Fevralın 7-də müdafiə naziri Zakir Həsənov və baş qərargah rəisi Nəcməddin Sadıqovun növbəti dəfə cəbhə xəttindəki hərbi hissələrə səfər etməsi hərbi ekspertlər tərəfindən birmənalı qarşılanmayıb. Bəzi ekspertlər bu səfəri ciddi şəkildə tənqid edərək bunu şou xarakterli, ictimai rəyə hesablanan addımlar kimi dəyərləndirib. Ekspertləri narazı salan amillərə gəlincə, bu amillər kifayət qədər çox və düşündürücüdür.
Ali Baş komandanın yoxluğu fonunda bu cür səfərlər düzgündürmü?
Ekspertlər hesab edir ki, məlum səfərləri arzuedilməz edən başlıca amil, bu səfərlər üçün qeyri-düzgün vaxtın seçilməsi ilə bağlıdır. Belə ki, Silahlı Qüvvələrin ali baş komandanı hesab edilən prezidentin ölkədə olmadığı bir vaxtda dövlətin təhlükəsizliyi üçün bilavasiyə cavabdeh olan iki şəxsin ”“ müdafiə naziri və baş qərargah rəisinin cəbhə bölgəsinə səfəri, həm nizamnamə, həm də normal məntiqdən kənara çıxma halı kimi dəyərləndirilir. Ekspertlər hesab edir ki, ali baş komandanın yoxluğu fonunda təşkil edilən bu cür səfərlər Azərbaycanın təhlükəsizliyini sual altına qoyur ki, bu da özlüyündə çox ciddi nöqsandır.
Sıravi əsgərə səmimi münasibət, yoxsa ictimai rəyə hesablanan şou?
İctimai rəydə müzakirə olunan digər bir məsələ isə baş tutan səfərlərin cəbhə bölgəsində xidmət edən hərbçilərə səmimi münasibətdən daha çox, cəmiyyətə, xüsusilə də ali siyasi hakimiyyətə hesablanan şou xarakterli addımlar olması ilə bağlıdır. Ekspertlərin fikrincə, Müdafiə Nazirliyində ciddi struktur dəyişiklikləri aparmalı, orduda döyüş əhval-ruhiyyəsini yüksəltməli, peşəkarlığı artırmalı olan nazir və qərargah rəisinin mütəmadi surətdə cəbhə bölgəsini dolaşaraq ucdantutma hər kəsə saat və s. hədiyyələr paylaması, mövcud rəhbərliyin orduda ciddi islahatlar aparmaq niyyətində olmadığını göstərir. Mütəxəssislərin qənaətincə, orduda real dəyişiklik və inkişafa deyil, sadəcə görüntü və populizmə xidmət dən bu cür addımlarla hansısa uğura nail olmaq mümkünsüzdür.
“Bu cür səfərləri alqışlamıram”
Moderator.az-ın məlumatına görə, “Hürriyyət” qəzetinə açıqlama verən sabiq müdafiə naziri Rəhim Qazıyev də hesab edir ki, ölkə başçısının respublika sərhədlərinin xaricində olduğu bir ərəfədə cəbhə xəttinə məlum səfərlərin təşkili doğru deyil və bu, nizamnamə tələblərinin də pozulması deməkdir: “Doğrusu, indiki məqamda onların bu qədər yüngül hərəkət edəcəklərini təsəvvürümə gətirmirdim. Əvvəla, ölkə başçısı ökədə yoxdur. Belə bir məqamda müdfiə naziri və baş qərargah rəisinin cəbhə bölgəsinə səfər etməsi intizam nizamnəməsinə zidd addımdır və ölkənin təhlükəsizliyi baxımından ciddi risk təşkil edir. Doğrudur, kimsə deyə bilər ki, indi rabitə sistemi elə qurulub ki, düşmən tərəfdən hər hansı bir təhlükə olarsa bundan vaxtında xəbər tutmaq və bunun qarşısını almaq olar. Lakin bütün hallarda bu səfərlər çox uğursuz vaxta salınıb və bu səbəbdən də bu səfərləri alqışlamıram”.
“Məlum səfərlər cəbhə xəttində gərginliyin süni surətdə yaradıldığını göstərir”
R.Qazıyev hesab edir ki, Azərbaycan-Ermənistan təmas xəttində atəşkəsin mütəmadi surətdə pozulması, lokal hərbi əməliyyatların getməsi ilə bağlı informasiyaların yayıldığı bir vaxtda müdafiə naziri və müavininin bu səfəri mövcud gərginliklə bağlı səslənən fikirlərin əsassız olduğunu göstərir. Sabiq müdafiə nazirinin fikrincə, əmin-amanlıq ab-havasında keçən bu görüşlər göstərir ki, əslində təmas xəttindəki gərginlik süni şəkildə yaradılır və bunun real-təbii gərginliklə heç bir əlaqəsi yoxdur: “Müdafiə Nazirliyinin rəhbərliyində təmsil olunan şəxslərin cəbhə bölgəsinə bu cür arxayın səfərləri bunu göstərir ki, cəbhə bölgəsində yaranan gərginlik süni surətdə yaradılan, nələrəsə hesablanan gərginlikdir. Təbii ki, əgər bu səfərlər cəbhə xəttində vəziyyətin həqiqətən də gərgin olduğu və ali baş komandanın ölkədə olduğu bir dövrdə baş verssəydi, o zaman mən bu səfərləri alqışlayardım. Amma ali baş komanda ölkədə olmadığı bir dövrdə həm müdafiə naziri, həm də baş qərargah rəisinin cəbhə bölgəsinə səfər etməsi anlaşılan deyil”.
Orduda populizm dalğası
R.Qazıyev hesab edir ki, cəbhə xəttinə yuxarı komandanlığın səfərləri üçün münasib vaxt seçilməli, mövcud situasiya düzgün qiymətləndirilməlidir: “Şübhəsiz ki, rəhbərliyin cəbhə bölgəsinə səfər edərək səngərdə dayanan əsgərlərlə görüşməsi özlüyündə çox yaxşı haldır. Lakin bu cür səfərlər planlaşdırılarkən doğru vaxt, doğru situasiya seçilməlidir. Çünki söhbət cəbhə bölgəsindəki gərginlik və qarşıdurmadan gedirsə, burada həlledici söz müdafiə naziri və baş qərargah rəisinə məxsusdur. Ölkə başçısının olmadığı bir vaxtda onların birgə cəbhə xəttinə səfəri alqışlanası hal deyil”.
Sabiq nazirin fikrincə, əsgərlərin xırda hədiyyələrlə mükafatlandırılması müsbət hadisə olsa da, bunu populizmə çevirmək və ucuzlaşdırmaq heç də doğru deyil: “ Son vatlar müdafiə nazirinin əsgərlərə saat bağışlaması məsələsi də aktuallaşıb. Mən 1992-ci ildə Qazaxa getmişdim. Həmin vaxt 16 yaşında olan bir uşağı mənə təqdim etdilər. Uşağın əlində silah var idi, atası isə döyüşlərdə şəhid olmuşdu. Həmin vaxt ona veriləsi üstümdə heç nəyim yox idi və buna görə də qolumdakı saatı çıxarıb onun qoluna bağladım. 3 il bundna qabaq mən həmin şəxsin bacısı ilə qarşılaşdım və o, bu olayı mənə xatırlatdı. Bu baxımdan əsgərlərə saat və ya digər hədiyyələr vermək yaxşı haldır. Lakin bunu bu dərəcədə populyarlaşdırmaq doğru deyil”.
“Nəcməddin Sadıqovdan xilas olmaq lazımdır”
R.Qazıyev hesab edir ki, ordunun döyüş hazırlığını yüksəltmək üçün baş qərargah rəisi ilə vidalaşmaq və Silahlı Qüvvələrin gerçək tərəqisinə xidmət edən köklü addımlar atmaq lazımdır: “Mən çox istərdim ki, Z.Həsənov ilk növbədə Azərbaycanın Qarabağ savaşındakı məğlubiyyətinə kifayət qədər imza atan Nəcməddin Sadıqovdan yaxasını qurtarsın. Ikincisi, Azərbaycan ordusunu həqiqətən də qələbə qazanacaq səviyyəyə yüksəltsin. Bu məsələlərdə ona uğurlar arzulayıram. Arzu edirəm ki, illərdir ki, xalqın arzusunda olduğu qələbəyə nail ola bilək. Allah eləsin ki, bu qələbə elə Z.Həsənovun dönəmində xalqımıza qismət olsun. Arzu edirəm ki, populizmdən uzaqlaşaq və ordunun real inkişafı istiqamətində ciddi işlər görək”.
Seymur Əliyev





































































































