“Yeni Nəfəs”, yeni həvəs...

Hazırda oxunan: “Yeni Nəfəs”, yeni həvəs...

38338

Eks-spiker Rəsul Quliyevin, bu günlərdə Almaniyada siyasi sığınacaq alan keçmiş deputat Hüseyn Abdullayevin və Penitensiar Xidmətin Güzdəkdəki 13 saylı cəzaçəkmə müəssisəsində günlərini sayan keçmiş səhiyyə naziri Əli İnsanovun “Yeni Nəfəs” adlı partiya yaratmağa hazırlaşdıqları barədə dünən mətbuatda yayılmış informasiyaya münasibət bildirilən kimi okeanın o tayına müraciət edərək xəbirn doğru olub-olmamasını ilk mənbədən dəqiqləşdirmək istədim. Ancaq həmişə mənimlə həvəslə ünsiyyətdə olan Rəsul müəllimin israrıma rəğmən susqunluq nümayiş etdirməsi dalağımı qıdıqladı ki, sən öləsən, deyəsən torbada pişik, daha doğrusu, yeni nəfəs var. Amma bu nəfəsin elə beşikdəcə kəsilməməsi və ya boğulmaması üçün düşündüm ki, tövsiyyələrim təşkilatçılara faydalı olar.

Amma əvvəlcə bir necə cümləlik zəruri qeyd...

Əvvəla, hələ də belə bir projenin gerçəkləşəcəyinə inanmağım gəlmir. Çünki hər üç şəxs xarakterlərinə və siyasi dünyagörüşlərinə görə tamam başqa dünyanın adamlarıdır və onların bir yerdə dil tapacaqlarına inanmaq ilanla bir yorğanda yatmağın mümkünlüyü qədər adama heyrətamiz gəlir. Başqa bir vacib məqamsa təsisçilərdən birinin Amerikada, o birinin Almaniyada, üçüncününsə hələ də həbsxanda olması və sonuncunun çox böyük ehtimalla bütün cəzasını son saatadək çəkəcəyidir. Avropa Məhkəməsinin hakimləri gəlib Ali Məhkəmənin qarşısında piket keçirsələr belə, heç inanmağım gəlmir ki, onu tezliklə buraxalar. Çünki bu hakimiyyətin çikini-pikini bilən beş-üç adamdan biri və liderlik keyfiyyətinə malik Əli İnsanovun qısa zamanda poppulyarlaşaraq hakimiyyətə başağrısı olacağı ehtimalını başbilənlər nəzərə almamış deyillər. Onunsa “srok”u hələ 3 il sonra bitir və ən azı “Yeni Nəfəs” zühur etsə belə növbəti parlament seçkilərində təsisçilərdən biri müttəfiqlərinə zindandan dəstək verməli olacaq. O birilərsə osuz da didərgin həyatlarına davam edirlər. Ancaq təcrübə göstərdi ki, sifarişlə Həcc olmadığı kimi uzaqdan idarə edilmə mexanizmləriylə də siyasi təşkilatı qələbəyə aparmaq fuflo söhbətdir. Bəs “Yeni Nəfəs”ə Bakıda nəfəs verəcək dördüncü lider kim olacaq? Bax bu da çətinliyi artırılmış suallar qisminə aiddir...

Başqa bir maraqlı məqamsa təsisçilərin özlərini “demokratik düşərgə” adlandıran firqəyə qarşı hansı məsafədə dayanacaqlarıdır. Biri Amerikada müxalifəti tənqid etməkdə, o biri keçmişdə olanlara görə müxalifət liderlərindən üzr istəyib, Almaniyadakı siyasi mühacirsə hələ siyasət meydanında ilk akkordlarını çalmaqda, siftəsi də korlanmış vəziyyətdə...

İndi isə keçək vəd etdiyimiz tövsiyyəyə. Azərbaycanda bir ənənə var ki, hər hansı işdə uğur qazanmaq istəyənlər onu reallaşdırdıqları günə deyil, hətta anadək məxfi saxlamağa çalışırlar. Yəni əgər belə bir niyyət var idisə, onu kiminsə vasitəsilə indidən ortaya atmağa gərək yox idi. Bundan başqa mən yeni təşkilatın ideoloqlarına klassik müxalifətin ünvanına tənqidlərdən imtina etməyi məsləhət görərdim, əks halda şeytana papış tikən bu qocaman siyasi xadimlər nəfəsinizi elə kəsərlər ki, təşkilatınızın adı belə, yadınızdan çıxar. Nəhayət, heç vaxt hakimiyyətlə konstruktiv münasibətlərdən və dialoqdan-filandan bəhs etməyin, bunu qarşı tərəf bir zavallılıq əlaməti kimi yozacaqlar. Çünki bunların kitab-dəftərinədə dialoq başqa cür anlaşılır...


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin