"Avroviziya" İsrailə görə qaydaları SƏRTLƏŞDİRİR

Hazırda oxunan: "Avroviziya" İsrailə görə qaydaları SƏRTLƏŞDİRİR

612626

İsrailin iştirakı ilə bağlı boykot təzyiqləri altında olan "Avroviziya" mahnı müsabiqəsi ötənilki yarışmada İsrail təmsilçisinə göstərilən "anomal" və koordinasiya edilmiş dəstək ittihamlarından sonra səsvermə sisteminə yenidən baxılması ilə bağlı yeni böhranla üzləşib.

Bizim.Media "Reuters" agentliyinə istinadən xəbər verir ki, müsabiqənin təşkilatçısı olan Avropa Yayım Birliyi (EBU) bir neçə yayımçının səsvermə nəticələrini şübhə altına almasından sonra 2026-cı il üçün qaydalara dəyişiklik edib.
 

Tənqidlərin mərkəzində İsrailin "New Day Will Rise" mahnısı ilə aldığı xalların 83%-nin məhz tamaşaçılardan gəlməsi və ikinci yeri tutması faktı dayanır. Müqayisə üçün qeyd edilir ki, ötənilki qalib Avstriya tamaşaçılardan cəmi 41% səs alsa da, münsiflər heyətinin sayəsində qalib gəlmişdi.


Təşkilatçıların qənaətinə görə, keçən il sosial şəbəkələrdə, o cümlədən İsrail XİN-in rəsmi hesabında istifadəçilərə 20 dəfəyə qədər səs verməyi tövsiyə edən aktiv təşviqat kampaniyaları müşahidə olunub. Müsabiqənin direktoru Martin Qrin bu cür hərəkətləri şounun ruhuna uyğun gəlməyən "qeyri-mütənasib marketinq" adlandırıb.

Yeni qaydalara əsasən, bir nəfərin bir ödəniş üsulu ilə verə biləcəyi maksimum səs sayı 20-dən 10-a endirilib. Həmçinin iştirakçıların irəli çəkilməsi üçün koordinasiya edilmiş kampaniyalara qarşı əlavə tədbirlər tətbiq edilir.

Əlavə gərginlik EBU-nun İsrailin KAN yayımçısına bu ilki iştirakçı Noam Bettanın videosu ilə bağlı rəsmi xəbərdarlıq etməsindən sonra yaranıb.

Videoda birbaşa "İsrailə 10 dəfə səs verin" çağırışı yer alıb ki, bu da qaydaların pozulması kimi qiymətləndirilib. KAN isə cavabında bütün tələblərə əməl etdiyini, mübahisəli hərəkətlərin isə ifaçının komandasının təşəbbüsü olduğunu bildirib.

Beləliklə, "Avroviziya" növbəti dəfə musiqi məsələlərinin beynəlxalq siyasət və informasiya kampaniyaları ilə iç-içə keçdiyi siyasi-mədəni münaqişənin mərkəzinə çevrilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin