Sumqayıt bulvarı öz landşaft dizaynı və özəlliyi ilə bura gələn hər kəsi valeh edir. Maraqlıdır ki, bu yaz-yay mövsümündə bulvar “premium bağ” formatında ziyarətçilərə təqdim ediləcək.
Bununla bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən Bizim.Media-ya məlumat verilib.
Məlumatda deyilir ki, Sumqayıt şəhərində yaşıllıqların artırılması, ekoloji mühitin yaxşılaşdırılması və şəhər mühitinin daha cəlbedici hala gətirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir:
“Bu istiqamətdə görülən işlərin mühüm tərkib hissəsi kimi Sumqayıt Bulvarı ərazisində də yaşıllaşdırma və landşaftın yenilənməsi üzrə layihələr davam etdirilir.
Mövsümlə əlaqədar olaraq bulvar ərazisinin dekorativ görünüşünün zənginləşdirilməsi və yaşıllıq örtüyünün genişləndirilməsi məqsədilə müxtəlif növ mövsümi və dekorativ bitkilərin əkilməsi nəzərdə tutulur. Həyata keçirilən tədbirlər çərçivəsində əraziyə çoxsaylı gül və bitkilərin gətirilməsi planlaşdırılır ki, bu da bulvarın estetik görünüşünün daha da yaxşılaşdırılmasına xidmət edəcək”.
Surxay Atakişiyev, Bizim.Media







































































































