Zəfəri qazanmaq qədər qorumaq da vacibdir...

Hazırda oxunan: Zəfəri qazanmaq qədər qorumaq da vacibdir...

645561

Dövlətin gələcəyi bu gün məktəb partası arxasında əyləşən şagirdlərin necə yetişdirilməsindən, onların hansı dəyərlərə yiyələnməsindən, intellektual səviyyəsindən və həyata hansı dünyagörüşü ilə baxmasından birbaşa asılıdır. Məktəb isə yalnız fənlərin tədris olunduğu məkan deyil, şəxsiyyətin formalaşdığı, vətəndaşlıq şüurunun inkişaf etdiyi mühüm sosial institutdur.

Bu baxımdan Azərbaycanda vahid məktəbli formasının tətbiqinə yalnız zahiri görünüş məsələsi, yaxud dinə qarşı münasibət kimi yanaşmaq qətiyyən yanlışdır. Burada söhbət, ilk növbədə, məktəbdə hansı təhsil mühitini formalaşdırmaq istədiyimizdən gələcəyin layiqli vətəndaşlarının hansı prinsiplər əsasında yetişdirilməsindən gedir.

Dünyəvi təhsil və sağlam dünyagörüşü

Vahid məktəbli formasının mahiyyəti tədris prosesinə uyğun, nizam-intizamın qorunduğu, şagirdlər arasında süni fərqlərin ön plana çıxmadığı vahid təhsil mühitinin yaradılmasıdır.
 

Geyimlə bağlı tələblərin dəqiqləşdirilməsi, məktəbli formasının vahidliyini pozan əlavə elementlərlə bağlı mümkün qeyri-müəyyənliklərin aradan qaldırılması bu baxımdan əhəmiyyətlidir. Çünki hər hansı qaydanın effektivliyi hamı üçün eyni prinsiplərlə tətbiq olunması ilə ölçülür.


Azərbaycanda məktəbli formasına dair qaydalarla bağlı bir məqamı da dəqiq ayırd etmək lazımdır: vahid geyim tələblərinin məqsədi dinə qarşı mübarizə aparmaq deyil. Məsələ təhsil müəssisəsinin dünyəvi mahiyyətinə, hamı üçün nəzərdə tutulmuş ümumi qaydalara və tədris prosesinin təşkilidir.

Dünyəvilik isə məktəbin bütün şagirdlərə bərabər yanaşmasını, tədrisin elmi biliklərə əsaslanmasını, uşaqların sərbəst düşünmək və müxtəlif fikirləri təhlil etmək bacarığının inkişaf etdirilməsini nəzərdə tutur.

Yəni, savadlı nəsil Molla Sadıqın “əlif zəbər ə”si ilə yetişmir. Belə yetişən uşaqlar böyüyüb, ya dünyəvi təhsilə çağırış edənləri linç etmək istəyəcəklər, ya da Şeyx Nəsrullahın “ölülər”i olacaqlar.

Vətənpərvər və savadlı gənc nəsil necə yetişdirilməlidir?
 

Azərbaycanın gələcək nəsillərinin yetişdirilməsi məsələsi dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Prezident İlham Əliyevin 2022-ci ilin idman yekunlarına həsr olunan tədbirdəki çıxışında səsləndirdiyi fikirlər bu baxımdan xüsusi əhəmiyyət daşıyır:


“Tarixi Zəfərimiz hər bir azərbaycanlı üçün, hər bir vətəndaş üçün, bütün dünya azərbaycanlıları üçün qürur mənbəyidir. Biz gələcək nəsli də vətənpərvərlik ruhunda tərbiyə edəcəyik, necə ki, bunu həmişə etmişik və elə gözəl gənc nəsil yetişdirmişik ki, həm idman arenalarında ölkəmizin bayrağını qaldırır, həm də döyüş meydanında. İkinci Qarabağ müharibəsində iştirak edənlərin mütləq əksəriyyəti gənclər idi - bizim siyasətimiz əsasında yetişən, həm cəmiyyətdə, həm də ailələrdə gözəl tərbiyə alan gənclər idi”.

Bəli, vətənpərvəlik ruhunda böyüyən uşaqlar 44 günlük Vətən savaşında qazandığımız tarixi Zəfər dastanını öz qanları ilə yazdılar. Onların sayəsində torpaqlarımız işğaldan azad olundu. Bu gün hamımız başıuca, alnıaçıq gəzə biliriksə, qalib xalqın nümayəndəsi olduğumuzu qürurla elan ediriksə, bunu məhz vətənpərvərlik ruhunda böyüyən gənclərimizə borcluyuq.

Torpağı qorumaq üçün onu inkişaf etdirmək lazımdır

“Dədə Qorqud” filmində səslənən və bu gün də öz aktuallığını qoruyan bir fikir var:

“Torpağı əkib-becərməsən, onu qorumağa dəyməz; qorumasan, əkib-becərməyə dəyməz”.
 

Bu müdrik kəlamı müasir Azərbaycanın inkişaf hədəflərinə də aid etmək olar. Bəli, vətənpərvər gənclərimizin qanı bahasına biz torpaqlarımıza qovuşduq. Ancaq məsələ bununla bitmir. Torpağı qorumaq onun üzərində qurulan həyatı, iqtisadiyyatı, mədəniyyəti və gələcək nəsillərin rifahını qorumaq deməkdir. Torpağı əkib-becərmək isə ölkəni inkişaf etdirmək, gələcəyə yatırım etmək, həmin torpağı “əkib-becərəcək” vətənpərvər gənclər yetişdirməkdir.


Çünki Vətən yalnız sərhədlərdən ibarət deyil. Ölkənin ərazi bütövlüyünü qorumaq nə qədər vacibdirsə, onun intellektual potensialını inkişaf etdirmək də bir o qədər əhəmiyyətlidir.

Bu gün keyfiyyətli təhsil alan, milli dəyərlərə bağlı, dünyəvi düşüncəyə malik, müasir elmin imkanlarından yararlanan şagirdlər sabah Azərbaycanın iqtisadiyyatını, dövlət idarəçiliyini, elmini, mədəniyyətini və təhlükəsizliyini təmin edən əsas qüvvəyə çevriləcəklər.

Məqsəd vətənpərvər və intellektual gənclik yetişdirməkdir

Bu gün Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri müstəqil düşünən, yaradıcı, təşəbbüskar və intellektual baxımdan rəqabətədavamlı gənclər yetişdirməkdir.
 

Belə gənclər cəhalətə, xurafat deyil, özünüinkişafa vaxt ayırmalı, xarici dilləri öyrənməli, elmi-texnoloji yenilikləri izləməli, informasiya bolluğunda doğru məlumatı yanlışdan ayırmağı bacarmalıdırlar.


Əgər biz dünyanın inkişaf etmiş ölkələri sırasına qoşulmaq, bu cür gənclik yetişdirməliyik. Bunun üçün də bir prinsipi hər zaman qulağımıza sırğa etməliyik: düzgün təməl qoyulmadan, keyfiyyətli bina inşa edilməz. Təməli yanlış qoyduqdan sonra binanı nə qədər bəzəsən də, ilk zəlzələdə çökəcək, bundan isə bütün bina sakinləri zərər görəcək.

Vətənpərvər, yaradıcı, intellektual gənclər yetişdirməyin təməl prinsipi isə intizamdır. İntizamın olduğu mühitdə böyüyən uşaq zamanla həmin qaydaların mahiyyətini anlayır, məsuliyyət daşımağı və öz davranışını idarə etməyi öyrənir. Lazım olan yerdə doğru sualı verir, fikir bildirir, müzakirə aparmağı bacarır, fərqli düşüncələri dəyərləndirir. Beləcə sağlam təhsil mühitində gələcəyin peşəkar, vətənpərvər, milli dəyərlərə bağlı kadrları yetişir.

Uşaq məktəbə ayaq basdığı gündən bu intizamı görməli, hiss etməli, ona uyğun davranmalıdır. Əks halda sonrakı peşmançılıq fayda verməyəcək. Sonradan nə qədər biliklər aşılayıb, intellektual, vətəninə bağlı uşaqlar yetişdirmək istəsək də, təməl yanlış olduğu üçün nəticə də olmayacaq...

Bizim.Media-nın analitik qrupu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin