Konqo və Ruanda arasında baş katib postu uğrunda gərginlik yaşandı

Hazırda oxunan: Konqo və Ruanda arasında baş katib postu uğrunda gərginlik yaşandı

647901

Fransa Prezidenti Emmanuel Makron Kambocada keçirilən Beynəlxalq Frankofoniya Təşkilatının (OIF) sammitində üzv dövlətləri birliyə çağırıb. Təşkilatın yeni baş katibinin seçilməsi ilə bağlı Konqo Demokratik Respublikası (KDR) və Ruanda arasında yaranan diplomatik qarşıdurma sammitin əsas müzakirə mövzularından birinə çevrilib.

Bizim.Media  xəbər verir ki, bu gün Pnompendə işə başlayan sammitdə təşkilatın 53 üzv dövlətinin dövlət və hökumət başçıları iştirak edir.

Görüşlərin əsas mövzusu “Ortaq rifah və davamlı sabitlik naminə sülhə yenidən investisiya qoyuluşu” olsa da, diqqət daha çox yeni baş katibin seçilməsi ətrafında yaranan fikir ayrılıqlarına yönəlib.

Təşkilata səkkiz il ərzində, iki müddət baş katib kimi rəhbərlik etmiş Ruanda təmsilçisi Luiza Muşikivabonun yenidən seçilməsinə KDR etiraz edir. Kinşasa Ruandanı ölkənin şərq əyalətlərində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verməkdə ittiham edir. Buna cavab olaraq, KDR öz namizədini – Konqo müstəqillik hərəkatının tanınmış lideri Patris Lumumbanın qızı Culiana Lumumbanı irəli sürüb.

Digər namizədlər arasında Rumıniyanın keçmiş baş naziri Daçian Çoloş və Mavritaniyanın sabiq naziri Kumba Ba da var.

KDR rəhbərliyi Ruanda nümayəndəsinin yenidən seçiləcəyi təqdirdə ölkənin təşkilatı tərk edə biləcəyi barədə xəbərdarlıq edib. Belə bir qərar fransızdilli əhalisinin sayına görə dünyada Fransadan sonra ikinci yerdə olan ölkənin OIF-dən ayrılması demək olardı.

Gərginliyi azaltmaq məqsədilə Emmanuel Makron Ruanda Prezidenti Pol Kaqame ilə telefon danışığı aparıb, KDR, Ruanda və Mavritaniyanı ortaq razılığa gəlmək üçün məsləhətləşmələrə çağırıb.

Bununla belə, Ruanda tərəfi Parisin öz namizədliyini geri götürməsi üçün təzyiq göstərdiyini iddia edib. Makron isə sammitdəki çıxışında Frankofoniyanın daxili parçalanmalar meydanına çevrilməməli olduğunu vurğulayaraq, təşkilatın əsas gücünün birliyində olduğunu bildirib.

Baş katibin seçilməsi ilə bağlı mübahisələr Frankofoniyanın gələcəyi və beynəlxalq nüfuzu məsələlərini də gündəmə gətirib. Qeyd edək ki, Burkina-Faso, Mali və Niger 2025-ci ildə təşkilatda üzvlüklərinin dayandırılmasından sonra OIF-dən ayrıldıqlarını elan etmişdilər.

Sammitin yekununda üzv dövlətlərin liderləri tərəfindən böhran vəziyyətləri, münaqişələrin həlli və sülhün möhkəmləndirilməsi ilə bağlı birgə bəyannamə və qətnamənin qəbul edilməsi gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin