Çin beşinci nəsil çoxməqsədli azgörünən J-35AE qırıcısını beynəlxalq silah bazarına təqdim edir.
Bizim.Media xəbər verir ki, təyyarə ABŞ istehsalı olan F-35 Lightning II qırıcısına rəqib kimi göstərilir.
Çinin AVIC aviasiya korporasiyası J-35AE-ni ixrac üçün nəzərdə tutulmuş model kimi təqdim edib. Təyyarənin tamölçülü seriya nümunəsi ilk dəfə Çinin dövlət televiziyası CCTV-nin efirində nümayiş olunub.
Kadrlarda qırıcının üzərində Çin Xalq Azadlıq Ordusunun Hərbi Hava Qüvvələrinin nişanları deyil, AVIC-in korporativ markalanması yer alıb. Bu da onun ixrac təyinatını göstərir.
J-35AE Çin ordusunda və donanma aviasiyasında istifadə olunan J-35 paluba qırıcısının yerüstü bazalanma üçün ixrac variantı hesab edilir.
Təyyarənin uzunluğu 17,3 metr, maksimal uçuş çəkisi 28 ton, maksimal sürəti 1,8 Max, praktiki uçuş hündürlüyü 16 min metr, döyüş radiusu isə 1200 kilometrdir.
Qırıcının baza variantı iki WS-13 mühərriki ilə təchiz olunur. Perspektiv WS-19 mühərriklərinin inteqrasiyası halında ümumi dartı gücünün 232 kN təşkil edəcəyi bildirilir.
J-35AE-nin əsas xüsusiyyətləri arasında radar və infraqırmızı diapazonda aşağı görünmə, sensorların dərin inteqrasiyası və daxili silah bölməsi göstərilir.
Silahlanma daxili bölmədə və altı xarici asqı nöqtəsində yerləşdirilə bilər. Ümumi döyüş yükünün 8 tona qədər olduğu bildirilir.
Qərb mənbələrinə görə, J-35AE-nin ilk xarici alıcısı Pakistan ola bilər. İslamabadın 40-a qədər belə təyyarə almaqda maraqlı olduğu iddia edilir. Pakistan Hərbi Hava Qüvvələri pilotlarının Çində hazırlığına artıq başlanıldığı bildirilir.

Bizim.Media





































































































