“Yaşamaq üçün ölməyə hazıram”

Hazırda oxunan: “Yaşamaq üçün ölməyə hazıram”

48271

Moderator.az gənc şair Ömər Xəyyamın Aqşin Yeniseylə söhbətini təqdim edir. 

- Xəstəxanadan Aqşinə baxanda kimi görürsən?

- Yeyib-içən, deyib-gülən, kədəri özünə yaxın buraxmayan, ”sovremenni” oğlan..

- Darıxırsan o Aqşin üçün?

- Daha darıxmaq hissi ölüb içimdə, amma düşünəndə ki, o artıq ölüb, qəhərlənirəm, çox cavan idi... O öldü və yeni Aqşin doğuldu...  Ã–lən Aqşinlə birlikdə dostlarım da öldü, bir yerdə öldük, amma mən kəfəni yırtdım... Hətta üz-üzə gəlsək də bir-birimizi tanımayacağıq. Təsadüfən rastlaşsaq yad insanlar kimi ötüb keçəcəm. Ola bilər yaddaşımın bir yerində ilişib qalsınlar, gördüyümdə deja vu yaşayım, elədikləri yaxşılıqları da, pislikləri də yada sala bilməyəcəm... Mənimlə ölənlərdən ancaq kəfəni yırtanlar yenə yanımda olacaq..

 

-Şəhərdə qoyub gəldiyin Aqşinə nə demək istəyirsən?

-Üzünə tüpürərəm onun...

 

- Yaradıb, şəklini çəkib beynində, ancaq yazmadığın
şeirlər var?


- Əlbəttə... Çox şeirlərimin beynimdə şəkilini çəkirəm, bu misra burda olacaq, bu misra filan yerdə. Ancaq onu kağıza köçürüb, sonradan oxuyanda-beynimdə çəkdiyim şəkili görmürəm və
sözlə beynimə çəkdiyim şeirləri qısqanıram kağıza köçürməyə, elə orda qalsa yaxşıdı. Marsda həyatın olmamağının səbəbi Marsda poeziyanın olmamasıdı. Orda həyat yaratmaq üçün Yer
kürəsinin təbii poeziyasını aparmaq lazımdı.

- Ailə münasibətlərində də poeziya lazımdı?

- Hə... Mənim yerimdə kim olsaydı və poeziyası
olmasaydı-çoxdan ölmüşdü...

- İçməyinin səbəblərini anlayıram, Aqşin...

- Yaradıcı adamların gərginlikdən, intellektual zəhmətin yorğunluğundan çıxması üçün hər hansısa bir məişət əyləncəsi olmalıdı. Dosteyevski qumarbaz olub misal üçün, kimisi qadınbaz... Hətta, Fyodr ona görə uduzurdu ki, qumarda, mənəvi cəhətdən paklaşsın. Sonra gəlib şedevrlər yaradırdı. Mən heç vaxt içib yazmamışam, içib düşünmüşəm və tək içməyi
xoşlayıram. Tək içəndə sözlərlə danışırdım bəzən... Adları insanları nə dərəcədə xarakterizə edir? Fikir versən, həmişə obrazlara fərqli ad seçmişəm. Əhməd, Kərim kimi adların enerjisi ölüb daha. Adı İmamyar, Babaverdi olan biri ya savadsız müəllim, ya da 5,6 arvad alıb boşayan çürük
təfəkkürlü biri olacaq..

- Şairlik sənətdi, yoxsa həyat tərzi?

- Şairlik həyat tərzidi. Sənəti öyrətmək olur, fitri
olan bir şeyi əsla.. Yaradıcılıq təsadüf yox, zərurətdi.

- İnsan ölmək üçün yaşayır,yoxsa yaşamaq üçün
ölür?


- Yaşamaq üçün ölməyə hazıram... Yer kürəsində dağ zirvəsi 9 kilometrdən yüksək ola bilməz, ağırlıq qüvvəsi parçalayar onu. Bu zirvə təbiətdə mümkün deyil.. Hər şey sistemlidi təbiətdə. Elə biz də.

- O zaman bu xəstəlik də təbiətin nizamlı sisteminə
daxildi?


- Düşünmüşəm bu barədə, Təbiət bu vəziyyətə salmaqla xilas eləyir bəlkə də məni.. Ki, mənim sənə hələ ehtiyacım var.. Təbiətin Aqşinə ehtiyacı varsa yaşamağa dəyər..

- Şeirlərini sağlamlığına qurban verərsən? Təsəvvür elə indi həkim girir otağa və əlində də şeirlərin. Sən
dur get, şeirlərin qalsın burda təklifi ilə..

- Bu halda şeirlərimlə üz-üzə gəlmək istəməzdim. Sağlamlığımı onlara qurban vermişəm.

 

- Allaha bir istəklə yaxınlaşmaq imkanı yaratsaydılar
nə istəyərdin?

- Daha ədalətli dünya.. Qaçana da, qovana da 4
ayaq verməsəydi... Heç olmasa qaçana iki ayaq
artıq versəydi..

 

- Şair ver ağrılarını aparım...


(Susdu, dərindən nəfəs aldı, gülümsədi...)

- Məndə ağrı yoxdu..


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin