Ermənistan “iki od arasında” – İrəvan üçün kritik 30 GÜN

Hazırda oxunan: Ermənistan “iki od arasında” – İrəvan üçün kritik 30 GÜN

612112

Ermənistanda keçirilən Avropa Siyasi Birliyinin zirvə toplantısına Ukrayna Prezidenti Volodimir Zelenskinin də dəvət edilməsi və onun burada səsləndirdiyi fikirlər Moskvanı əməlli-başlı özündən çıxarıb.

Bunun nəticəsidir ki, Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın Moskvadakı səfirinə nota verib. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistanın Moskvadakı səfiri Qurgen Arsenyanla görüşdə bildirilib ki, Ermənistanın Vladimir Zelenskiyə Rusiyaya qarşı terror təhdidlərini səsləndirməsi üçün platforma təmin etməsi qəti şəkildə qəbuledilməzdir.

Bu əsasda Rusiya mediası Rusiya Xarici İşlər Nazirliyindəki Ermənistan səfiri ilə söhbətin "son dərəcə sərt" keçdiyini iddia edir.
 

Mətbuatın yazdığına görə, Kreml rəsmi İrəvana xatırladıb ki, 9 may ərəfəsində İrəvanda təşkil edilən Rusiya əleyhinə iğtişaşlar və Volodimir Zelinskinin burada iştirak edənlərin susqun razılığı ilə birbaşa terror hücumları ilə bağlı təhdidləri, Ermənistan rəhbərliyinin əvvəllər Moskvada səsləndirdiyi müttəfiq öhdəliklərinə və dostluq zəmanətlərinə ziddir.


Görünən odur ki, Moskva İrəvana qarşı diplomatik təzyiqlərə start verir.

Deməli, seçkilər ərəfəsi Ermənistan sözün həqiqi mənasında böyük güclərin qarşıdurma meydanına çevrilir. 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Ermənistan-Rusiya münasibətləri ən gərgin mərhələdədir.

“Rusiya ilə Ukrayna arasında müharibənin uzanması, Moskvanı xarici siyasət məsələlərində həddən artıq həssas edib. Eyni zamanda, Ermənistanın Rusiya ilə bağlı siyasətini 180 dərəcə dəyişməsi də Moskvanı strateji kontekstdə çox narahat edir. Ona görə də əslində normal vəziyyətdə münasibət bildirməyə ehtiyac olmayan hadisələrə Rusiya həddən artıq emossional və həssas reaksiya verir”.

Həmsöhbətimizin sözlərinə görə, Moskva 7 iyundan sonra Ermənistanı birdəfəlik itirə biləcəyindən narahatdır:

“Bu səbəbsiz deyil. Rusiya başa düşür ki, 7 iyun seçkilərindən sonra Ermənistanı birdəfəlik itirə bilər. Rusiya xüsusən də Avropa Siyasi Birliyinin Zirvə görüşü Ermənistanda keçirildikdən sonra İrəvana münasibətdə daha da aqressivləşib. Verilən bəyanatlar, Ermənistan səfirinin XİN-ə çağırılması və onunla aparılan sərt söhbət də Kremlin ciddi şəkildə narahat olduğunun ifadəsidir.
 

Ermənistan böyük güclərin qarşıdurma meydanına çevrilsə də, proses seçki mövqeyinə və Ermənistanda hakimiyyətin yenidən formalaşmasına o qədər də təsir etməyəcək. Bir şərtlə ki, Rusiya daha radikal addımlara keçməsin.


Hələliksə, son olaylar ondan xəbər verir ki, Rusiya 7 iyuna qədər daha sərt davranışlar ortaya qoya və daha radikal addımlar ata bilər. Bu həssas mərhələ düzgün idarə olunmasa, vəziyyət daha da gərginləşəcək”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin