Ərəstun Oruclu: “Gizli çəkilişlərin ictimailəşməsi yolverilməzdir

Hazırda oxunan: Ərəstun Oruclu: “Gizli çəkilişlərin ictimailəşməsi yolverilməzdir

34417

Bu həftə internetdə Açıq Cəmiyyət Partiyasının liderləri Rəsul Quliyevlə Sülhəddin Əkbərin telefon danışığının səs yazısı yayılıb. Adıçəkilən şəxslər internetdə yayılan variantda montaja yol verildiyini bildirirlər. Amma bu, telefon söhbətinin dinləndiyini inkar etmir.

İctimai-siyasi şəxslərin telefon danışığını dinləmək və yaymaq nə anlama gəlir? Bu hallara yol vermək nə dərəcədə qanunidir?

Moderator.az-ın “Media forum” saytına istinadən verdiyi məlumata görə, sabiq xüsusi xidmət orqanı əməkdaşı, politoloq Ərəstun Oruclu bu təşəbbüsün müxalifət daxilində ziddiyyət yaratmaq məqsədi güddüyünü bildirib: “Adi həyatda olduğu kimi siyasətdə də bəzən insanlar onlara ən yaxın olanlar haqqında neqativ fikirlər səsləndirirlər. Siyasətdə bu ənənə daha geniş yayılıb. Sadəcə belə söhbətlərin çılpaqlığı ilə müzakirəyə çıxarılması əslində müxalifət daxilində mövcud ziddiyyətlərə əlavə rəng qatmaq istəyidir. Bunu kim edib, necə edib, birmənalı fikir söyləmək çətindir. Çünki mobil telefonların, dinləyici qurğuların da imkanları genişdir. Səs yazısı təsadüfən kiminsə əlinə də keçə bilər”.

Ərəstun Oruclunun fikrincə, gizli çəkilişlərin gündəmə gəlməsi istənilən halda diqqəti dövlət təhlükəsizlik orqanlarına yönəldir: “Ən pis tendensiya odur ki, ölkənin təhlükəsizliyinə məsul olan qurumlar bu cür hadisələr fonunda gözdən düşür. Bu baxımdan belə hallar dövlətin təhlükəsizliyi üçün təhdiddir.

Qanuni tərəfinə gəldikdə, telefon danışıqları yalnız məhkəmənin razılığı ilə dinlənə bilər. Bu faktların ictimailəşməsi yolverilməzdir. Birincisi, dinləməni və çəkilişi kimin apardığını müəyyən etmək mümkün olmur. Məsələn, mobil rabitəni Azərbaycanda fəaliyyət göstərən istənilən ölkənin səfirliyində qurğu quraşdırılmaqla dinləmək olar. Hətta ölkənin xaricində belə şəbəkəyə qoşularaq eyni məqsəd həyata keçirilə bilər. İstənilən halda vətəndaşların telefon danışıqları, gizli çəkilmiş görüntüləri mətbuata, internetə çıxırsa, bu, dövlətin təhlükəsizliyinə təhdiddir, dövlət maraqlarına ziddir. Bu o deməkdir ki, vətəndaşlarla dövlət arasında böyük bir şübhə uçurumu yaranıb”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin