Payızın ən faydalı tərəvəzi: Bu xəstəlikləri olanlar ehtiyatlı olsun

Hazırda oxunan: Payızın ən faydalı tərəvəzi: Bu xəstəlikləri olanlar ehtiyatlı olsun

645636

Kələm tərəvəz piştaxtalarında satılan ən sadə məhsullardan biri olsa da, sağlamlıq üçün faydalı maddələrlə zəngindir. Xüsusilə payız aylarında ağ və qırmızı kələm, Brüssel kələmi, brokoli və gül kələmi orqanizmin vitamin və lif ehtiyacının qarşılanmasına kömək edir.

Bizim.Media xəbər verir ki, bu barədə “aif.ru” nəşrinə ümumi praktika həkimi, qastroenteroloq və geriatriya mütəxəssisi Yelena Pavlova danışıb.

Mütəxəssisin sözlərinə görə, kələm yalnız lif mənbəyi deyil, həm də müxtəlif faydalı maddələr anbarıdır. Onun hər növü orqanizmə fərqli təsir göstərir.

Kələmin növlərinə görə faydaları nələrdir?

Payızın ən faydalı tərəvəzi: Bu xəstəlikləri olanlar ehtiyatlı olsun - foto 1


- Ağ kələm – tərkibindəki tartaron turşusu və həll olunmayan liflər sayəsində həzm sisteminin fəaliyyətini dəstəkləyir.

- Qırmızı kələm – ağ kələmlə müqayisədə dörd dəfə çox antosianin ehtiva edir. Bu maddələr antioksidant xüsusiyyətlərə malikdir, kapilyarları möhkəmləndirir və iltihab proseslərinin azalmasına kömək edir.

- Savoy kələmi – yarpaqları daha zərif quruluşa malikdir, daha asan həzm olunur və köp yaratma ehtimalı nisbətən azdır.

- Kolrabi – kaliumla zəngindir. Bu xüsusiyyətinə görə yüksək təzyiqdən və ödemdən əziyyət çəkənlər üçün faydalı ola bilər.

- Brokoli və gül kələmi – sulforafan maddəsinin əsas mənbələrindəndir.

Brüssel kələminin qaraciyər üçün faydaları

Payızın ən faydalı tərəvəzi: Bu xəstəlikləri olanlar ehtiyatlı olsun - foto 2


Mütəxəssis xüsusilə Brüssel kələminin faydalarını vurğulayıb. Onun sözlərinə görə, bu tərəvəz kükürd tərkibli birləşmələrlə zəngindir. Kələm doğranarkən və ya çeynənərkən bitki hüceyrələri zədələnir, nəticədə mirozinaza fermenti izotiosianatlar və indol-3-karbinol kimi maddələrin yaranmasına səbəb olur.

Bu birləşmələr qaraciyərin detoksifikasiya proseslərində iştirak edən fermentlərin fəaliyyətinə təsir göstərir və orqanizmin zərərli maddələri xaric etməsinə kömək edə bilər.
İndol-3-karbinolun estrogen mübadiləsinə də təsir göstərdiyi bildirilir. Mütəxəssis bu xüsusiyyətinə görə xaççiçəklilər fəsiləsinə aid tərəvəzlərin endometrioz, uşaqlıq mioması və premenstrual sindrom zamanı qidalanmada yer almasını tövsiyə edir.

Brüssel kələmindən daha çox fayda əldə etmək üçün onu doğradıqdan sonra 15 dəqiqə açıq havada saxlamaq, daha sonra isə uzun müddət qaynatmadan yüngül bişirmək məsləhət görülür. Zeytun yağı ilə sobada hazırlamaq da tövsiyə olunur.

Kələm turşusunun faydaları

Payızın ən faydalı tərəvəzi: Bu xəstəlikləri olanlar ehtiyatlı olsun - foto 3

Mütəxəssis payız qidalanmasında turşu kələmin də xüsusi yer tutduğunu bildirib. Onun sözlərinə görə, təzə ağ kələmdəki C vitamini oksigen və işığın təsiri ilə parçalanır. Turşu hazırlanarkən isə süd turşusu fermentasiyası baş verir.
 

Bu prosesdə laktobakteriyalar süd turşusu əmələ gətirir və nəticədə C vitamini daha uzun müddət qorunur. Fermentasiya zamanı süd turşusu kələmin sərt hüceyrə divarlarını qismən parçalayır. Bu da vitamin və mineralların bağırsaqlar tərəfindən mənimsənilməsini asanlaşdıra bilər.


Kələmin şirəsi də faydalı hesab olunur. Mütəxəssis onu təbii izotonik və probiotik mənbəyi kimi xarakterizə edib. Bununla belə, fermentasiya prosesində histamin də əmələ gəlir. Buna görə allergik reaksiyalara və ödemə meyilli insanların turşu kələmi az miqdarda, gündə 1-2 xörək qaşığından artıq olmamaqla qəbul etməsi tövsiyə olunur.

Həkim turşu kələmin şəkər və sirkə əlavə edilmədən hazırlanmasını məsləhət görür.

Kələm kimlərə zərər verə bilər?

Payızın ən faydalı tərəvəzi: Bu xəstəlikləri olanlar ehtiyatlı olsun - foto 4


Kələmin faydaları ilə yanaşı, bəzi hallarda sağlamlığa mənfi təsirləri də ola bilər. Mütəxəssis bildirir ki, çiy xaççiçəklilər tərkibində yodun mənimsənilməsinə mane ola bilən zobogen maddələr daşıyır. Buna görə qalxanabənzər vəzinin funksiyası zəif olan, hipotiroidizmdən əziyyət çəkən şəxslərə kələmi əsasən bişmiş formada yemək tövsiyə edilir.

Çiy kələmdən hazırlanan salatları isə həftədə 1-2 dəfə qəbul etmək və orqanizmin reaksiyasını izləmək məsləhətdir.

Mədə-bağırsaq xəstəlikləri olanlar da kələm qəbulunda ehtiyatlı olmalıdırlar. Kobud liflər və rafinoza adlı karbohidrat bağırsaqlarda fermentasiya olunaraq qaz əmələ gəlməsinə səbəb ola bilər.
 

Qıcıqlanmış bağırsaq sindromu, divertikulit və qastritin kəskinləşməsi zamanı çiy və turşu kələm narahatlığı artıra bilər. Belə hallarda tərəvəzin yalnız termiki emal olunmuş formada qəbulu məsləhət görülür. Bundan başqa, fermentasiya zamanı yaranan histamin övrə və histaminə qarşı dözümsüzlüyü olan insanlarda allergiyaya bənzər reaksiyalara səbəb ola bilər. Belə şəxslər turşu kələmi minimum miqdarda qəbul etməli və orqanizmin reaksiyasını izləməlidirlər.


Tünd yaşıl kələm növləri K vitamini ilə zəngindir. Bu vitamin qanın laxtalanmasında iştirak edir. Buna görə antikoaqulyant preparatlar qəbul edən şəxslər kələm və digər K vitamini mənbələrinin miqdarını kəskin dəyişməməlidirlər.

Həkim xaççiçəklilər fəsiləsinə aid tərəvəzləri qidalanmaya tədricən daxil etməyi, gündə 100 qramdan başlamağı və həzm sisteminin reaksiyasını izləməyi tövsiyə edir. Onun fikrincə, kələmi az müddət bişirmək, ədviyyatlardan istifadə etmək həm qida maddələrinin mənimsənilməsini yaxşılaşdıra, həm də qaz əmələ gəlməsini azalda bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin