“Stop” getsin, “dayan” gəlsin – Dilçi alim deputatın təklifinə qarşı çıxdı

Hazırda oxunan: “Stop” getsin, “dayan” gəlsin – Dilçi alim deputatın təklifinə qarşı çıxdı

645573

Beynəlxalq sözlərin və yol nişanlarındakı ifadələrin dəyişdirilməsi ilə bağlı Bizim.Media-nın gündəmə gətirdiyi mövzu ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub. Deputat Hikmət Babaoğlunun yol nişanlarında “Stop” sözünün əvəzinə “Dur” və ya “Toxta” ifadələrinin yazılması təklifi sosial şəbəkələrdə diqqət çəkib.

Məsələyə münasibət bildirən dilçi alim Nizami Cəfərov isə Hikmət Babaoğlunun təklifi ilə razılaşmadı.
 

MÖVZU İLƏ BAĞLI:

Millət vəkilindən yeni təklif: Yol nişanlarında “Stop” sözü “Toxta” və ya “Dur”la əvəzlənə bilər


O, Bizim.Media-ya açıqlamasında bildirdi ki, “Dur” sözü Türkiyədə, “Toxta” isə Orta Asiya ölkələrində işlədilir.

Onun fikrincə, Azərbaycan üçün ən uyğun variant “Dayan” sözüdür. Bununla belə, Nizami Cəfərov hesab edir ki, bəzi hallarda beynəlxalq sözlərin milli sözlərlə əvəzlənməsinə ehtiyac yoxdur:

“Hər yerdə beynəlxalq ifadələri milli sözlərlə əvəz etmək düzgün olmaz”

““Stop” sözü dünyanın bir çox ölkəsində qəbul edilmiş beynəlxalq işarə xarakteri daşıyır. Belə hallarda bu sözdən istifadə olunur və olduğu kimi də saxlanılır. Bəzi ölkələrdə yerli dildə yazılır, amma bu cür yazılar artıq standart yol nişanı hesab edilmir, daha çox məlumatlandırma və ünsiyyət məqsədi daşıyır. Necə ki, qapıların üzərində “aç”, “ört” kimi sözlər yazılır, aşağısında da tərcüməsi verilir”.
 

N.Cəfərov vurğuladı ki, dilimizin qorunması naminə hər yerdə beynəlxalq ifadələri milli sözlərlə əvəz etmək düzgün olmaz. Eyni zamanda, beynəlxalq terminləri bütün hallarda olduğu kimi saxlamalıyıq yanaşması da doğru deyil. Burada əsas məsələ onların hansı məqsədlə istifadə olunmasını nəzərə almaqdır.


Başqa sözlə, “get”, “gəl”, “dayan”, “dur” kimi sözlər təkcə yol hərəkəti nişanları deyil, həm də insanlara müəyyən məlumatı çatdıran, ünsiyyətə xidmət edən ifadələrdir. Bu səbəbdən onların istifadəsinə fərqli yanaşmaq lazımdır.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin