Bu ərazilərdə ev almaq istəyənlər tələssin - dəmir yolu qiymətləri dəyişəcək

Hazırda oxunan: Bu ərazilərdə ev almaq istəyənlər tələssin - dəmir yolu qiymətləri dəyişəcək

645582

Bakının ətraf qəsəbələrində yeni dəmiryol stansiyalarının yaradılması daşınmaz əmlak bazarında qiymət artımına səbəb ola bilər. Xüsusilə Kürdəxanı, Saray, Fatmayı, Binəqədi, Güzdək və Hövsan istiqamətlərində nəqliyyat əlçatanlığının yaxşılaşması torpaq və həyət evlərinə tələbi artıra bilər.

Bizim.Media “milli.az”a istinadən xəbər verir ki, Bakıətrafı dəmiryol infrastrukturunun genişləndirilməsi çərçivəsində Kürdəxanı, Saray, Fatmayı, Binəqədi və Güzdəkdə yeni stansiyaların yaradılması nəzərdə tutulur.

Bundan başqa, Yeni Suraxanı-Hövsan, Zabrat-Maştağa-Bağlar və Bakıxanov-Binə-Qala istiqamətlərində də dəmir yolu xətlərinin bərpası planlaşdırılır.

Nəqliyyat infrastrukturunun genişləndirilməsi həmin ərazilərdə yaşayan sakinlərin paytaxtın mərkəzinə gediş-gəlişini asanlaşdırmaqla yanaşı, daşınmaz əmlak bazarına da təsirsiz ötüşməyəcək. Belə ki, dəmir yolu stansiyalarının fəaliyyətə başlaması ərazilərin yaşayış və investisiya baxımından cəlbediciliyini artıra bilər.
 

Hazırda bu ərazilərdə torpaq və həyət evlərinin qiymətləri fərqlidir. Satış elanlarında Sarayda torpağın bir sotunun qiyməti təxminən 6 000-14 500 manat arasında dəyişir. Kürdəxanıda 400 kvadratmetr torpaq sahəsi üçün təxminən 80 min manat tələb olunur. Fatmayıda 8 sot torpaq sahəsinin qiyməti 72 min manat ətrafındadır. Binəqədidə 140 kvadratmetr torpaq sahəsi təxminən 70 min manata təklif edilir.


Hövsanda 3-6 sot torpaq sahələrinin qiyməti yerləşməsindən və sənədlərindən asılı olaraq 15 min manatdan 120 min manatadək dəyişir. Zabratda isə 180 kvadratmetr torpaq sahəsinin qiyməti təxminən 48 min manat təşkil edir.

Həyət evlərinin qiymətlərində də fərqlər müşahidə olunur. Kürdəxanıda evlərin median satış qiyməti 86 500 manat, Sarayda orta satış qiyməti təxminən 108 min manat, Fatmayıda isə 230 500 manat səviyyəsindədir. Qiymət fərqinə evlərin sahəsi, təmiri, torpaq ölçüsü və yerləşdiyi ərazi təsir göstərir.

Dəmir yolu çəkiləndən sonra qiymətlər nə qədər arta bilər?

Daşınmaz əmlak bazarında dəmir yolu layihələrinin qiymətlərə təsiri bir neçə amildən asılı olacaq. Stansiyalara yaxınlıq, qatarların hərəkət tezliyi, Bakı mərkəzinə çatma müddəti və ərazidəki kommunal infrastruktur bu baxımdan əsas rol oynayacaq.

Ehtimal olunan ssenarilərə əsasən, dəmir yolu stansiyalarına yaxın ərazilərdə daşınmaz əmlakın qiymətində 5-15 faiz artım baş verə bilər. Daha əlverişli nəqliyyat əlaqəsi və yüksək tələbat yaranacağı təqdirdə artımın 20 faizə çatması da istisna edilmir. Lakin bu rəqəmlər rəsmi proqnoz deyil, mümkün bazar ssenariləridir.
 

Məsələn, hazırda 100 min manata təklif olunan evin qiyməti 10 faiz artım ssenarisində 110 min, 15 faiz artım ssenarisində isə 115 min manata çata bilər. 20 faizlik artım halında isə həmin evin qiyməti 120 min manat təşkil edər.


Bununla belə, qiymət artımının bütün ərazilərdə eyni səviyyədə olacağı gözlənilmir. Stansiyalardan uzaqda yerləşən, yol və kommunal infrastrukturu zəif olan ərazilərdə bahalaşma daha məhdud ola bilər. Həmçinin elanlarda göstərilən qiymətlərlə real alqı-satqı qiymətləri arasında fərq yarana bilər.

Qeyd edək ki, Bakıətrafı dəmiryol infrastrukturunun genişləndirilməsi çərçivəsində stansiyaların sayının 15-dən 40-a çatdırılması nəzərdə tutulur. Dövlət proqramı çərçivəsində işlərin 2030-cu ilədək yekunlaşdırılması planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin