Alman əsirlərin Bakıda tikdikləri möhtəşəm BİNALAR - FOTO

Hazırda oxunan: Alman əsirlərin Bakıda tikdikləri möhtəşəm BİNALAR - FOTO

612200

İkinci Dünya müharibəsi Azərbaycanın kollektiv yaddaşında əsasən neft, cəbhəyə yollanan yüz minlərlə insan və arxa cəbhənin ağır zəhməti ilə qalıb. SSRİ-nin əsas enerji bazası olan Bakı müharibənin taleyini müəyyənləşdirən şəhərlərdən biri idi.

Sovet ordusunun istifadə etdiyi yanacağın böyük hissəsi məhz Azərbaycan neftindən gəlirdi. Bu səbəbdən Hitler Almaniyasının Qafqaz planlarında Bakının xüsusi yeri vardı.

Müharibə bitdikdən sonra isə şəhər başqa bir paradoksal tarix yaşadı, bir zamanlar Bakını ələ keçirmək istəyən ölkənin əsgərləri həmin şəhərin tikintisində işləməyə başladılar. SSRİ-yə gətirilən alman əsirləri müxtəlif respublikalarda olduğu kimi Bakıda da böyük tikinti layihələrinə cəlb olundular.

Bizim.Media xəbər verir ki, tanınmış memar Elçin Əliyev “modern.az”a açıqlamasında bildirib ki, 1940-60-cı illərdə Bakıda tikilən binaların böyük hissəsində alman əsirlərinin əməyi olub:

“Xüsusilə mərkəzi hissədəki monumental tikililərin əksəriyyətində onların iştirakı var idi. Almanlar tikintidə çox dəqiq və keyfiyyətli işləyirdilər. O binalar bu gün də öz keyfiyyəti ilə seçilir və düşünürəm ki, hələ bir neçə yüz il də əzəmətini qoruyacaq”.

Bu gün paytaxtın memarlıq simvoluna çevrilən bir sıra binalarda həmin iz qalır. Hökumət evi, Milli Kitabxana və “Saatlı bina” bura nümunədir...



Bakının mərkəzində, Azadlıq meydanının fonunda yüksələn Hökumət evi şəhərin ən monumental tikililərindən biridir. Binaya uzaqdan baxanda ilk hiss olunan şey onun insanı “kiçiltmək” üçün düşünülmüş miqyasıdır. Stalin dövrü memarlığının əsas xüsusiyyətlərindən biri məhz bu idi, dövlət fərddən daha böyük görünməli idi.

Layihənin müəllifləri məşhur sovet memarları Lev Rudnev və Vladimir Munts idi. Rudnev Moskva Dövlət Universitetinin əsas binasının müəllifi kimi də tanınırdı və onun memarlıq fəlsəfəsində imperiya miqyası xüsusi yer tuturdu.

Memar Elçin Əliyevin sözlərinə görə, Hökumət evinin tikintisinə hələ 1939-cu ildə başlanılıb. Lakin İkinci Dünya müharibəsi tikintinin uzanmasına səbəb olub:

“Binanın tam formalaşması və tamamlanması 1960-cı illərə qədər çəkdi. Bu gün gördüyümüz əzəmətli görünüşdə alman əsirlərinin əməyinin böyük payı var”.

Binanın fasadında klassik Avropa memarlığı ilə sovet monumentalizmi qarışır. Ağır sütunlar, ritmik pəncərə düzülüşü, simmetrik kompozisiya və daş ornamentlər binaya həm inzibati sərtlik, həm də aristokratik görünüş verir.
 

Tikintidə istifadə olunan açıq rəngli əhəng daşı günəş işığında binaya xüsusi parlaqlıq verir. Günün müxtəlif saatlarında fasadın rəngi dəyişirmiş kimi görünür: səhərlər daha yumşaq krem tonları hiss olunur, axşamüstü isə bina boz-qızılı çalara keçir.


Maraqlı detal isə binanın tikintisi ilə bağlı xalq arasında dolaşan məşhur rəvayətdir. Deyilənə görə, alman ustalar istifadə ediləcək bütün alətləri və tikinti materiallarını siyahı şəklində SSRİ rəhbərliyinə təqdim edirmişlər.

Lakin klassik sovet bürokratiyası və yeyintilər səbəbindən materialların bir hissəsi tikintiyə çatmırmış. Bir müddət sonra alman fəhlələr etiraz edərək bildiriblər ki, siyahıda nə yazılıbsa, hamısı gətirilməlidir, əks halda binanın tikintisini davam etdirməyəcəklər. Bu əhvalat illərdir Bakıda “alman dəqiqliyi”nin simvolu kimi danışılır.



Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanası Bakının ən zərif monumental tikililərindən sayılır. Əgər Hökumət evi gücü təcəssüm etdirirsə, Milli Kitabxana daha çox intellekti və mədəniyyət ideyasını simvollaşdırır.
 

Binanın fasadına diqqətlə baxdıqda onun klassik Avropa kitabxana memarlığından təsirləndiyi görünür. Hündür sütunlar, geniş pilləkənlər və fasaddakı heykəltəraşlıq elementləri tikiliyə qədim akademik müəssisə ab-havası verir.


Fasadın ritmik quruluşu da diqqət çəkir. Pəncərələr elə yerləşdirilib ki, bina həm ağır monumental görünür, həm də daxilində işıq hissi yaradır. İçəri daxil olduqda yüksək tavanlar və geniş oxu zalları insanı sovet dövrünün “böyük məkan” estetikasına aparır.

Binanın daxili interyerində mərmər elementlər, klassik çilçıraqlar və simmetrik planlaşdırma xüsusi atmosfer yaradır.



Nərimanov rayonundakı məşhur “Saatlı bina” sovet yaşayış memarlığının Bakıdakı ən yaddaqalan nümunələrindən biridir. Bu bina monumental dövlət tikililərindən fərqli olaraq daha “şəhər həyatı” ruhu daşıyır.
 

Binanın əsas simvolu onun üst hissəsində yerləşən böyük saatdır. Uzun illər həmin saat ərazi sakinləri üçün orientir rolunu oynayıb. “Saatın altında görüşərik” ifadəsi bir dövr Bakısının şəhər folkloruna çevrilmişdi.


Tikilinin memarlığında Stalin ampiri üslubu açıq hiss olunur. Bu üslub gündəlik həyata dəbdəbə qatmağı hədəfləyirdi. Hündür tavanlar, geniş pəncərələr, iri eyvanlar və fasaddakı dekorativ işləmələr həmin estetikanın nümunəsidir.

Memar Elçin Əliyev bildirir ki, “Montin” kimi tanınan bu ərazidəki bir çox yaşayış binası da məhz alman əsirləri tərəfindən tikilib:

“Həmin tikililərin keyfiyyəti bu gün də hiss olunur. Divarların qalınlığı, daş işləmələri, planlama hamısı yüksək səviyyədə idi”.

Binanın künc hissələrinin yumru həll olunması ona yumşaqlıq verir. Bu detal klassik Avropa şəhər memarlığını xatırladır. Axşam işıqları altında bina xüsusilə kino dekorasiyasını xatırladan görüntü yaradır.

Tarixin ironiyası ondadır ki, bir vaxtlar Bakını ələ keçirmək istəyən ordunun əsgərləri sonradan həmin şəhərin ən gözəl tikililərinin inşasında işlədilər.

Bu binalar ona görə füsunkardır ki, onlar XX əsrin faciə və paradokslarını öz divarlarında daşıya bilirlər. Bəlkə də Bakı memarlığının ən qəribə tərəfi elə budur, şəhər ən ağır dövrlərin izini belə estetikaya çevirə bilib. Eyni ilə insanları kimi...

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin