Bolqarıstan Azərbaycandan təbii qaz tədarükünün həcmini artırmaqda maraqlıdır. Sofiya Bakı ilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə də ümid edir.
Bizim.Media xəbər verir ki, bunu Bolqarıstanın Baş naziri Rumen Radev Avropa Siyasi Birliyinin (ASB) sammiti ərəfəsində jurnalistlərə açıqlamasında bildirib.
“Bizim müəyyən ehtiyaclarımız var və Azərbaycan Bolqarıstana daha çox qaz tədarük edə bilsə, buna minnətdar olarıq. Həm də təkcə Bolqarıstana deyil”, – deyə o vurğulayıb.
Radev iki ölkə arasında əməkdaşlığın yaşıl enerji sahəsində də inkişaf etdiyini qeyd edib. Onun sözlərinə görə, iki gün əvvəl Antalyada keçirilən COP31 çərçivəsində Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan yaşıl enerji dəhlizinin yaradılması haqqında saziş imzalanıb.
Baş nazir xatırladıb ki, Bolqarıstan layihənin həyata keçirilməsinin sürətləndirilməsi təşəbbüsü ilə hələ Bakıda keçirilən COP29 zamanı çıxış edib.
“Biz irəliləyirik və Azərbaycanla dostluğumuza və əməkdaşlığımıza böyük dəyər veririk”, – deyə Radev əlavə edib.
Bizim.Media




































































































