Bir zamanlar Azərbaycan insanı üçün əsas görüş məkanı çayxanalar idi. Burada söhbətlər uzun çəkər, bir stəkan çay ətrafında dostluqlar möhkəmlənər, gündəlik hadisələr müzakirə olunardı.
Çay süfrəsi sadəcə içki deyil, bir ünsiyyət vasitəsi sayılırdı.
Bizim.Media-nın məlumatına görə, son illərdə böyük şəhərlərdə, xüsusən də əhalinin çox hissəsinin toplaşdığı Bakıda kafe anlayışı dəyişməyə başladı.
Yeni nəsil üçün kafe artıq yalnız oturub söhbət etmək yeri deyil, həyat tərzinin bir hissəsinə çevrilib.Yəni insanlar burada dostları ilə görüşür, kitab oxuyur, işləyir, hətta biznes görüşləri keçirirlər. Yeni kafelərin dizaynında da bu dəyişiklik aydın görünür. Əvvəllər əsas diqqət menyuya və xidmətə yönəlirdisə, indi interyer, atmosfer və məkanın verdiyi hiss də mühüm rol oynayır. Minimalist dizaynlı, sakit musiqili, iş görməyə şərait yaradan kafelər xüsusilə gənclərin seçiminə çevrilib. İnsanları çay bəhanəsi ilə isti söhbət üçün birləşdirən kafelərdə çay qəhvə və sosial şəbəkələr üçün çəkilən 24 saatlıq “story”lərlə əvəzlənib.
Bu dəyişikliklər xarici təsirlərlə də bağlıdır.
Dünyanın müxtəlif ölkələrində formalaşan “coffee shop” mədəniyyəti Azərbaycanda da öz izlərini göstərməyə başlayıb. Səyahət edən, xarici mədəniyyətlərlə tanış olan insanlar bu atmosferi yerli məkanlarda görmək istəyirlər.
Nəticədə kafelər yalnız xidmət göstərən obyekt deyil, şəhər mədəniyyətinin bir parçasına çevrilir. Amma bu yeniliklər ənənəvi kafe və çay mədəniyyətini tamamilə aradan qaldırmayıb. Əksinə, iki fərqli yanaşma paralel şəkildə yaşayır. Bir tərəfdə klassik çay süfrəsi, samovar, uzun söhbətlər və tanış atmosfer qalır, digər tərəfdə isə müasir qəhvə məkanları və yeni sosial vərdişlər formalaşır.
Bir sözlə, Azərbaycanda kafe mədəniyyətinin dəyişməsi cəmiyyətin özünün dəyişməsini göstərir. İnsanların vaxt anlayışı, ünsiyyət forması və şəhər həyatına münasibəti yenilənir. Kafelər artıq sadəcə bir masa və stuldan ibarət yer deyil-insanların hekayələrinin yazıldığı, görüşlərin baş verdiyi və yeni ideyaların yarandığı sosial məkanlardır.
Günay Şahmar, Bizim.Media




































































































