Bu səhər Rusiya ordusu Xarkova idarəolunan aviasiya bombaları (KAB) ilə zərbələr endirərək çoxmərtəbəli yaşayış binasını vurub. 20-dən çox insan xəsarət alıb. Onların arasında çoxlu uşaq da var.
Bizim.Media xəbər verir ki, Xarkov meri İqor Terexov bildirib ki, səhər saat 4 radələrində Rusiya qüvvələri şəhərin iki rayonuna – Kiyevski və Saltovski rayonlarına zərbələr endirib. Saltovski rayonunda idarəolunan aviasiya bombası yaşayış binasına düşüb.
Terexov qeyd edib ki, düşmən zərbəsi yaşayış binasının ikinci mərtəbəsinə dəyib və nəticədə həm ikinci, həm də üçüncü mərtəbələr dağılıb. Xəsarət alanların sayı sürətlə artır; ilkin məlumatlara görə doqquz nəfər yaralanmışdı, lakin bir saat ərzində bu rəqəm iyirmiyə çatıb.
Səhər saat 6:30-a olan məlumata görə, səkkizi uşaq olmaqla 22 nəfər xəsarət alıb.
Xarkov Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib ki, 12 və 8 yaşlı oğlanlar xəstəxanaya yerləşdirilib.
3 yaşlı qız, 9 yaşlı oğlan, 7 yaşlı qız, 10 yaşlı oğlan, 15 yaşlı qız və 10 yaşlı oğlana hadisə yerində tibbi yardım göstərilib. O, həmçinin zədələnmiş binanın fotolarını paylaşıb. Şəkillərdə dağılmış divarlar və mənzillərdə sınmış pəncərələr görünür.





Bizim.Media







































































































