Türkiyədəki Ağrı dağı yaxınlığında Nuhun Gəmisi ilə bağlı aparılan axtarışlar nəticəsində əldə edilən məlumatlar bəşəriyyəti heyrətləndirməyə hazırlaşır.
Bizim.Media xəbər verir ki, NTV telekanalının məlumatına görə, bu iddianı beynəlxalq tədqiqat layihəsinin rəhbəri, Sivas Universitetinin (Türkiyə) professoru Cenker Atila səsləndirib.
"Ağrı dağı yaxınlığında Nuhun Gəmisi axtarışları üzrə 2026-cı ilin çöl tədqiqat mövsümü başa çatıb. Qazıntılar zamanı Böyük Daşqından əvvəlki dövrə aid olduğu ehtimal edilən gil qablar aşkar edilib. Torpaq nümunələri təhlil üçün Ankaraya göndərilib və bu proses hazırda davam edir. Hələlik 100% dəqiq nəticəyə sahib olmasaq da, bəşəriyyəti heyrətləndirəcək məlumatlara malikik. Bu tapıntılar tezliklə elmi məqalələrdə və kitablarda dərc olunacaq", - deyə alim bildirib.
Tədqiqat Ağrı dağından 28 km aralıda yerləşən və konturları nəhəng bir gəmini xatırladan Durupınar bölgəsindəki qaya üzərində aparılır. Onun uzunluğu 164 metrdir ki, bu da Gəminin ölçüləri kimi göstərilən 300 dirsəyə (qədim ölçü vahidi) uyğun gəlir.
Professor Atila daha əvvəl Nuhun Gəmisi axtarış layihəsinin iyun ayının sonlarında başladığını açıqlamışdı. Təşəbbüsdə beş ölkədən təxminən 20 alim iştirak edir. Axtarış ərazisinin xüsusi 3D modelləri və GPS koordinatları hazırlanıb, həmçinin ABŞ ordusu tərəfindən istifadə olunan radar sistemləri vasitəsilə geoloji skanlama həyata keçirilib.
Bibliya ənənəsinə görə, Nuh peyğəmbər Uca Yaradanın əmri ilə ailəsini və heyvanları Böyük Daşqından xilas etmək üçün bir gəmi inşa edib. Sular çəkildikdən sonra gəmi Ağrı dağı yaxınlığında qalıb. 1949-cu ildə gizli tapşırıq yerinə yetirən ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Durupınarda geoloji bir formanın (sonradan elmi ictimaiyyət bunu anomaliya adlandırıb) şəklini çəkib.


Bizim.Media




































































































