Bəzi media orqanlarında Ceyranbatan gölündən meyit tapılması barədə yayılan məlumat həqiqəti əks etdirmir.
Bizim.Media xəbər verir ki, İri Şəhərlərin Su Təchizatı Xidməti məsələ ilə bağlı rəsmi açıqlama yayaraq məlumatın yanlış təqdim olunduğunu bildirib.
Qurumun açıqlamasına görə, Ceyranbatan Su Təchizatı İdarəsinin su təchizatı sistemləri üzrə qəza-bərpa və təmir işləri qrupunun ustası Mahir Ramazanov iş otağında qəfil vəfat edib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının və təcili tibbi yardım briqadasının əməkdaşları dəvət olunub. İlkin tibbi rəyə əsasən, Mahir Ramazanov ürək tutması nəticəsində dünyasını dəyişib.
Qurum hadisə ilə bağlı mərhumun yaxınlarına başsağlığı verib.
İri Şəhərlərin Su Təchizatı Xidməti media nümayəndələrini və sosial şəbəkə hesablarının idarəçilərini məlumatları ictimailəşdirməzdən əvvəl qurumun mətbuat xidməti ilə dəqiqləşdirməyə çağırıb.
Bizim.Media



































































































