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə” (“The War for Karabakh: Strategy, Technology, and Victory”) kitabının noyabrın 3-də Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi (BMTMM) və Bakı Kitab Mərkəzinin birgə təşkilatçılığı ilə təqdimat mərasimi keçirilib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin