Cəmil Həsənli: “Həbs və təqiblərə baxmayaraq Azərbaycanda demokratik fikrin daşıyıcıları hər zaman olacaq”
Sülh və Demokratiya İnstitunun rəhbəri Leyla Yunusun həbs edilməsi Azərbaycandakı demokratik düşərgədə ciddi rezonansa səbəb olub. Uzun illərdir ki, insan hüquq və azadlıqlarının qorunmasında inkaredilməz xidmətləri olan, hakimiyyətin mürtəce addımlarını davamlı olaraq tənqid edən hüquq müdafiəçisinin ermənilərlə əməkdaşlıqda ittiham edilərək həbs edilməsi müxalif siyasilərin sərt tənqidinə səbəb olub. Baş verənlərin qəbuledilməz olduğunu vurğulayan siyasilər, L.Yunusun həbsini ölkədə yeni və daha ciddi repressiya dalğasının başlanğıcı kimi qiymətləndirib. Bundan başqa, siyasilərin fikrincə, L.Yunusun Azərbaycanın Avropa Şurasının Nazirlər Kabinetinə rəhbərlik etdiyi bir dönəmdə həbs edilməsi rəsmi Bakının Qərbə meydana oxuması, ondan çəkinmədiyini növbəti dəfə nümayişkəranə surətdə gündəmə gətirməsi kimi də dəyərləndirilə bilər.
Moderator.az və “Hürriyyət” qəzetinə açıqlama verən Milli Şura sədri Cəmil Həsənli ilə söhbətimizdə hörmətli profesorun Leyla Yunusun həbsi ilə bağlı fikirlərini öyrənməklə yanaşı, bu həbsin Azərbaycan üçün doğuracağı fəsadlara da diqqət çəkməyə çalışdıq.
- Cəmil bəy, öncə Sülh və Demokratiya İnstitunun rəhbəri Leyla Yunusun həbsi ilə bağlı fikirlərinizi bilmək istərdik. Baş verən məlum olayı necə qiymətləndirirsiniz?
- Milli Şurnın Leyla Yunusun həbsi ilə bağlı bəyanatı var və bu bəyanat “Azadlıq” qəzetində dərc olunub. Mənim L.Yunusun həbsinə münasibətim məhz həmin bəyanatdakı kimidir. Əlbəttə ki, biz baş verənləri çox pis bir olay kimi qiymətləndiririk. Hesab edirik ki, bu, Şimali Koreya nümunəsinin açıq təzahüridir. Insan hüquqları, vətəndaş haqları uğrunda 25 ildən artıq bir müddətdə çalışan, bu yolda əsl fədakarlıq göstərən bir xanımı həbs eləmək, onun azadlığını qurama, saxta ittihamlarla məhdudlaşdırmaq normal bir şey hesab edilə bilməz. Bu, siyasi həbsdir. Şübhəsiz ki, hakimiyyətin ən üst düzeyindən verilən göstərişin nəticəsidir.
- Bəzi siyasilər iddia edir ki, hakimiyyət bununla həm də Qərbin dəstəyinə ümid edən bütün siyasi partiya və təşkilatlara heç bir qüvvənin rəyinə etina etmədiyi ilə bağlı mesaj vermiş oldu. Bu qənaəti bölüşürsünüzmü?
- Bu proses əslində çoxdan başlanıb. Bu, İlqarın, Tofiqin, Anarın və s. həbsindən başlayıb. Bu insanların hamısı sizin öz sualınızda vurğuladığınız ölçülərə uyğun gələn insanlardır. Hesab edirəm ki, əgər bu doğrudan da belədirsə, çox ucuz bir oyundur.
- Qərbin, beynəlxalq demokratik ictimaiyyətin diqqətini baş verənlərə cəlb etmək üçün hansısa addımlar atılmalıdırmı?
Biz sabah saat 12 raddələrində ictimaiyyətin nümayəndələri ilə bir toplantı keçirəcəyik. Bu toplantıdfa qeyd etdiyiniz məsələləri müzakirə edəcək, hansı addımların atılmasını müəyyənləşdirəcəyik.
- Necə hesab edirsiniz, Leyla Yunusun həbsi Azərbaycana nə qazandırdı?
Bu həbs Azərbaycana müsbət mənada heç nə qazandırmadı və qazandırması mümkün də deyil. Əksinə, bu olay Azərbaycanın beynəlxalq imicinə çox böyük ziyan vurdu. Bu hadisənin Azərbaycanın Avropa Şurasının Nazirlər Kabinetinə rəhbərlik etdiyi bir dönəmdə baş verməsi vəziyyəti daha da ağırlaşdırır və arzuedilməz edir. Bu olay hakimiyyətin öz vəziyyətini də ağırlaşdırır. Bu vaxta qədər Azərbaycan demokratiya məsələsində nəyisə imitasiya edə bilirdisə, indi artıq bu da mümkün deyil. Çünki imitasiya üçün istifadə etdikləri kartlar da Azərbaycanın əlindən çıxdı.
- Oqtay Gülalıyevin övladına da cinayət işi açılıb. Sizcə bu, Oqtay bəyin siyasi fəaliyyəti ilə bağlıdır, yoxsa həm də Milli Şuraya təzyiq göstərmək vasitəsidir?
- Həm Leyla Yunusun həbsi, həm Oqtay bəyin oğlu ilə bağlı açılan cinayət işi bütövlükdə Milli Şuraya, onun sədr aparatı və Koordinasiya Mərkəzinə olan təzyiqlərin tərkib hissəsidir. Bildiyiniz kimi Leyla xanım Sülh və Demokratiya İnstitunun rəhbəri, tanınmış hüquq müdafiəçisi olmaqla yanaşı, Milli Şuranın, onun Koordinasiya Mərkəzinin üzvü idi. O.Gülalıyev də Milli Şuranın üzvüdür və sədr aparatının əməkdaşıdır. Bütün bunların hamısı Milli Şuraya qarşı yönələn reoressiv siyasətin tərkib hissəsidir.
- Sizcə proseslərin mövcud gedişatı onu söyləməyə əsas vermirmi ki, yaxın gələcəkdə demokratik düşüncəli insanların hamısı öz yaşamlarını ya həbsxanalarda, ya da xarici ölkələrdə keçirməli olacaqlar?
- Kimin xaricə getməsindən, kimin həbs olunmasından asılı olmayaraq, Azərbaycanda demokratik fikrin daşıyıcıları, sözünü deyən adamlar, hakimiyyətin repressiv siyasətinə qarşı dayanan şəxslər hər zaman olacaq. Bu, birmənalıdır. Bu gerçək və zərurəti heç kim, heç bir repressiv güc dəyişdirə, ortadan qaldıra bilməz.
Seymur Əliyev




































































































