Londondan Bolqarıstanın paytaxtı Sofiyaya uçan “Wizz Air” aviaşirkətinə məxsus sərnişin təyyarəsi bomba təhlükəsi ilə əlaqədar marşrutunu dəyişərək Budapeştin Ferents List Beynəlxalq Hava Limanına məcburi eniş edib.
Bizim.Media xəbər verir ki, bu barədə Macarıstanın müdafiə naziri Rusin-Sendi məlumat verib.
Bildirilib ki, hadisə ilə əlaqədar NATO-nun hava hücumundan müdafiə üzrə növbətçi xidməti “ALPHA” həyəcan siqnalı elan edib. Həmçinin hava gəmisini müşayiət etmək üçün Macarıstan Hərbi Hava Qüvvələrinə məxsus “Gripen” qırıcısı havaya qaldırılıb.
Macarıstan Silahlı Qüvvələrinə məxsus “Gripen” qırıcısı bir neçə dəqiqə ərzində havaya qalxaraq sərnişin təyyarəsinin Budapeştdə təhlükəsiz enişini təmin edib. Daha sonra qırıcı Kecskemét aviabazasına qayıdıb, hadisə ilə bağlı növbəti tədbirlərin görülməsini isə polis öz üzərinə götürüb.
Nazir qeyd edib ki, hərbçilər zərurət yarandıqda dərhal əməliyyata hazır olduqlarını və Macarıstanın hava məkanının təhlükəsizliyini təmin etmək iqtidarında olduqlarını bir daha nümayiş etdiriblər.
Bizim.Media

































































































