Böyük şəxsiyyətlər təkcə tarixə adlarını yazdırmırlar, həm də tarix yazırlar. Dahi şəxsiyyətlər bir çox hallarda təmsil etdikləri xalqın, dövlətin taleyini belə dəyişə bilirlər.
Bu mənada Ulu Öndər Heydər Əliyev Azərbaycanın taleyini dəyişən bir şəxsiyyətdir. Onun siyasi fəaliyyəti yalnız müəyyən bir dövrün idarəçiliyi ilə məhdudlaşmır. Dahi öndər həm sovet dönəmində Azərbaycanın inkişafında mühüm rol oynamış, həm də müstəqillik dövründə ölkəni dağılmaq təhlükəsindən xilas edərək güclü dövlətin əsaslarını yaratmışdır. Bu səbəbdən o, haqlı olaraq müstəqil Azərbaycanın memarı adlandırılır.
Azərbaycanın yüksəliş dövrü və iqtisadi intibah
Heydər Əliyev 1969-cu ildə siyasi rəhbərliyə gələndən sonra Azərbaycanda yeni inkişaf mərhələsi başlandı. Həmin dövrdə Azərbaycan SSRİ-nin geridə qalmış respublikalarından biri hesab olunurdu. Sənaye zəif inkişaf etmiş, kənd təsərrüfatında problemlər yaranmış, milli kadr çatışmazlığı hiss olunurdu. Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra isə respublikada genişmiqyaslı quruculuq işləri həyata keçirildi.
Kənd təsərrüfatı bölgəsi kimi tanınan Azərbaycan cəmi 10 ildə sənaye respublikasına çevrildi. Bununla da Azərbaycanın Moskvadan iqtisadi asılılığı azaldıldı. Eyni zamanda keçmiş SSRİ-nin və o zamankı sosialist ölkələrin sənaye məhsulları ilə əsas təchizatçısından birinə çevrildi.
Bakı Məişət Kondisionerləri Zavodu, Dərin Özüllər Zavodu, Elektron Hesablama Maşınları Zavodu kimi iri sənaye obyektləri həmin dövrdə yaradıldı. Bu müəssisələrin bir üstünlüyü də o idi ki, innovtiv əsaslarla məhsul istehsal edirdi. Bu müəssisələrin istehsalına təkcə SSRİ-də yox, bütün dünyada böyük ehtiyac var idi.
Respublikada neft sənayesi ilə yanaşı maşınqayırma, kimya və yüngül sənaye sahələri də inkişaf etdirildi. Kənd təsərrüfatında pambıqçılıq, üzümçülük və heyvandarlıq sahələrində ciddi artım əldə olundu. Azərbaycanın iqtisadi göstəriciləri SSRİ məkanında ön sıralara yüksəldi.
Milli kimliyin qorunması və strateji kadr siyasəti
Heydər Əliyevin sovet dövründə həyata keçirdiyi siyasətin əsas prioritetlərindən biri də milli kadrların hazırlanması idi. Minlərlə azərbaycanlı gəncin SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almasına şərait yaradıldı. Hərbi sahədə milli zabitlərin yetişdirilməsi üçün mühüm addımlar atıldı. 1971-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradıldı.
Bu məktəb sonralar müstəqil Azərbaycan ordusunun formalaşmasında mühüm rol oynayan zabitlərin yetişməsində böyük əhəmiyyət daşıdı. Dahi öndərin ən böyük xidmətlərindən biri Azərbaycan Konstitusiyasında dövlət dili kimi Azərbaycan dilinin göstərilməsi idi. 1978-ci ilə qədər Konstitusiyada ana dili qeyd edilmirdi.
Digər bir mühüm hadisə Azərbaycanın Milli Ensklopediyasının yaradılması idi. Məlumdur ki, SSRİ-nin tərkibində yaşayan xalqlar haqlı-haqsız digər xalqların milli-mənəvi dəyərlərini öz adlarına çıxırdılar. Bu böhtanların, yalanların qarşısının alınmasında Milli Ensklopediyayanın müstəsna rolu oldu.
Heydər Əliyev xalqların xilaskarı kimi
1982-ci ildə Heydər Əliyev SSRİ rəhbərliyinə yüksələrək Sovet İttifaqı Nazirlər Soveti sədrinin birinci müavini və Siyasi Büronun üzvü oldu. Bu, bir azərbaycanlının SSRİ tarixində əldə etdiyi ən yüksək siyasi vəzifə idi. Təbii ki, bu da qeyri-türk millətçilərini ciddi narahat edirdi. Təsadüfi deyil ki, 1987-ci ilin sonlarında Heydər Əliyev vəzifədən uzaqlaşdırıldıqdan sonra Azərbaycana qarşı təzyiqlər artdı. Məhz bu hadisədən 2 ay sonra Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına başladı və Xankəndində separatizm baş qaldırdı.
Qeyd edək ki, Heydər Əliyevin Kremldə işlədiyi 5 il ərzində bütün sovet xalqlarının dərin sevgisini qazanmışdı.
50 il tikintisi uzanan Baykal-Amur Magistralı Heydər Əliyevin qətiyyəti sayəsində ərsəyə gəldi. Bu magistral dünyanın ən uzun tranzit xətti olmaqla yanaşı həm də Uzaq Şərqlə Moskvanı birləşdirən ilk quru yolu idi. Ona görə də bu hadisədən 40 il keçməsinə baxmayaraq hər il Rusiyanın ayrı- ayrı bölgələrində bu hadisə qeyd edilir və Heydər Əliyevin xatirəsi ehtiramla yad olunur.
1996-cı ildə Çernobıl AES-də dəhşətli partlayış oldu. Bu partlayış Ukrayna xalqının genefondunu məhv edə bilərdi. Məhz Heydər Əliyev qətiyyəti hesabına 980 min uşaq təhlükəli bölgələrdən təxliyə olundu. Beləcə, Ukrayna xalqının genefondu xilas edildi.
Heydər Əliyev SSRİ rəhbərliyində
Ümumiyyətlə Heydər Əliyev keşmiş SSRİ-nin son dönəmində ən nüfuzlu lider idi. Amma ermənipərəst Mixail Qorbaçov və Qərbin xüsusi xidmət orqanları onun karyera yüksəlişinə əngəl oldular. 1987-ci ilin noyabr ayından etibarən Heydər Əliyev siyasi izolyasiya şəraitində yaşadı.
Amma bu təcrid Heydər Əliyevin milli maraqlardan geri çəkilməsinə imkan vermədi. 1990-cı ilin 20 yanvarında SSRİ hökuməti Bakıda qanlı qığrın törətdikdə Heydər Əliyev heç bir təzyiqdən, təxribatdan qorxmayaraq ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək Bakı həqiqətlərini bütün dünyaya bəyan etdi. Məhz bu cür çıxışlar çürüməkdə olan SSRİ-nin dayaqlarını daha da sarsıtdı.
Heydər Əliyevin SSRİ-nin sonunu gətirəcək daha bir cəsarətli addımı 1990-cı ilin payızında atdı. Söhbət Ulu Öndərin Naxçıvan Ali Sovetinin sədri kimi sovet bayrağından imtina etməsindən gedir. SSRİ dönəmində Naxçıvan Ali Sovetində indiki 3 rəngli bayrağımız dalğalanırdı. Bu qətiyyət SSRİ-nin tərkibindəki bütün xalqların milli-azadlıq hərəkatının alovlanması üçün bir qığılcım oldu. Cəmi bir il sonra dünyanı qorxu altında saxlayan SSRİ dağıldı.
Sabitliyə aparan dönüş və dövlətçiliyin xilası
1991-ci ildə Azərbaycan müstəqillik qazansa da, ölkədə vəziyyət olduqca ağır idi. Hakimiyyət böhranı, iqtisadi tənəzzül, ordu daxilində pərakəndəlik və torpaq itkiləri ölkəni ciddi təhlükə qarşısında qoymuşdu. Üstəlik, ölkə vətəndaş müharibəsinə sürüklənirdi. Hakimiyyət uğrunda silahlı mübarizə Azərbaycanı parçalanma həddinə gətirmişdi.
Belə bir şəraitdə xalqın tələbi ilə Heydər Əliyev 1993-cü ilin iyununda hakimiyyətə qayıtdı. Onun yenidən siyasi rəhbərliyə gəlməsi Azərbaycan tarixində dönüş nöqtəsinə çevrildi. İlk növbədə ölkədə siyasi sabitliyin təmin olunmasına başlanıldı. Qanunsuz silahlı birləşmələr zərərsizləşdirildi, dövlət idarəçiliyində vahid sistem formalaşdırıldı və separatizm meyllərinin qarşısı alındı.
“Əsrin müqaviləsi” və yeni iqtisadi strategiya
1994-cü ildə Ermənistanla atəşkəs müqaviləsinin imzalanması ölkənin gələcək inkişafı üçün mühüm addım oldu. Müharibənin dayandırılması iqtisadi və siyasi sabitliyin bərpasına imkan yaratdı. Həmin ilin sentyabr ayında isə Azərbaycanın gələcəyini dəyişən mühüm hadisə baş verdi — Əsrin müqaviləsi imzalandı.
Dünyanın aparıcı neft şirkətlərinin iştirakı ilə bağlanan bu müqavilə Azərbaycan neftinin dünya bazarına çıxarılmasını təmin etdi. Müqavilədə ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə və digər dövlətlərin şirkətləri iştirak edirdi. Bu layihə ölkəyə milyardlarla dollar investisiya gətirdi və Azərbaycanın iqtisadi müstəqilliyinin əsasını qoydu.
Heydər Əliyevin neft strategiyası nəticəsində Bakı–Tbilisi–Ceyhan neft kəməri layihəsinin təməli qoyuldu. Bu kəmər Azərbaycan neftinin birbaşa dünya bazarına çıxmasını təmin etdi və ölkəmizin geosiyasi əhəmiyyətini artırdı. Sonrakı illərdə Azərbaycan regionun əsas enerji mərkəzlərindən birinə çevrildi.
Hüquqi dövlət quruculuğu və balanslaşdırılmış siyasət
1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi. Bu sənəd hüquqi dövlət quruculuğunun əsasını formalaşdırdı. Çoxpartiyalı siyasi sistem, insan hüquqları və demokratik institutların inkişafı istiqamətində mühüm addımlar atıldı. Həmin dövrdə ölüm hökmü ləğv edildi, senzura aradan qaldırıldı və mətbuatın inkişafı üçün şərait yaradıldı.
Heydər Əliyev xarici siyasətdə balanslaşdırılmış kurs həyata keçirirdi. O, həm Qərb dövlətləri, həm Rusiya, həm də Türkiyə ilə münasibətləri inkişaf etdirərək Azərbaycanın beynəlxalq mövqeyini gücləndirdi. Azərbaycan bir çox beynəlxalq təşkilatlarda fəal iştirak etməyə başladı. Ölkənin xarici siyasətində əsas məqsəd müstəqilliyin qorunması və milli maraqların təmin edilməsi idi.
Güclü ordu və milli ideologiyanın formalaşması
Ulu Öndərin fəaliyyətində ordu quruculuğu xüsusi yer tuturdu. Heydər Əliyev nizami ordunun yaradılması istiqamətində mühüm islahatlar həyata keçirdi. Məhz həmin illərdə müasir Azərbaycan Silahlı Qüvvələrinin əsasları formalaşdırıldı. Sonrakı illərdə Azərbaycanın hərbi gücə çevrilməsində bu siyasətin mühüm rolu oldu.
Heydər Əliyev milli ideologiyanın formalaşdırılmasına da xüsusi diqqət yetirirdi. Azərbaycan dili, milli-mənəvi dəyərlər, tarix və mədəniyyət dövlət səviyyəsində qorunmağa başladı. Ulu Öndərin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” fikri milli özünüdərkin əsas simvollarından birinə çevrildi.
İlham Əliyev – Heydər Əliyev siyasətinin layiqli davamçısı
2003-cü ilin 12 dekabrında Heydər Əliyev əbədiyyətə qovuşdu. Lakin onun müəyyən etdiyi siyasi və iqtisadi kurs sonrakı illərdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Heydər Əliyev tərəfindən əsası qoyulan xarici siyasət və ordu quruculuğu zamanla öz bəhrəsini verdi. 30 ildən çoxdur davam edən Qarabağ münaqişəsi cəmi 44 gün ərzində öz ədalətli həllini tapdı.
Ərazi bütövlüyü və suveren hüquqlarını bərpa edəndən sonra Azərbaycanın həyatında yeni dönəm başladı. Heydər Əliyevin siyasi ideyalarının davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ən qısa zamanda regionun söz sahibinə çevrildi.
Hazırda regionda Azərbaycanın iştirakı və ən əsası da moderatorluğu olmadan hər hansı bir layihə reallaşa bilmir. Əksinə Azərbaycan yeni regional və beynəlxalq layihələrin moderatoru kimi nüfuzunu və gücünü artırır.
Qarabağın dirçəlişi və strateji inkişafın yeni mərhələsi
Bu gün Azərbaycanın işğaldan azad olunmuş əraziləri yenidən qurulur, çiçəklənir. Yenidən qurulan Qarabağ və Şərqi Zəngəzur innovativ layihələrlə tikilir, inşa edilir.
Bu gün Heydər Əliyevin müəyyən etdiyi strateji yanaşma Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun olaraq davam etdirilir və daha geniş miqyas alır. Xüsusilə azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma layihələri, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları bu siyasətin yeni mərhələsini təşkil edir.
Bütün bu uğurların təməlində isə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və bizlərə əmanət etdiyi Yol Xəritəsi dayanır. Əminliklə qeyd edə bilərik ki, bundan sonrakı onilliklərdə də Ulu Öndərin təməlini qoyduğu siyasi kurs, dövlətçilik ideyaları dövlətimizin, xalqımızın gələcəyinə işıq salacaq.
Surxay Atakişiyev, Bizim.Media







































































































