Fransa Prezidenti Emmanuel Makron İsrailin Fələstin ərazilərində və Livanda hərəkətlərinin qəbuledilməz olduğunu və uzunmüddətli perspektivdə yəhudi dövlətinin özünün maraqlarına zidd olduğunu bildirib.
Bizim.Media xəbər verir ki, Fransa lideri bu barədə "France 2" kanalına müsahibəsində danışıb.
Makrona görə, İsrailin Qəzza zolağında və Qərb sahilində apardığı siyasət, o cümlədən yeni yəhudi yaşayış məntəqələrinin salınması, eləcə də Livanın cənubundakı hərəkətləri region xalqları arasında artan narazılığa və zorakılığa səbəb olur. O, qeyd edib ki, İsrail HƏMAS-ın hücumundan sonra müəyyən təhlükəsizlik nailiyyətləri əldə edib.
Lakin Fransa Prezidentinin sözlərinə görə, İsrail hakimiyyəti terrorçularla mübarizə aparmaqla kifayətlənməyib və kifayət qədər əsaslandırılmadan mülki əhaliyə hücumlar edib.
Makron həmçinin vurğulayıb ki, bu gün Netanyahunun ardıcıl siyasəti yoxdur və İsrailin təhlükəsizliyi qonşu dövlətlərin ərazilərini ələ keçirməklə və ya saxlamaqla təmin edilə bilməz.
Livandakı vəziyyətdən danışan Fransa lideri İsrailin Baş naziri Binyamin Netanyahunu müdriklik, məsuliyyət və rasionallıq nümayiş etdirməyə çağırıb.
Bizim.Media





































































































