Sergey Brinin sevgilisi: “Onu idarə edə bilsəydim, çoxdan evli və uşaq sahibi olardım”

Hazırda oxunan: Sergey Brinin sevgilisi: “Onu idarə edə bilsəydim, çoxdan evli və uşaq sahibi olardım”

612649

“Google”un həmtəsisçisi, milyarder Sergey Brinin sevgilisi Herelin “GG” Gilbert-Soto onun siyasi baxışlarını sağa yönəltdiyi barədə iddiaları rədd edib.

Bizim.Media xəbər verir ki, Gilbert-Soto bu barədə “The Free Press” nəşrinə müsahibəsində danışıb.

O bildirib ki, Brinin siyasi mövqeyindəki dəyişiklikdə onun rolu olmayıb.

“Demokratlar özləri onu bu istiqamətə yönəltdilər. Mənim heç nə etməyimə ehtiyac qalmadı. Onun öz ağlı var. Əgər onu idarə edə bilsəydim, artıq evli və uşaq sahibi olardım”, - Gilbert-Soto deyib.

Qeyd olunur ki, ABŞ Prezidenti Donald Tramp bir müddət əvvəl onu Brinin “çox gözəl MAGA rəfiqəsi” adlandırmışdı.

Gilbert-Soto bu açıqlamaları “The New York Times” nəşrində dərc olunan yazıdan sonra verib. Həmin məqalədə onun Brinin demokratların tərəfdarından respublikaçılar və Trampın müttəfiqinə çevrilməsində əsas rol oynadığı iddia olunurdu.

O isə Brinin siyasi baxışlarındakı dəyişikliklərin onların münasibətindən əvvəl başladığını bildirib. Gilbert-Sotonun sözlərinə görə, münasibətləri təxminən üç ildir davam edir.

“Əgər o, qatı liberal olsaydı, mənimlə olmazdı, mən də onunla olmazdım”, - deyə o qeyd edib.

Məlumata görə, 52 yaşlı Sergey Brin son illər Trampın çevrəsindəki siyasi fiqurlara daha çox yaxınlaşır. Halbuki əvvəllər o, liberal təşəbbüsləri, ekoloji layihələri və demokratları, o cümlədən Barak Obamanı dəstəkləyirdi.

“Bloomberg Billionaires Index”in məlumatına görə, Brinin sərvəti 313 milyard dollar qiymətləndirilir və o, dünyanın üçüncü ən varlı şəxsi sayılır.

Brin və Gilbert-Soto bu yaxınlarda Kaliforniyadan Nevada ştatına köçüblər. Onlar Kaliforniyada supervarlılar üçün nəzərdə tutulan birdəfəlik 5 faizlik vergi təşəbbüsünə qarşı çıxırlar.

Bildirilir ki, Brin artıq bu təşəbbüsə qarşı mübarizəyə on milyonlarla dollar ayırıb və respublikaçı siyasətçilərə, o cümlədən qubernatorluğa namizəd Stiv Hiltona ianələr edib.

Gilbert-Soto özünün Robert Kennedi ilə əlaqələndirilən “Make America Healthy Again” hərəkatını dəstəklədiyini və MAGA etiketi ilə tanınmasına baxmayaraq, baxışlarını mötədil saydığını bildirib.

O, əvvəllər Hillari Klintona səs verdiyini, lakin COVID-19 pandemiyası dövründə və 2017-ci ildə Şarlotsvill hadisələrinə reaksiyadan sonra demokratlardan məyus olduğunu deyib.

“Mən Trampın dəhşətli olduğunu düşünürdüm, amma indi onu sevirəm”, - deyən Gilbert-Soto ABŞ prezidentini “xarizmatik”, “çox ağıllı” və “son dərəcə maraqlı” adlandırıb.

Onun sözlərinə görə, siyasət və xeyriyyəçilik sahəsində birgə qərarlar versələr də, son söz həmişə Brinə məxsusdur.

“Sonda qərarı o verir. O, inanmadığı heç nəyi dəstəkləməz”, - Gilbert-Soto bildirib.

Cütlük 2023-cü ildə Burning Man festivalından sonra San-Fransiskoda keçirilən məclisdə tanış olub.

Gilbert-Soto Brini sosial baxımdan bir qədər yöndəmsiz, “sərt texnologiya maqnatı” obrazından isə xeyli fərqli insan kimi təsvir edib.

“İlk görüşdə o, olmadığı biri kimi görünməyə çox çalışırdı. Aydın görünürdü ki, bu, özünü “sərt” göstərməyə çalışan yaxşı insandır”, - deyə o əlavə edib.

Hazırda cütlük vaxtını Taho gölü, Nyu-York və Vaşinqton arasında keçirir. Brin isə süni intellekt siyasəti ilə bağlı müzakirələrdə daha fəal iştirak edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin