Niderlandın bənzərsiz təhsil sistemi...

Hazırda oxunan: Niderlandın bənzərsiz təhsil sistemi...

50056
Niderlandda yaşayan beynəlxalq hüquq üzrə tanınmış mütəxəssis  Ataxan Əbilov Azərbaycan təhsil sisteminin çatışmazlıqları və yaşadığı ölkənin unikal təhsil sistemiylə bağlı silsilə yazmaq niyyətini Moderator.az-a ifadə edib və saytımız bu təklifi məmnunluqla qarşılayıb. İndi A. Əbilovun birinci yazısını təqdim edirik:

“İslamın hazırkı vəziyyətindən doğan narahatçılıqla bağlı əvvəlki yazımda "çıxış üçün bütün yollar təhsilə aparır" nəticəsi hasil olmuşdu. Məlumdur ki, təhsil hər bir cəmiyyətin sabahının necəliyini müəyyən edən əsas faktordur. Bu sahədə Azərbaycanda işlərin heç də ürəkaçan olmaması bəllidir. Təhsilin necəliyində forma-məzmun kateqoriyasının düzgün uzlaşması mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda təhsil sisteminin forması keçmiş SSRİ-dən qalan ənənələr üzərində qurulsa da, onun məzmununda əndrabadi gəlişmələr baş verib. Heç kəsə sirr deyil ki, ölkəmizdə qəribə ənənələr hökm sürür: təhsil sahəsindəki məmurun əvəzedilməz "pedaqoq"luğu, təhsil nazirinin dərsliklər müəllifi olması, əlahəzrətin ən böyük dahi kimi qələmə verilməsi, rütbəlilərin mütləq dahi istedad olması (ifadə Xəlil Rzanındır)... ənənələri. 

Təhsilimiz sınaqdan çıxan təcrübələrlə deyil, əlahəzrətlərin istəklərinə uyğun yönləndirilir. Müstəqilliyin ilk illərində ali məktəblərə qəbul imtahanlarıyla bağlı müəyyən edilən test üsulunu nəzərə almasaq təhsildə mahiyyət kəsb edən heç bir islahata rast gəlinməyib. Islahat adıyla görülən işlərin əksəriyyəti "məcbüri məktəbli formasının müəyyən edilməsi" kimi təhsilə heç bir aidiyyəti olmayan məsələlərlə bağlı olub. Nəticədə özfəaliyyət kursları olmadan təhsildə ardıcıllığın təminatı qeyri-mümkün olub. Ali məktəbə daxil olmaq üçün orta məktəblərdəki dərslər kifayət etmir, mütləq xüsusi hazırlıq kurslarına yazılmalı, əlavə olaraq müəllim yanına təşrif buyurmalısan. Pillələrarası uyğunsuzluq, uzlaşmanın olmaması Azərbaycanda təhsilə kompleks yanaşmadan danışmağı istisna edir. Kompleks yanaşma təhsilin maddi texniki bazasından (normal məktəb binası, onun lazımi avadanlıqla təchizatı, müvafiq kitab-dərslik və ləvazimatların mövcüdluğu və s.) tutmuş, professional kadr ehtiyatı da daxil olmaqla təhsilin sağlam planlaşdırılmasına qədər bütün elementləri əhatə edir. Dünyanın inkşaf etmiş ölkələrin təhsil sistemlərinə, onlardan hansısa formada yararlanmaq üçün baş vurma, onların təcrübəsini öyrənmə bu mənada cəlbedici görünür. 

Qeyd edilənlərdən irəli gələrək Niderland təhsil sistemi, pillələri, onun forma və məzmunu, habelə təhsilin inzibati idarəçiliyi barədə Moderator.az-ın oxucularını məlumatlandırmaq istəyirəm.

Niderlandda sanki Məhəmməd (s.ə.s.) peyğəmbərin "beşikdən qəbrə qədər öyrən" kəlamını əsas tutan bir təhsil sistemi mövcüddür. Burada mövcüd olan dörd pilləli təhsil sistemini aşağıdakı sistem üzrə xarakterizə edilir: 

1) ibtidai (əsas) təhsil; 

2) orta təhsil: 
peşə təhsilə hazırlıq;
ali təhsilə hazırlıq;
elmi təhsilə hazırlıq;

3) peşə təhsili;
 
4) ali təhsil:
ali peşə təhsili;
universitet təhsili.

İbtidai (əsas) təhsil. Niderland Krallığında ibtidai (əsas) təhsil 4 yaşdan başlayır. 4-cü doğum günün səhərisi uşaq məktəbə gedə bilər. 5-ci doğum gününü qeyd edən uşağın isə "məcburi təhsil alma" vəzifəsi yaranır. İbtidai təhsil 8 il davam edir. Buna müvafiq olaraq ibtidai təhsildə 8 qrup ("sinif" anlayışına uyğun gəlir) mövcüddür. Birinci iki il alt ibtidai təhsil, 3-5-ci illər orta ibtidai təhsil, 6-8-ci illər üst ibtidai təhsil illəri adlanır. 

Şagirdin əməyi ildə 3 dəfə hesabat formasında qiymətləndirilir. Hər bir qiymətləndirmə valideynlə fərdi müzakirəyə çıxarılır və rəsmiləşdirilir. Qiymətləndirmə 5 və 10 (100) ballıq sistemlə aparılır. Hər bir hesabat 8 bölümdən ibarət olur. Uşağın sosial-emossional inkişafı (1), dil aktivliyi (2), oxu (3), yazı (4), hesab (5), dünyagörüş (6), creativ (yaradıcılıq) inkişaf (7), fiziki inkişaf (8) qiymətləndirmə bölümləridir. Hər bir bölüm bir neçə element üzrə dəyərləndirilir. Məsələn, dünyagörüş bölümü coğrafiya, tarix, biologiya, yol hərəkəti, informatika fənlərini əhatə edir. 

Uşaqlar aşağı siniflərdə ev tapşırığı almırlar. Dərslər bütün qruplar (siniflər) üçün eyni vaxtda başlayır, eyni vaxtda qurtarır. Şagird həftədə 5 gün olmaqla, gündə beş saat aktiv və planlı şəkildə məktəbdə işləyir. Bütün dərsliklər və dərs ləvazimatları məktəb hesabına təmin edilir. Yuxarı siniflərdə ev tapşırığı materialları istisna olmaqla dərsliklər istifadə üçün evə verilmir, şagird onlardan yalnız məktəbdə olduğu müddətdə istifadə edir. Müsbət hesabatlar şagirdin qrupdan-qrupa (sinifdən-sinfə) keçməsi üçün əsasdır. Mənfi hesabat alan şagird qrupda qalır, və yaxud əqli zəif inkişaf etmiş uşaqlar üşün nəzərdə tutulan xüsusi məktəblərə keçirilir.

İbtidai məktəblərin ictimai, əlahiddə və xüsusi növləri mövcüddür. İctimai ibtidai məktəblər hər uşaq üçün əlçatandır. Əlahiddə məktəblərdə uşağa hansısa din və onun fəlsəfi inancları tədris olunur. Burada təhsil din və etiqad əsasında aparılır. Xüsusi məktəblərdə təhsil özünəməxsus xüsusi metodlarla aparılır. Nümunə kimi Montessori məktəbləri göstərmək olar. 

İbtidai təhsil tamamilə pulsuzdur. Məktəblər yalnız əlavə tədbirlər üçün (məsələn, qrup şəklində səyahət etmək, bayramı bir yerdə qeyd etmək və s.) valideynlərdən kömək istəyə bilər. Belə aksiya hər bir halda könüllülük prinspinə əsaslanır.

Məktəb binaları, onların tədris və təlim prosesinə uyğun olmasına cavabedehlik bələdiyyələrin üzərindədir. Məktəb binasının təmiz və formada (təmiz hava şəraiti) saxlanılması məsuliyyətini isə məktəbin idarə orqanı daşıyır. Buna görə hər bir məktəbin büdcəsi hökümət tərəfindən müəyyən edilir.

İbtidai məktəblər keyfiyyətli təhsili təmin etməlidir. Buna Təhsil Müfəttişliyi nəzarət edir. Təhsilin keyfiyyətinin qaldırılmasında hökümət çox maraqlıdır və bu istiqamətdə xüsusi investisiyalar ayırır.

Şagirdlər il boyu 5 dəfə (payız, yeni il (kerst), yaz, may və yay) tətilə buraxılır. Yay tətili cəmi 42 gün (bir ay 12 gün) davam edir.

Qısa şəkildə də olsa, Niderlandda ibtidai (əsas) təhsili xarakterizə etməyə cəhd göstərdim. Növbəti yazım isə orta təhsil haqqında olacaq.

Ardı var...


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin